“Paket”lərdə gələn pullar – Böyük rəhbərlərin kiçik maaşları

SSRİ rəhbərlərinin şəxsi həyatları, yaşam tərzi sovet dönəmində nə qədər gizli və qapalı saxlansa da, ölkə dağıldıqdan sonra açılan arxivlər bu şəxslərin həyat tərzlərinin bütün məqamlarını eninə-boyuna ictimaiyyətə təqdim etdi. Hətta arxivlər sovet liderlərinin ciblərini də açıb göstərdi.

Kommunizmə doğru gedən bu siyasilərin nə qədər əməkhaqqı aldıqları, əlavə gəlirləri və bu pulların nəyə sərf edildiyi, təbii ki, bu gün də maraq doğurur. Bu marağı nəzərə alaraq sovet liderlərinin qazancları haqqında yazını təqdim edirik.

Vladimir İliç Leninin aylıq maaşı 500 rubl olub. Proletariatın rəhbəri bütün mükafatlardan, dövlət büdcəsi hesabına digər güzəştlərdən qəti şəkildə imtina edib və bunu yolverilməz sayıb, ən adi məişət xərclərinin dövlət hesabına ödənilməsinə yol verməyib. Hətta 1918-ci ildə infilyasiya ilə bağlı maliyyə məmuru Leninin maaşını 800 rubla qaldıranda rəhbər ona bu “səxavətinə” görə şiddətli töhmət verib.

İosif Stalin bir müddət 225 rublla kifayətlənib. 1935-ci ildə onun maaşı 500 rubla qaldırılıb. Daha bir müdətdən sonra isə Stalin ölkəni idarə etməyinə görə 1200 rubl maaş alıb.

Stalinin qızı Svetlana atasının pula münasibətilə bağlı xatirələrində yazıb: “Atamın pullarını zərflərdə gətirirdilər. Bu zərflərə atamın yaşadığı bağın istənilən otaqlarında rast gəlmək mümkün idi. Atam, demək olar ki, pul xərcləmirdi. Daha doğrusu, xərcləməyə yeri yox idi. Ev, bağ, məişət xərcləri, ərzaq, paltar, xidmət personalının maaşları, bir sözlə, bütün xərclər dövlət hesabına ödənilirdi. Bunlarla məşğul olmaq üçün KQB-də xüsusi idarə yaradılmışdı. Onların bütün bunlara nə qədər vəsait xərclədikləri isə məlum deyildi”.

Stalin heç vaxt özü ilə pul gəzdirməyib. Əgər qəfil pul lazım olubsa, mühafizəçilərindən götürüb. Təbii ki, qaytarmaq şərtilə. Bu haqda mühafizəçisi Aleksey Rıbin xatirələrində də yazıb: “Stalinin üstündə heç vaxt pul olmazdı. Təcili pul lazım olduqda isə bizdən götürərdi. Belə hadisələr əsasən səfərlərdə olurdu. Yaxşı xatırlayıram, Soçidə olarkən Stalin parkın yanında maşını saxlatdırıb düşdü. Onu görcək ətrafdakılar başına yığışdı. Uşaqlar daha çox idi. Stalin Vlasikə göstəriş verdi ki, uşaqları konfetə qonaq etsin. Yaxınlıqda şirniyyat köşkü var idi. Satıcısı da gürcü idi. Vlasik həmin köşkdən iki iri qutu konfet gətirib uşaqlara payladı. Bir azdan biz geri döndük. Axşamüstü Stalin Vlasikdən soruşdu:

– Sən o satıcının pulunu ödədinmi?

– Xeyr, yoldaş Stalin imkan tapa bilmədim.

– Təcili get satıcı ilə hesablaş.

Vlasik elə həmin andaca köşkə gedib konfetlərin pulunu ödəmişdi. Ancaq Stalin onu pul ödəməyə göndərəndə pul verməmişdi. Çünki üstündə pulu yox idi”.

Nikita Xruşov ölkəni idarə etdiyinə görə 800 rubl alıb. Bu məbləğ həmin dövrdə orta aylıq əmək haqqından 9-10 dəfə çox olub. Xruşovun da qəfil xərclərini mühafizəçiləri ödəyib. Nikita Sergeyeviç bir neçə dəfə kütlələr qarşısında bəyan edib ki, dövlət başçısının cibində pul olması o qədər də vacib deyil.

Leonid İliç Brejnevin pula münasibəti tamam fərqli olub. O pulla yanaşı, böyük pullara alınmış mükafatları da sevib. Leonid İliç yaratdığı durğunluğa görə, hər ay 1200 rubl qazanıb. Onun dövlətdən aldığı pullar bununla yekunlaşmayıb. 1973-cü ildə özünü Lenin mükfatına layiq görən baş katib 25 min rublu bu vasitə ilə əldə edib. 1979-cu ildən başlayaraq Brejnev “yazdığı” “Kiçik torpaq”, “Dirçəliş” və “Xam torpaq” kitablarına görə böyük məbləğlərdə qonorarlar alıb. Qeyd edək ki, bu kitablar hər birisi ayrı-ayrılıqda 15 milyon tirajla çap olunub. Bu tirajdan əldə olunan qonorarın məbləğini təsəvvür etmək o qədər də çətin deyil.

1956-1996-cı illərdə Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsində zabit kimi işləmiş Aleksey Salnikov SSRİ rəhbərlərinin pula münasibəti haqqında danışanda Brejnevlə bağlı bəzi hadisələri xüsusilə vurğulayıb: “Digər rəhbərlər kimi, Leonid İliç də üstündə pul saxlamırdı. Əvvəlkilər hardasa pul ödənişi etmək lazım olanda mühafizəçilərinə və köməkçilərinə bu haqda göstəriş verirdilər. Brejnev isə heç bunu da etmirdi. Brejnevə pulları, maaşını, qonorarları, mükafatları zərflərdə gətirirdilər. Zərfləri seyfə yığırdıq. Axşam isə yaşadığı evə bir topa zərflə qayıdırdıq. Brejnev özünəməxsus kişi idi, pula, vara-dövlətə meylliliyi də özünəməxsus idi”.

Image result for yuri andropov

Yuri Andropovu aylıq maaşı o qədər də maraqlandırmayıb. Rəhbərliyə gəlişindən sonra o əmək haqqısının 800 rubla endirilməsi haqqında göstəriş verib. Çünki keçmiş KQB şefi əlavə gəlir yerini müəyyənləşdirib. Brejnevin qonorar qazancından nümunə götürən Andropov elə ay olub ki, 8 min rubl qonorara qol çəkib. Bu həmin dövr üçün böyük məbləğ sayılıb.

Konstantin Çernenkonun aylıq maaşı 1250 rubldan 1720 rubla qədər olub. Çernenko da siyasi nəşrlərindən az qazanmayıb. Müntəzəm aldığı qonorarların məbləği 4-5 min rubla çatıb.

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov 500 rubl maaş alıb. O, 1990-cı ildə baş katib və prezident vəzifələrini birləşdirəndə aylıq maaşı 3 min rubla qalxıb.

Faktlara nəzər yetirəndə SSRİ liderlərinin qazancları heç də pis olmayıb. Ancaq onlar qazandıqları pulları xərcləyə bilməyiblər. Çünki xərcləməyə yerləri olmayıb. Necə deyərlər, hər şey havayı…

İlham Cəmiloğlu, xüsusi olaraq Musavat.com üçün

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button