Parlament seçkiləri 2015: Müxalifət blok yaradır, hakimiyyət kadrlarını dəyişir…
VII hissə
Əvvəlki hissəni buradan oxuya bilərsiz.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Bu, Azərbaycanın 33 illik müstəqillik dövründə VII parlament seçkiləri idi.
Onlardan yalnız ikisi – 2020 və 2024-cü il seçkiləri növbədənkənar təyin olunub. Həmçinin 1995 və 2000-ci il seçkiləri qarışıq sistemdə, proporsional və majoritar qaydalarda baş tutub.
Meydan TV tarixi proseslərə ekskurs edərək müxtəlif dövrlərdə keçirilmiş parlament seçkiləri ərəfəsində yaşananları bir daha xatırlatmaq qərarına gəlib.
Bir neçə hissədən ibarət məqalə həmin dövrlərdə nəşr olunan mətbu orqanlarda yazılanlar əsasında hazırlanıb.
Blokdan cəmi 5 namizəd
2015-ci il Milli Məclis seçkilərinə siyasi qüvvələr fevral ayından start vermişdi.
Fevralın 4-də 8 siyasi partiya “Azadlıq-2015” adlı seçki blokunun yaradıldığını elan etdilər.
Bloka Xalq (AXP), Azadlıq, Klassik Xalq Cəbhəsi ( KXCP), Aydınlar, Azad Demokratlar (AzDP), Vətəndaş və İnkişaf (VİP), Böyük Azərbaycan (BAP) və Liberal Demokrat (ALDP) partiyaları daxil idi.
Seçki qərargahının Əsasnaməsinin yaradılması Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyliyə, seçki platformasının hazırlanması isə AXP sədri Pənah Hüseynə və AzDP sədri Sülhəddin Əkbərə həvalə edildi.
Sentyabrın 4-də MSK parlament seçkilərində iştirak üçün siyasi partiyaların “Azadlıq 2015” seçki blokunu qeydiyyata alıb. Xalq Partiyasının lideri Pənah Hüseynin “Turan”a verdiyi məlumata görə, blok 78 dairə üzrə vahid namizədlərini irəli sürüb. Yaxın günlərdə daha bir neçə dairə üzrə namizədlərin razılaşdırılması nəzərdə tutulur. Pənah Hüseyn hesab edib ki, ölkədə demokratik seçkilər üçün şərait yoxdur, amma bununla belə, blok seçki kampaniyasından ölkədə demokratikləşmə uğrunda mübarizə vasitəsi kimi istifadə etməyi qərara alıb.
Oktyabrın 2-də məlum oldu ki, blokun 5 namizədi qeydə alınıb.
Müsavat, ReAL və NİDA birgə seçkilərə qatılır
Sentyabrın 3-də parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, “ReAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəldilər.
Hər üç təşkilatın birgə yaydıqları bəyanatda qeyd olunurdu ki, azad seçki keçirilməsi üçün şərtlərin minimum olduğu şəraitə rəğmən, hakim olan, korrupsioner, avtoritar və klientalist sistemə qarşı mübarizənin fasiləsizliyi və ardıcıllığı baxımından 2015-ci il parlament seçkilərində iştirakı məqsədəuyğun hesab edirlər:
“Seçkilərə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat aparmamaları, seçki dairələri üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdıracaqları barədə razılığa gəlirlər”.
Tərəflər həmçinin seçki kampaniyası dövründə yol verilən qanun pozuntularının birgə monitorinqinin aparılmasına razılaşrlar:
“Seçki günü birgə müşahidənin təşkili, qanun pozuntuları və saxtakarlıqlara münasibətdə ümumi mövqenin müəyyənləşdirilməsi, seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılışırlar”.
ReAL Hərəkatı seçkilərdə dəstəklədiyi namizədlərlə birgə 23, Müsavat Partiyası isə 73 namizədlə qatılacağını açıqlayır.
ReAL Hərəkatı 17-nin ReAL-çı, 6 namizəd isə digər təşkilatların üzvü olduğunu bildirir.
