Padşahlıq arzusu ilə yaşamayın

Rauf Mirqədirov

 

İnsan allahlıq iddiasında olmalıdır

Bir çoxları deyəcəklər ki, bu Mirqədirov lap ağlını itirib. İndi allahlıq iddiasındadır. Bir sözlə, allahsızlara qoşulub. Bir qədər səbriniz olsun. Elə deyil.

Amerikalı rejissor Oliver Stounun Putin haqqında çəkib başa vurduğu sənədli filmdə maraqlı bir səhnə var. Stoun “qeyri-məhdud hakimiyyətə” malik Putindən doğrudanmı “Rusiya çarı” olmaq istədiyini soruşur və “Əsas odur ki, malik olduğun hakimiyyətdən düzgün istifadə edəsən”,- cavabını alır. Düşünürəm ki, məntiqi olduğu qədər də qeyri-səmimi cavabdir. Düzdür, Putin qeyri-məhdud hakimiyyətə malik olduğunu inkar etmir. Amma düşünməyin ki, səmimi, gerçəkliyi gəbul edən insan olduğu üçün bu etirafı edir. Əsla yox. Tanınmış amerikalı rejissor tərəfindən səsləndirilən bu tezis onun Rusiyada yeganə söz sahibi olduğunun beynəlxalq aləm tərəfindən qəbulunun təsdiqidir. Putinin Rusiyada yeganə söz sahibi olmasının bütün dünya tərəfindən etirafı isə həm beynəlxalq aləmdə, həm də ölkə daxilində onun mövqelərini möhkəmləndirir.

Putin özünü Rusiyanın çarı elan etməyə hazırlaşmadığını bəyan edir. Amma bunun hakimiyyətin və səlahiyyətlərin qeyri-məhdudluğu ilə heç bir əlaqəsi yoxdur. Bütün avtoritar liderlər kimi Putin üçün də “çox hakimiyyət” deyil, “az hakimiyyət” problemi var. Putin gözəl başa düşür ki, mütləqiyyətin bərpasının mümkünlüyü ilə bağlı söz-söhbətlərin gerçəkləşdirilməsi cəhdləri onun üçün müxtəlif xarakterli ciddi problemlər yarada bilər. Birincisi, mütləqiyyətin bərpası mütləq hakimiyyətin bərpası demək deyil. Bu gün ən azından Avropa məkanında mütləq hakimiyyətə malik mütləqiyyətlər dəbdə deyil. İngiltərə kraliçası ilə İspaniya kralının gündəlik idarəetmə işlərinə müdaxiləsi isə minimum, daha doğrusu, sıfr səviyyəsindədir.

İkincisi, Rusiyada mütləqiyyətin bərpasının öxünəməxsus problemləri var. Ən əsas problem isə ondan ibarətdir ki, cənab Ulyanov Romanovlar sülaləsinin kökünü kəsə bilməyib. Romanovlar evi rəsmi olaraq hələ də mövcuddur. Putininsə bu ailə ilə heç bir qohumluq əlaqəsi yoxdur. Əgər Putinin çarlığı Romanovlar evi tərəfindən qəbul edilməzsə, bu amil həm legitimliklə bağlı, həm də pravoslav kilsəsi ilə münasibətlərdə ciddi problemlər yarada bilər. Unutmaq lazım deyil ki, Romanovlar evinin son çarı Rus Pravoslav Kilsəsi tərəfindən “müqəddəs şəhid” elan edilib.

Və nəhayət, üçüncüsü, Putin özünün malik olduğu qeyri-məhdud hakimiyyətlə mütləq hakimiyyət arasındakı fərgi hamıdan yaxşı başa düşür. Unutmaq lazım deyil ki, dünyəvi hakimiyyət, mahiyyətindən asılı olmayaraq, siyasət adamları ilə cəmiyyət arasındakı sövdələşmə əsasında formalaşır. Başqa sözlə desək, bu alverdə siyasətçilərin tərəf mügabili vətəndaşlar toplusu, yəni xalqdır.

