Partiya və namizədlərin AİHM-ə şikayətdən imtina etməsi: hüquqi, yoxsa siyasi qərar…

AXP Azərbaycana qarşı sanksiyaların tərəfdarı olmadığını deyir

İki gün əvvəl, sentyabrın 28-də Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin iclasında erkən seçkilərlə bağlı müzakirələr açılıb.

Toplantı iştirakçıları sentyabrın 1-də keçirilən seçkiləri azad, ədalətli, demokratik olmayan, xalqın həqiqi siyasi iradəsini tam və düzgün ifadə etməyən, çoxpartiyalı siyasi sistemə və siyasi plüralizmə ciddi zərbə vuran, siyasi inhisarçılıq və haqsız siyasi rəqabət şəraitini daha da dərinləşdirən hərəkət kimi dəyərləndirib.

Ancaq İdarə Heyəti Milli Məclisi real siyasi fakt kimi qəbul edərək indiki beynəlxalq münasibətlər konyukturunda beynəlxalq aləmi və təşkilatları Azərbaycana qarşı sanksiya və digər formalarda təzyiq göstərməyə cağırmayacaq:

“Problemin ən adekvat həlli daxili demokratik müqavimət gücünü səfərbər edərək köklü seçki islahatı aparılması yolu ilə bütün siyasi qüvvələr üçün bərabər əsaslarda və etimadlı seçki komissiyaları tərəfindən keçirilən yeni seçkilərə nail olmaqdan ibarətdir”.

İdarə Heyətinin qərarından görünür ki, Pənah Hüseyn də azad saymadığı seçkilərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyəcək.

Meydan TV-yə danışan Pənah Hüseynin sözlərinə görə, sonuncu seçkilərdə ona qarşı baş verənlərin icrası yerli seçki komissiyaları və icra hakimiyyəti tərəfindən həyata keçirilib:

“Amma qərarın siyasi olduğunu düşünürəm, hüquqi yox. Yəni Pənah Hüseynin seçilməməsi haqda qərar Prezident Administrasiyası tərəfindən verilib. Ona görə də məntəqə seçki komissiyalarının, müəyyən hüquqi pozuntuları gündəmə gətirmək məsələnin siyasi mahiyyətindən bir qədər uzaqlaşdırır”.

Lakin Pənah Hüseyn əvvəlki seçkilərdə yerli və Avropa Məhkəmələrinə şikayət etdiyini də əlavə edib:

Foto: Pənah Hüseynin şəxsi arxivindən

Həmin məhkəmələrdə də xeyrinə qərarlar qəbul olunub. Faktiki olaraq, məhkəmə qərarlarının seçki ilə bağlı vəziyyəti dəyişmədiyi qənaətindəyəm, yalnız kompensasiya verilməsi ilə məhdudlaşır. İkincisi, seçkilərlə bağlı məhkəmələrə şikayətlərə baxmayaraq seçki prosesində vəziyyət yaxşılaşmayıb, əksinə, geriləmələr davam edib. Açıq danışaq, seçki institutunun yaxşılaşması istiqamətində nəticə yoxdur. Mən də kompensasiyaya görə şikayət etmirəm. Nəhayət, Avropa Məhkəməsinin separatçı ermənilərin şikayətləri ilə bağlı Azərbaycanın əleyhinə qərarlarını nəzərə alıb bu addımı atmışam. Bu şikayətlərin icraata götürülməsi yanlışdır və Avropa Məhkəmələrinin əsasnamələrinə cavab vermir. Bütün bunlara baxmayaraq digər namizəd olanların şikayət etdiyi üçün tənqid hədəfinə gəlməsini yolverilməz sayıram”.

Foto: Könül Alinin şəxsi arxivindən

Müsavat Partiyasının Divan üzvü Könül Alı seçkilərdə namizəd olan 8 müsavatçının Avropa Məhkəməsinə müraciət etdiyini bildirib:

“Əksəriyyət isə sırf maddi maneəyə görə müraciət edə bilməyib. Yəni Ali Məhkəməyə müraciət etmək üçün ödəməyə 330 manat tapmayıblar”.

REAL Partiyasının sədri Natiq Cəfərli 12 namizəddən 7 nəfərinin Avropa Məhkəməsində müraciət edəcəyini bildirib:

Bir partiya üzvümüz qeydiyyatının ləğvi ilə bağlı artıq yerli məhkəmələrə şikayət prosedurunu bitirib. İki nəfər isə yerli məhkəmələrlə problem yaşayıb”.

Onun dediyinə görə, Rəsul Cəfərov şikayətini elektron qaydada göndərdiyindən problem yaşandı:

Natiq Cəfərli
Foto: Natiq Cəfərlinin arxivindən

Onun şikayətini gecikdirdilər, son anda dedilər ki, elektron olmaz, gərək, şəxsi imza ilə göndərəsən, ona görə də Rəsul Cəfərov məhkəməyə verilmə müddətini buraxdı”.

