Partiya sədri hesab soruşur: “77 milyon dollar hara getdi?”

Əli Əliyev: “77 milyon dollar ofşor hesablara necə yatırılıb?”

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində Azərbaycan Dəmir yolları İdarəsinin tender əməliyyatı zamanı yol verdiyi çoxmilyonlu korrupsiya faktına dair yazı yerləşdirib:

“Azərbaycan hakimiyyəti dövlət quruculuğu məsələlərində Kremlə bənzəməyə, oranın direktivləri ilə hərəkət etməyə üstünlük verir. Müqayisə üçün nümunələr çoxdur. Lap sonuncunu deyim: pensiya islahatı hər iki ölkə parlamentində demək olar ki, paralel gedirdi. Qanunlarımızın da əksəriyyətinə diqqət yetirsəniz, rus dilindən ortabab tərcümə edilmiş surətdir.

Elədirsə, bütün məsələlərdə niyə ruslara bənzəmirlər? Yeni bir müqayisə imkanı yaranıb. Ötən həftə prezidentliyə namizəd Navalnıy baş nazir Medvedyevin mülkləri ilə bağlı apardığı tədqiqatın video-versiyasını sosial şəbəkə və mətbuatda yaydı. Bu həftənin sonunda əksər RF şəhərlərində məsələ ilə əlaqədar anti-korrupsiya mitinqləri keçirələcək. Dünən isə Duma kommunistləri (KPRF) tədqiqat tələbi ilə bağlı mövqe ifadə edəcəklərini açıqlayıblar. Digər iki fraksiya da – LDPR və Mironov tərəfdarları da kommunistlərə dəstək verə biləcəklərini dilə gətiriblər.

Elə ötən həftə, Azərbaycan Dəmir yolları İdarəsinin tender əməliyyatı zamanı yol verdiyi çoxmilyonlu korrupsiya faktının İsveç hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı haqda, beynəlxalq skandala səbəb olmuş məlumat yayıldı. Verilən xəbərlərə görə tender qalibi olmuş Bombardier şirkətinin təmsilçi tender şərtlərinə birbaşa özü müdaxilə edirmiş. Bu yolla büdcədən ayrılacaq vəsait süni şəkildə 5 dəfə şişirdilib. Yaradılmış belə şəraitin müqabilində 77 milyon $ məbləğində vəsait ofşor hesablara yatırılıb.

Analogiya aprılması üçün maraqlı suallar yaranır:

  1. Pullar kimin hesabına köçürülüb?
  2. Beynəlxalq və yerli mətbuatda işıq üzü görmüş aşkar cinayət faktı ilə bağlı niyə Azərbaycan hüquq-mühafizə və prokurorluq orqanları hərəkətə keçmirlər?
  3. Rusiya nümunəsinə oxşar qaydada bizim parlamentdə müxalifət adına kresloları isidən şəxslər analoji tələblə çıxış etmək təşəbbüsü göstərə bilərlərmi?

Hamı susur. Susmaq razılıq əlaməti deyilmi? Haqqında yazılan və dərc olunanlarla razılaşmağı deyirəm”.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button