Seçki kampaniyası zamanı, sentyabrın birinci ongünlüyündə ReAL Hərəkatı ilə Ədalət Partiyası arasında narazılıq yaşandı. Belə ki, hər iki təşkilat namizəd siyahısına vəkil Əlayif Həsənovun adını salmışdı. Ə.Həsənov özü 92 saylı Zərdab-Ucar seçki dairəsinin üzvü olsa da, ordan namizəd olacağını istisna etməmişdi. O, hər iki partiya ilə yaxşı münasibətlərinin olduğunu, amma partiyaların onun adını namizədlər siyahısına daxil etmələrini „tələskənlik“ kimi qiymətləndirmişdi:
“Çünki hələ DSK üzvlüyündən istefa verməmişəm və namizədliyimi irəli sürmək haqda düşünürəm”.
Milli İstiqlal Partiyası 20 üzvün sənədlərini DSK-ya təqdim etsə də, 5 nəfərin namizədliyini qeydə alındığını bildirdi.
“125-lər Siyasi Klubu” 16 namizədlə seçkiyə gedir
“125-lər” Siyasi Klubunun isə 16 namizədinin qeydə alındığı açıqlanıb.
Klubun başqanı İlhamiyyə Rza “Yeni Müsavat”a deyib ki, 50-yə yaxın üzvlərini seçkiyə buraxmayıblar.
Milli Şura seçkini boykot edir
Sentyabrın 10-da Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) parlament seçkilərində iştirakdan imtina qərarını açıqladı. DQMŞ avqustun 19-da yaydığı hesabata əsaslanaraq bildirirdi ki, ölkədə repressiyalar dayandırılmayıb, siyasi rəqiblərə və və fikir müxtəlifliyinə qarşı təqiblər davam edir:
“Real müxalifətə qarşı qanunsuz maneələr dayandırılmayıb, sərbəst toplaşmaq azadlığı ölkənin bütün ərazisində təmin olunmayıb. Müstəqil mətbuata qarşı təzyiqlər hələ də davam edir, TV-lərdə azad debatlar üçün şərait yaradılmır, müxalif namizədlər üçün pulsuz efir vaxtı artırılmır. Seçki komissiyalarının tərkibi real müxalifətin iştirakı ilə formalaşdırılmadı, namizədlərin qeydiyyat proseduru sadələşdirilmədi və bununla bağlı yaradılan süni əngəllər qalır. Bütün bunların qaldığı şəraitdə seçkilərin nəticələrinin Prezident Administrasiyasında müəyyən ediləcəyinə heç bir şübhə ola bilməz“.
Avropa Parlamenti: “Müşahidəçi göndərilməsi seçkilərə legitimlik donu geyindirməyə xidmət edə bilər”
Sentyabrın 10-da Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi. Qətnamədə deyilirdi ki, siyasi təqiblərdə əli olan hakimlərin, rəsmilərin və siyasətçilərə qarşı sanksiya məsələsinə baxılsın. Avropa Parlamenti jurnalist Xədicə İsmayıl və həbsdə olan digər fəallar, hüquqşünas və hüquq müdafiəçilərini dərhal və heç bir şərtsiz azad etməyə çağırırdı. Qətnamə Avropa Birliyi rəhbərliyini jurnalist Xədicə İsmayılın araşdırmalarında qeyd edilmiş Prezident İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırırdı. Sənəd həmçinin Avropa Komisiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsini qoymuşdu. Sənəddə həmçinin Azərbaycan hakimiyyətini bütün “siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə” çağırılır. Qətnamənin qəbulu Liberal-Demokratların ibarət fraksiyanın (ALDE) təşəbbüsü ilə olub, ancaq sənədi Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib.
Qətnamədə eyni zamanda, Avropa strukturlarına noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməmək çağırışı yer alıb. Sənəddə qeyd olunur ki, müşahidəçi göndərilməsi seçkilərə legitimlik donu geyindirməyə xidmət edə bilər.
Bildirilir ki, qətnamə layihəsinin səsverməsi zamanı Avropa Parlamentinin 365 deputatı iştirak edib ki, onlardan 202 nəfəri sənədə səs verib, 70 nəfəri isə bitərəf qalıb.
Milli Məclis: Qarayaxma kampaniyasıdır
Sentyabrın 14-də Milli Məclisin cavab bəyanatında qətnamə qərəzli, qarayaxma kampaniyasının tərkib hissəsi kimi xarakterizə olunub. Milli Məclis 13 bəndlik tələbində Avropa Parlamentindən Azərbaycana münasibətdə konstruktiv mövqe tutmağa və bu yanaşmanı real addımlarla nümayiş etdirməyə çağırış yer almışdı:
“Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın. Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində iştiraka son qoyulsun. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxsın. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Azərbaycanın rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların tətbiq ediləcəyi təqdirdə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin”.