Vəkil Əsabəli Mustafayev şikayətlərin az olmasını kompleks səbəblərlə izah edir.

Onun qənaətincə, ən birinci səbəb vəkillərin sayının az olmasıdır:

Azərbaycanda Avropa Məhkəməsi üzrə çalışan mütəxəssislərə çatımlılıq xüsusən rayonlarda çox azdır. Bu sahədə çalışan Nemət Kərimov, Elçin və Zibeydə Sadıqovlardır ki, onlar daha çox siyasi-sosial baxımdan aktiv olanlardır. Digər sıravi vəkillərin isə çatımlılığı yoxdur, məsələn, mənim özüm, hətta Avropa Məhkəməsi ilə işlədiyimi də bilmirlər. Bizə də daha çox Bakı və ətraf bölgələrin insanları müraciət edirlər. Üçüncüsü, yeni mütəxəssislərin yetişməsi üçün  şərait yoxdur. Əvvəllər bu istiqamətdə yerli və beynəlxalq hüquqşünaslar təlimlər keçirdilər. Bizim yetişməyimiz üçün İntiqam Əliyevin böyük zəhməti olub, hamımız onun kurslarında öyrəndik. Dördüncüsü, bu sahədə Azərbaycan dilində ədəbiyyat da yoxdur”.

Vəkil Əsabəli Mustafayev
Foto: Meydan TV

Vəkillərin az olması istər-istəməz təsir göstərir. Mən dəfələrlə eşitmişəm, deyirlər ki, filan vəkilə müraciət etdim, amma vaxtının olmadığını bildirdi. Vəkillərin sayı azdır, onlar da müxtəlif işlərə çıxdıqlarından vaxtları az olduğundan imtina edirlər. Çünki şikayətçi gəlir, bir neçə aya şikayət hazır olmalıdır, bunu yazmaq elə də asan deyil. Həm də işi keyfiyyətli hazırlamalısan, bunun üçün vaxt lazımdır”, – deyə Mustafayev əlavə edir.

O, insanlarda Avropa Məhkəməsinə şikayətin bahalı prosedur olması düşüncəsini də əsas problem sayır:

“Yerli məhkəmələrdə bir işə çıxmaq az vəsait tələb etmir və insanlar düşünürlər ki, görün, indi Avropa Məhkəməsində çıxmaq nə qədər vəsait tələb edəcək. Ola bilsin ki, Avropa Məhkəməsi barədə biliklər də azdır. Əvvəllər Avropa Məhkəməsi ilə bağlı mətbuatda maarifləndirmə işlər aparılırdı, təlimlər keçirilirdi. İnsanlar da bunları oxuyub məlumatlanırdılar”.

Əsabəli Mustafayev güman edir ki, şikayətlər haqda qərarların qəbulu vaxtının uzun çəkməsi də insanları bundan çəkindirir:

“Düşünürlər ki, şikayət edəcəyəm, 10-15 ildən sonra qərar çıxacaq, ona qədər nə olacaq bilinmir. Ümumiyyətlə, son illər daha çox ağır cinayətlər və mülki işlərlə bağlı şikayətlər artıb. Başqa bir amil insanların özlərinin şikayət göndərməsidir, amma bu cür şikayətlər xüsusi blankda yazılmadığından Avropa Məhkəməsində ilkin baxışdan keçirmirlər. Belə şikayətlər statistikaya düşmür. Sadaladıqlarım kompleks səbəblərdir”.

Hüquqşünas Xalid Bağırovun fikrincə, Avropa Məhkəməsinə müraciətlərin az olmasının ilk səbəbi seçici fəallığının az olması idi:

“Bilirsiniz, seçkidə iştirakçılıq azalanda şikayət verənlər də azalacaq”.

Onun sözlərinə görə, 1 sentyabrdan sonra MSK-ya 90 şikayət ünvanlanmışdı, onların da əksəriyyəti təkrar şikayətlər idi:

Xalid Bağırov, foto: Meydan TV
Xalid Bağırov, foto: Meydan TV

“Həmin şikayətlərin də 40-a yaxını natamam idi. Bu mənada şikayət verənlərin sayı 40-a çatmırdı. Onların da çoxu məhkəməyə qədər getmədilər. Məsələn, bu dəfə hələ 1-2 nəfərin Avropa Məhkəməsinə şikayət göndərdiyini eşitmişəm, sonuncu seçkilərdə isə təkcə mən 80-ə yaxın şikayət göndərmişdim, bu dəfə 1 şikayət”.

Hüquqşünas şikayətlərin edilməməsində siyasi amillərin olduğunu da qeyd edir:

“AXP-nin “indiki beynəlxalq münasibətlər konyukturunda beynəlxalq aləmi və təşkilatları Azərbaycana qarşı sanksiya və digər formalarda təzyiq göstərməyə cağırmayacağıq” çağırışı da siyasidir və özləri etiraf edirlər ki, burada siyasi amillər var”.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edib.

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.

Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.

Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.

Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button