Bu amil ictimai fikirlə qeyri-məhdud manipulyasiya imkanları yaradır. Bu gün özünü solçu, sabah isə sağçı, bir gün dindar, səhərisi isə ateist elan edə bilərsən. Cəmiyyətin müqavimət gücünü qırıb onun iradəsini hakimiyyətə tabe etdirən məlum kompleks tədbirlər öz yerində. Bütün bunların hamısı isə xalq iradəsinin təzahürü kimi təqdim olunur. Bir sözlə, hakimiyyətin qeyri-məhdudluğunun təmini üçün hüdudsuz improvizasiya, manevr və yaradıcılıq imkanları açılır. Təsadüfi deyil ki, müasir dünyada bütün avtoritar hakimiyyətlər və diktaturalar özlərini respublika adlandırır. Çalar fərqlərinin elə bir əhəmiyyəti yoxdur.

Mütləq hakimiyyətin isə diametral fərqli mahiyyəti var. Bu tip sistemlərdə hakimiyyətə iddia edənlərin tərəf müqabili Allahdır. Özü də bu münasibətlərdə heç bir alver nəzərdə tutulmur. İddiaçı dini doqmalardan ibarət və onun hakimiyyətinin sərhədlərini müəyyənləşdirən hazır sövdələşməni qəbul etmək zorundadır. Burada heç bir manevr, heç bir manipulyasiya imkanı yoxdur.

Bəziləri düşünə bilərlər ki, mən mütləqiyyət tərəfdarıyam. Əsla yox. Bölüşmək istədiyim mətləblər başqadır.

Bir neçə gün bundan əvvəl Hamburqda ABŞ prezidenti Donald Trampın Putinlə çoxdan gözlənilən görüşü axır ki baş tutdu. Mənim üçün maraqlı olanı bəzi ABŞ və Rusiya dövlət adamlarının bu görüş ətrafında yaratmaq istədikləri mənəvi ovqatdır. ABŞ Dövlət Katibi Tillerson çox böyük sevinclə bəyan etdi, Putinlə Tramp arasında “kimyəvi proses” baş tutub. Yəni onlar bir-birinə qarşı mənəvi doğmalıq hiss ediblər. Bu cür bəyanatları eşıdəndə məni dəhşət bürüyür. Axı söhbət PUTİNİN yeni seçilmiş ABŞ prezidentində doğurduğu hisslərdən gedir. Düşünürəm ki, 2008-ci ilin avqustundan bu yana bütün baş verənlərdən sonra dünyada Putinin hansı yuvanın quşu olduğunu bilmək istəməyənlər tapıla bilər, amma bilməyənlər tapılmaz.

Putinin hansı yuvanın quşu olduğunu bilmək istəməyənlər isə yalnız onun özü kimilərdir. Belə çıxır ki, mənəvi dəyərlərinə görə, Tramp və Tillerson Putin və Lavrovdan fərqlənmirlər. Özü də problem Trampın Putinlə bir masa arxasında oturub mövcud beynəlxalq münaqişələrin həlli yollarını axtarmasında deyil. Bu problemlərin bir çoxunu Rusiyasız həll etmək mümkün deyil. Ən azından ona görə ki, həmin problemlərin bir çoxunun yaranma mənbəyi Putin Rusiyasının özüdür.

Məni dəhşətə gətirən Trampın Putinə olan simpatiyasını gizlətməyə belə ehtiyac duymamasıdır. Tramp Putinə simpatiyası olduğunu nümayiş etdirməkdən utanmır. Bu dəhşətli gerçəkliyi araşdırmağa dəyər. Ən bəsiti bütün problemlərimizdə Tramp və Putin kimi qlobal miqyaslı söz sahiblərini günahlandırmaq olardı. Bundan asan nə var ki?! Amma onda belə bir sual meydana çıxır: Tramp kimlərdən utanıb-çəkinərək Putinə olan simpatiyasını gizlətməyə çalışmalı idi?! Sözsüz ki, maraqlarla müqayisədə dəyərlərə daha çox önəm verən insanların mövcudluğu Trampı buna məcbur edə bilərdi. Amma etmədi. Deməli, yalnız ABŞ-da deyil, bütün dünyada dəyərlərə önəm verən insanların sayı kritik həddə çatıb.

Fyodor Dostoyevskinin “Karamazov qardaşları” əsəri yadıma düşdü. Romanın əvvəlində bu gün də aktuallığını itirməmiş çox maraqlı bir mübahisə var. Əsərin gəhrəmanları bir sualın cavabını axtarırlar: din dövlətə, yoxsa əksinə dövlət tədricən dinə çevrilməlidir. Başqa sözlə desək, mənəviyyat daşıyıcılarının hakimiyyətə gəlməsi kifayətdirmi, yoxsa hakimiyyət tədricən kamilləşərək mənəviyyatlaşmalıdır?! İlk baxışdan tavtalogiyaya bənzəyir. Amma tavtalogiya deyil.