“Avropa Parlamenti Dağlıq Qarabağın işğalını inkar etmir”
Avropa Parlamentinin Finlandiyadan olan üzvü Heidi Hautala “Azadlıq” radiosuna müsahibəsində Milli Məclisin bəyanatından heyrətləndiyini bildirmişdi:
“Məncə, Azərbaycan üçün çox vacib bir məsələ yanlış anlaşılıb. Məktubda deyilirdi ki, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsini tamamilə gözardı edib. Bu, doğru deyil. Əslində Avropa Parlamenti Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2015-ci il qərarına əsaslanır. Parlamentdə Azərbaycana simpatiyası olan qruplar var. Məsələn, Mən Yaşıllar Partiyasıından gəlirəm və bu partiya Dağlıq Qarabağla bağlı həmişə Azərbaycanla həmrəylik nümayiş etdirib və biz bu məsələni davamlı şəkildə erməni həmkarlarımız qarşısında qaldırırıq. Ümid edirik ki, tezliklə işğal sülhlə əvəzlənəcək. Avropa Parlamenti Dağlıq Qarabağın işğalını inkar etmir”.
ATƏT-dən imtina qərarı: Hakimiyyətin tələbi keyfiyyətli seçki müşahidəçiliyinə imkan vermir
Sentyabrın 11-də ATƏT Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etdiyini açıqlayır. Bu barədə ATƏT-nin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbəri Mixail Link bəyanat yayır.
Bəyanatda deyilir ki, rəsmi Bakının noyabrın 1-də keçiriləcək seçkiləri müşahidə edəcək şəxslərin sayı ilə bağlı məhdudiyyət qoyması bu prosesin müşahidəsini mümkünsüz edir:
“Hakimiyyətin irəli sürdüyü bu tələb keyfiyyətli şəkildə seçki müşahidəçiliyinə imkan vermir. Dərin təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan tərəfinin qoyduğu tələb bizi seçkilərin müşahidəsini aparmaqdan imtinaya məcbur etdi. Hökumətin müşahidəçilərin sayı ilə bağlı məsələdə təkid etməsi ölkənin ATƏT qarşısında seçkilərlə əlaqədar götürdüyü öhdəliklərə, eyni zamanda, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə mandatının prinsiplərinə ziddir“.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in qərarını etirazla qarşılamışdı:
“100 milyondan çox əhalisi olan ATƏT-ə üzv dövlətlərə DTİHB tərəfindən 400-500 müşahidəçi göndərdiyi halda 9.5 miyon əhalisi olan Azərbaycana 125 dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsi hər hansı normal məntiqə sığmır və tamamilə qeyri-mütənasib xarakter daşıyır”.
Azərbaycan: “Tədbir görün”
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Daimi Şuradan ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtina ilə bağlı tədbir görməsini xahiş edib. Bəyanatda bildirilib ki, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru mandatına uyğun şəkildə məsləhətləşmələr aparmadan Azərbaycandakı seçkini müşahidə etməkdən imtina ilə bağlı qərar qəbul edib:
“Şuranın iclasından bəri irəliyə doğru addım atılmaması təəssüf doğurur. ATƏT institutunun mandatını pozması quruma üzv dövlət kimi Azərbaycanın maraqlarına zərər vurur və təşkilat daxilində inam və etimada da zərbə vurduğu üçün cavabsız qalmamalıdır“.
Parlament Assambleyası da seçkini müşahidədən imtina etdi
Sentyabrın 23-də ATƏT-in Parlament Assambleyası noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyəcəyini açıqlayıb. Bu barədə Assambleyanın prezidenti İkka Kanerva “Azadlıq” radiosuna bildirib ki, onlar Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərarına uyğun olaraq belə addım atıblar:
“Azərbaycan hökuməti bizim ənənəvi tərəfdaşımız olan Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun işinə məhdudiyyətlər qoyub. Nəticədə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycana nəzərdə tutulan müşahidəçi missiyasını ləğv edib. Əgər Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkini müşahidə edə bilmirsə, onda biz də bu seçkini müşahidə etməyəcəyik“.
