Parlamentin mikrofonlarını kim söndürüb?!

Sabir Rüstəmxanlı, Fazil Mustafa, Qüdrət Həsənquliyev və İqbal Ağazadəyə diqqət…

Bir müddət əvvəl qəzetimizin baş redaktoru Əvəz Zeynallı 4-cü çağırış yeni təyin olunan Milli Məclisin açılış mərasimində bir sıra deputatın prezidentə sözünün olduğu, ancaq onlara bu imkanın verilmədiyi haqda müəllif yazısı ilə çıxış etmişdi. «Milli Məclis lal oldu!!!» başlıqlı manşet yazısında baş redaktor qeyd etmişdi ki, prezident İlham Əliyev Milli Məclisə daxil olandan deputatların mikrofonları söndürülüb və onlara danışmaq imkanı verilməyib. Əvəz Zeynallının yazdığına görə, hətta öz təyin etdikləri deputatlarına belə inanmayan rejim, bununla qanunvericilik hakimiyyətinin bir heç olduğunu gözlər önünə sərib.

«Bizim Yol» qəzetinə müsahibə verən VHP sədri, deputat Sabir Rüstəmxanlı baş redaktorun bir neçə həftə bundan əvvəl gündəmə gətirdiyi, ancaq maraqlıdır ki, ölkə mətbuatının o qədər də diqqət yetirmədiyi bu məqama təkrar toxunub. Sabir Rüstəmxanlı prezident İlham Əliyevin parlamentə gəlişində ona sözlərinin olduğunu deyib: «Biz parlamentdə olan digər partiyalarla müzakirə aparmışdıq. Prezidentə deyəcəyimiz sözlər var idi. Ancaq elə vəziyyət yaratmışdılar ki, yerdən durub nəyisə demək yaxşı çıxmırdı. Prezident YAP-ın sədri olmaqla yanaşı, ölkənin rəhbəridir. Biz elə onun qaldırdığı məsələlərlə, seçkidən sonra yaranan vəziyyətlə bağlı müzakirələr apara bilərdik.» Sabir bəyin dediklərindən də görünür ki, həqiqətən mikrofonlar söndürülüb və parlamentin tərkibinə düşən digər nümayəndələr bu məsələdən şok olublar. YAP-çı deputatlara danışmamaq, bir növ «lal olmaq» haqqında prezidentin YAP-çılarla görüşəndən sonra tapşırıq verilibmiş. Amma kənardan təyin olunan 10-11 nəfərə tapşırıq verməkdənsə, mikrofonu söndürməyi məsləhət biliblər. Əvvəlcə müzakirələr aparıldığını, təxminən 15-ə qədər deputatın çıxışa yazıldığını Əvəz Zeynallı da yazısında vurğulamışdı. O məqamı Sabir Rüstəmxanlı da qeyd edir və «digər partiyalarla müzakirə» apardıqlarını açıqlayır. Məlumata görə, bu partiyalara BAXCP sədri Qüdrət Həsənquliyev, ÜP sədri İqbal Ağazadə, BQP sədri Fazil Mustafa və digərləri qatılıb. Son günlərin «vəzifə qovğası» onu göstərir ki, parlamentdə təmsil olunan deputatlar prezidentin diqqətinə bu məsələni də çatdırmaq istəyirmişlər. Amma söndürülən mikrofonlar buna imkan verməyib. Görünür ki, durub yerlərindən danışmağa da risq etməyiblər. Hər halda Sabir bəy bunu «yaxşı çıxmırdı» sözləri ilə əvəzləyir.

Görünən odur ki, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, İqbal Ağazadə nə qədər iqtidara yaxın siyasi xətt izləsələr də, kritik məqamda onların da sözləri keçərli deyil. Keçərli olmamaq cəhənnəmə, kritik məqamda hətta onların mikrofonlarını da söndürürlər. Deməli, iqtidar onlara da inanmır. Bu da onu deməyə əsas verir ki, adını çəkdiyimiz deputatlar gərəkdiyi zamanlarda yenə söz demək imkanlarını saxlayıblar. Deməli, hər şey hələ tam itirilməyib…

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button