Əslində həm xristianlığın, həm də islamın tarixi dinin hakimyyətə çevrilməsi səlnaməsidir. İmperator Konstantinin hakimiyyəti dövründə (285-337-ci illər) xristianlıq Roma imperiyasının hakim dininə çevrildi. Bu o deməkdir ki, xristianlıq təxminən 300 ilə yaxın dövlətlə münasibətdə müxalifətdə olub. Hakimiyyətə çevrildikdən sonra xristianlıqda maraqlı bir transformasiya prosesi getdi. Mariya Magdalina haqqındakı rəvayəti yada salaq. İsa Peyğəmbər əslində əxlaqsızlıqda ittiham olunan bir qadının Yaradanın adı ilə daş-qalaq olunaraq edam edilməsinin qarşısını alır. O, əslində bəyan edir ki, heç bir kəs, o cümlədən o, Allahın adı ilə insan qətlinə hökm verə bilməz. Orta əsrlərdə isə kilsə minlərlə insanı Allahın adı ilə tonqallarda yandırdı.

İslamın dövlətə çevrilməsi prosesi daha tez başa çatdı. Bunun üçün İslama 20 il kifayət etdi. 630-cu ildə Məkkə təslim olandan sonra İslam bütün Ərəbistan yarımadasının hakim dininə və vahid hakimiyyətinə çevrildi. Bir müddət sonra müsəlman intibahı dövrü başladı. Lakin islam da xristianlıq kimi transformasiyaya məruz qaldı. Xristianlıqdan fərgli olaraq islam bu gün də dövlətlə münasibətlərini dövrün tələblərinə uyğun yenidən qura bilmir. Əslində islam bu və ya digər variantda yenidən xilafət dövrünə qayıtmağa və dövlətin bütün funksiyalarını öz əlində cəmləşdirməyə çalışır.

Dinin dövlətə çevrilməsinin acı nətəcələrini həm xristian, həm də müsəlman ölkələri kifayət qədər yaşayıblar. Problem ondan ibarətdir ki, əksər xristian dövlətlərindən fərqli olaraq, islam dünyasında bu acını insanlara yenidən yaşatmaq meylləri bu gün də çox güclüdür.

Bir sözlə, dinin dövlətə transformasiyası ədalətin tənnənəsini təmin edə bilmədi və edə də bilməzdi. Dəyərlərin bu və ya digər maraqlar toplumuna qurban verilməsi qaçılmaz idi. Bu proses dəyərlərin, yəni mənəviyyatın aşınması ilə yanaşı onların dövlət zorakılıq sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməsinə gətirib çıxartdı.

Liberal-demokratik dəyərlər toplusunun işlənib-hazırlanmasına baxmayaraq, bəşəriyyət hələ də bu mənəvi aşınma mərhələsini adlaya bilməyib. Yenə də Tramp və Putindən misal gətirmək istəyirəm. Bir müddət əvvəl insan qətllərində şəxsi iştirakını etiraf edən, antiterror əməliyyatlarında iştirak edən əsgərlərin hər birinə üç gadını zorlamağı icazə verən Filippin prezidenti Duterteni Putin Kremldə gəbul, Tramp isə “yaxşı oğlan” adlandırıb Ağ Evə dəvət etdi. Duterte də borclu qalmadı. Putini özünün “kumiri” adlandırdı. Və heç kim utanıb-qızarmadı.

Mənəviyyatın siyasi hakimiyyət üzərində təntənəsinin yalnız bir yolu qalır. Əslində bu yol hamıya, o cümlədən, islam dünyasına çoxdan məlumdur. Düsturu da çox sadədir: kamil insan – kamil cəmiyyət – kamil dövlət. Bunun üçün isə insanın adil padişah axtarışından əl çəkib Allahlıq iddiası ilə yaşaması kifayətdir…

Əlaqəli məqalələr

1 şərh

  1. Ağılsız adam qatıqlayanda, bunun ağılsızlığını hamı dərk edə bilir və çox zaman heç fikir vermirlər, lakin ağıllı kimi görünən adam zahirən gözəl fikirlərdən, terminlərdən, müxtəlif sitatlardan istifadə edib ağılsız adamdan da betər qatıqlayanda qalırsan çaş-baş: ya gərək bu qatıqlamanın hər bir kəlməsini, abzasını və sonra bütövlükdə dediyinin demaqoqik çərənnəmə olduğunu təhlil edib təqdim edəsən, ya da öz vaxtına qənaət edib və öz enerjinə yazığın gəlib buraxasan bu ikincinin sayiqlamalarını başdı-başına…