„Turan“ İA-nin direktoru Mehman Əliyev ATƏT-in qərarının hakimiyyət üçün yaxşı göstərici hesab edib. Mehman Əliyevin fikrincə, Azərbaycandakı seçkilər əvvəlki seçkilərə bənzəyəcək:
“Seçkilər tam rahat, hakimiyyətə sərf edən şəkildə keçiriləcək. Amma müşahidəçilərin olmaması parlament seçkilərinin nəticələrini ciddi şəkildə şübhə altına qoyacaq”.
Bununla belə, Mehman Əliyev bildirib ki, hakimiyyət gələcəkdə siyasi məhbusları azad edəcək, bu da Avropada müsbət qarşılanacaq:
“Bundan əlavə, Azərbaycanla Avropa arasında strateji müqavilələr imzalanacaq. Əslində, Qərbin Azərbaycanla bağlı siyasəti burada sabitliyin olmasıdır. Çünki Azərbaycanda çox böyük layihələri var, ona görə də Qərb sabitliyi əsas götürür. Əlbəttə, iqtisadi və siyasi islahatların aparılması və Qərb standartlarına uyğunlaşdırılması da gündəmdədir“ (Yeni Müsavat, 14 sentyabr).
Rüstəmxanlının namizədliyi qeydə alınmır
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı seçkiyə qatılmasa da, həyat yoldaşı, “Azəri-Türk Qadınlar” Cəmiyyətinin rəhbəri Tənzilə Rüstəmxanlı namizədliyini Sumqayıt 42 saylı II seçki dairəsindən irəli sürür, amma qeydə alınmır.
Dövrü mətbuat yazırdı ki, T.Rüstəmxanlı seçkiyə qatıldığından Sabir Rüstəmxanlıya “dur” deyilib. Lakin qeydiyyat mərhələsində xanım Rüstəmxanlının da namizədliyi qeydə alınmır.
YAP-ın siyahısı… komitə sədrinin, akademikin, rektorun və baş nazirin müavininin oğlunun adı yoxdur
Sentyabrın 15-də hakim Yeni Azərbaycan Partiyası namizədlər siyahısı açıqladı. Siyahıda 18 yeni sima vardı. Lakin partiyanın siyahısında daha çox diqqət çəkən İnsan Hüquqları Komitəsinin sabiq sədri Rəbiyyət Aslanovanın adının olmaması idi. Bu, daha çox onun oğlu Elnur Aslanovla əlaqələndirilirdi. Belə ki, seçkidən 1 il əvvəl Elnur Aslanov Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilmişdi. Sərəncama qədər hökumətyönlü media Elnur Aslanovun nurçuluqda ittiham olunmasına dair çeşidli informasiyalar yayırdı. Bildirilirdi ki, Elnur Aslanov ABŞ-nin Pensilvaniya ştatında sığınmış türkiyəli din xadimi Fətullah Gülənin nurçu təriqətinin Azərbaycandakı rəhbərlərindən biridir. Bu sərəncamdan bir müddət sonra E.Aslanov ölkəni tərk edir.
Ancaq Rəbiyyət Aslanova oğlunun vəzifədən azad edilməsi barədə danışmaq istəmir:
“Oğlum Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunub. Hər kəs yaxşı bilir ki, Prezidentin verdiyi sərəncam müzakirə olunmur. Əgər cənab Prezident belə məsləhət görübsə, biz də bu qərarı normal qarşılayırıq”.
O, YAP-ın qərarına hörmətlə yanaşdığını deyir. “Partiyamız necə məsləhət bilir, elə də olur. Həmin dairədən namizədliyini irəli sürmüş şəxsə uğurlar arzu edirəm. Hər şey dövlətimiz, ölkəmiz üçün”.
Rəbiyyət Aslanova müstəqil olaraq da namizədliyini irəli sürməyəcəyini də bildirir.
Hakim partiya 109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın yerinə Nəsib Məhməliyevi irəli sürür.
O cümlədən, YAP-ın siyahısı universitet rektorlarını seçim qarşısında qoydu, BDU-nun rektoru Abel Məhərərmov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin adları siyahıda yox idi, hər ikisi rektorluqda qalmağa üstünlük vermişdi.
Abel Məhərrəmov hakim partiyanın bu barədə qərarını normal qarşılayır:
“Rektor-deputatlar seçim etməlidirlər – ya ali məktəb rəhbəri, ya da millət vəkili. Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm, bu il keçiriləcək parlament seçkilərində YAP-ın deputatlığa namizədi olmayacam. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım. İndi belə bir seçim qoyulub. Deputatlığa namizəd kimi gənclər irəli sürülüb. Hesab edirəm ki, YAP-ın yeni deputat üzvləri köhnələrdən heç də pis işləməyəcək. YAP-ın tanınmış gənclərinin namizədlikləri irəli sürülüb”.
Abel Məhərrəmov YAP siyahısının namizədlərinin təqribən 20 faizinin yeniləndiyini və bunun da gəncləşməyə doğru atılan addım olduğunu deyib.
O cümlədən, Baş nazirin müavini YAP icra katibi Əli Əhmədovun adı siyahıya daxil edilməmişdi. Onu 19 saylı seçki dairəsində “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu əvəz etmişdi.
YAP-ın 57 saylı Kürdəmir seçki dairəsində əvvəllər dəstəklədiyi Fərhad Qəribovu bu dəfə əmisi oğlu Nizami Qəribov əvəz etmişdi.
Deputata köməkçisinin qardaşı ona rəqib olur
Məsələn, 71 saylı Masallı kənd seçki dairəsindən namizədliyi irəli sürülən Rafiq Novruzov bu dairədən deputat olan Elmira Axundovanın mərhum köməkçisi Novruz Novruzovun qardaşıdır. Amma buna baxmayaraq 71 saylı Masallı kənd seçki dairəsindən Elmira Axundovanın mandat alacağı deyilirdi.
77 saylı Astara seçki dairəsindən „Neftçilər“ xəstəxanasının cərrahı Rəşad Mahmudovuna da adı siyahıda idi.
Cəlal Əliyevi Əflatun Amaşov əvəzləyir
62 saylı Saatlı seçki dairəsindən Nazim Rəşidov rayonunun Telmankənd bələdiyyəsinin sədridir. Bu dairədən ötən illərdə prezidentin əmisi, akademik Cəlal Əliyev mandat alıb. Ancaq 62 saylı Saatlı seçki dairəsində Mətbuat Şurasının sədri Əflatun Amaşovun mandat alacağı daha çox qeyd olunurdu.
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən YAP-ın Etibar Sadıqov rayon peşə məktəbinin direktorudur.
72 saylı Yardımlı-Masallı Sərvər Əliyev də məktəb direktorudur.
Yeni simalardan biri də Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadədir, o, 37 saylı Nizami birinci seçki dairəsindəndir. 2005-2010-cu illərdə bu dairədən baş nazirin sabiq I müavini Abbas Abbasovun oğlu Aydın Abbasov bitərəf adı ilə mandat almışdı.
Hakim partiyanın siyahısında 63 saylı Sabirabad seçki dairəsində Elçin Quliyevin namizədliyi qeyd olunub, bu dairədən əvvəlki seçkilərdə Ceyhun Osmanov mandat almışdı. O, “Qafqazinfo”ya namizədliyini irəli sürməyəcəyini bildirib.
YAP nazirin qardaşını dəstəkləmir
Maraqlı məqamlardan biri hakim partiya əvvəlki seçkilərdə bitərəflər adı ilə seçkilərə qatılan nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovu, Baş nazirin I müavini Abbas Abbasovun oğlu Aydın Abbasovu, Dövlət Televiziyasının sədri Arif Alışanovu, Ceyhun Osmanovu dəstəkləyirdisə, bu dəfə Siyavuş Novruzov fərqli açıqlama verdi:
“Biz bitərəflərin işinə qarışmırıq. Onlar namizədliklərini irəli sürüb-sürmədiklərini özləri götür-qoy ediblər. Bütün hərtərəfli təhlillər aparıldıqdan sonra mövcud namizədlərimizdən 13-nün namizədliyini yenidən irəli sürmədik. Bəzilərinin səhhətinə, bəzilərinin işinə görə namizədliklərini irəli sürmədik. Amma onlar indi də partiyanın yanındadırlar“.
(Davamı var)