    Lakin düşünürsən ki, axı artıq bu sayıqlayan “ağıllının” cəmiyyətdə “ağıllı adam” kimi imici formalaşıb və savadı olmayan insanlar, yəni cəmyyətin əksəriyyətini təşkil edən insanlar, bunun sayıqlamalarını “böyük bir mütəfəkkir sözü” kimi qəbul edəcək və bu sayıqlamaları böyük hörmət-izzətlə təkrar edib bir-biriylə bölüşüb-müzakirə edəcəklər…

    Bəs axı nə etməli!… Bu demaqogiyadan, səviyyəsiz, yalançı təhlilllərdən bu savadsız kütləni necə qorumalı?!…

    Üstə gəl problemi dərinləşdirən odur ki, bu sayıqlayan “ağıllı” da, bu savadsız kütlənin əksəriyyəti də – eyni cərayanın yetirmələridir – hər ikisi AXC şinelindən çıxanlardır, və sözsüz ki, sənin hər hansı ən dahi dediklərin kütlə üçün yad olacaq, “ağıllının” sayıqlamaları isə – doğma!…

    Ona görə millətin atalarının sözünü: “Eşşək nədir – zəfəran-plov nə bilir!” – yada salırsan və öz-özünə deyirsən ki: “Əşşi, mənlik deyil, mən daha yoruldum bunlara ağıl öyrətməkdən! Qoy nə istəyirlər onu da etsinlər! Bunları ağıllandırmaq mümkün məsələ dəgil!…” Və gedirsən öz işinin dalıyca…

    Lakin getməkdən əvvəl mən bizim savadsız kütlə üçün yalnız bir məsələni qeyd etmək istəyirəm ki, sonra dara düşəndə deməsinlər ki: Sən bizi saymadun! Sən bizə həqiqəti demədin, bizi ağılsız hərəkətlərdən qorumadın!…”

    Putini sözsüz ki, bir çox məsələlərdə (diktatura, total monopoliya, korrupsiya, oliqarxiya məsələlrində) günahlandırmaq olar… Lakin!.. Bütün bunlara baxmayaraq Putinin Rusiya üçün, onun tarixi və gələcəyi üçün – müstəsna dərəcədə misilsiz rolu və dəyəri var, ki bunu danmaq qanmazlıq və nadanlıqdır!…

    Putin artıq çökmüş, dilsiz-ağızsız Rusiyanı dizdən qaldırdı və SSRİ-nin qüdrətini Rusiyaya qaytardı, və 90-cı illərdə onuncu dərəcəli ölkəni yenidən dünyanın birinci dərəcəli ölkə səviyyəsinə qaldırdı!… Bunu dünya tarixində hər bir hökmdar edə bilməyib və edə də bilməz!… Putin isə bunu etdi!…

    Əgər bizim prezidentlər istər Heydər Əliyev, istər İlham Əliyev, Putinin elədiyinin heç olmasa onda birini etsəydilər, yəni itirilmiş torpaqları da qaytarardılar və hətta Azərbaycanı dünyanın birinciləri sırasına qaldıra bilsəydilər və heç olmasa indiki Rusiyada natamam olsa da yalnız var olan demokratiyanın yarısı qədər demokratiya şəraitini Azərbaycanda yarada bilsəydilər onda bunlara bu dərəcədə nifrət bəsləyənlər nakişi və naşükür olardı!…

    Nə isə…

    Azərbaycanda bir-neçə nəfər çox səviyyəli analitiklər var, lakin Rauf Mirqədirov heç zaman onların siyahısında olmayıb və olmayacaq da… Rauf daha çox öz keçmış kolleqası olan Nurani təki dünya mediyasının və ilk növbədə Qərb yönümlü yazarların dediklərini-yazdıqlarını Azərbaycan müstəvisində dublikat etməklə tanınan yazarlardır ki, ciddi adam bunların yazılarına heç zaman ciddiyə qəbul etməz və bunlara əhəmiyyət verməz!…

    Oqtay Ataxan

    11.07.2017.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button