Partiyaların sonu, yoxsa yeni doğuşu?

Azər Qasımlı

ReAL Hərəkatı

ReAL Hərəkatının rəhbərlərindən Azər Qasımlı Hərəkatın partiyaya çevrilmək ehtimalından və gələcək perspektivlərindən yazıb. Yazısını özünün facebook səhifəsində paylaşan müəllifin düşüncələrini xural.com olaraq dərc edirik:

Siyasi partiyalar təsirli siyasi təşkilatlar olaraq 19-cu əsrdə yaranıb, 20-ci əsrdə siyasi həyatda daha çox rol almağa başlayıb və demokratiyanın əsas elementlərindən biri hesab edilib. Bu gün, 21-ci əsrdə internetin vüsət aldığı bir dönəmdə partiyaların cəmiyyətdəki yeri və rolunun bundan sonra nədən ibarət olacağı çoxlarını maraqlandırır. Hazırda ABŞ-da və Aropanın bəzi ölkələrində siyasi isteblişmentə qarşı etiraz olaraq yaranan hərəkatlar bəzi şərhçilərin dediyinə görə, ənənəvi siyasi partiyaların və mövcud partiya sisteminin əleyhinə yönəlmiş fəaliyyətlərdir. Məsələnin məğzi ondan ibarətdir ki, partiyalar demokratik cəmiyyətlərdə artıq çox dərin kök salıblar və buna etiraz edənlər də hesab edirlər ki, partiyalar siyasi dəyişikliklərə qarşı bir növ sipərə çevriliblər. Məsələn, ABŞ-da Trampın prezident seçilməsinin əsas səbəbi kimi anti isteblişment trendinin təsiri göstərilir.

Azərbaycanda ənənəvi siyasi partiyaların, yumşaq desək, öz böhran dövrünü yaşadıqlarını nəzərə alsaq, siyasi partiyaların gələcəyi təbii olaraq müəyyən suallar doğurur. Bu baxımdan, bizdə də yerli «partiya skeptikləri» az deyil. Halbuki bizdə və məsələn, ABŞ-da və ya Fransada problemin konteksti tamamən fərqlidir. Demokratik ölkələrdən fərqli olaraq bizdə partiyaların gələcəyi onların demokratik sistemə dərin inteqrasiyasından deyil, tam əksinə, avtoritar rejimdə ayaqda qalıb-qalmamasından asılıdır.

Partiyaların gələcəyinə skeptik yanaşma yeni deyil. Vaxtilə, hətta partiya sistemini araşdıran əsas elm adamlarından biri Ostroqorski belə bir proqnoz vermişdi ki, gələcəkdə partiyalar siyasi həyatı tam nəzarət altına almaq istəyəcək və bu da demokratik prinsiplərlə üst-üstə düşmədiyinə görə demokratik ölkələrdə onlar qadağan olunacaqlar. Amerikalı futuroloq Tofler isə hesab edirdi ki, gələcəkdə kütləvi media siyasi partiyaları sıradan çıxaracaq. Hətta sosioloq Broderin bu məsələ ilə bağlı «Partiyaların sonu» adlı əsəri də var.

 

Partiya, yoxsa İnternet?

 

“21-ci əsr partiyaların sonu olacaq” fikrini irəli sürənlər əsas iki arqument göstərirlər. Birinci arqument odur ki, partiyalar perspektivli siyasi liderləri yetişdirmək və seçki kampaniyaları dövründə onları tanıtmaq mexanizmini itirməkdədir. Bu, ilk növbədə prezident seçkilərinə aiddir. Onlara görə bu funksiyanı artıq reklam və imic şirkətləri həyata keçirməyə başlayıb. İkinci arqument odur ki, partiyalar artıq siyasi maarifçilik funksiyalarını itirməkdədir. Bu funksiyanı onların əvəzinə kütləvi media və internet həyata keçirməyə başlayıb.

Belə olan təqdirdə, həqiqətənmi artıq partiyaların əsri bitmək üzrədir? Yeni texnologiyaların və bununla əlaqədar yeni siyasi şüurun yaranması nəticəsində partiyalar öz ənənəvi funksiyalarını itirməkdədirlərmi? Bəlkə tam əksinə, bu proseslər partiyaların inkişafına və yenidənqurmasına gətirib çıxaracaq? Gəlin, birlikdə bu suallara cavab tapaq.

Bütün əksiklikləri ilə bərabər, bu gün demokratik ölkələrdə partiyalar hələ də siyasi liderləri irəli sürmək və tanıtmaq baxımından ən effektiv struktura malik təşkilatlardır. Siyasi partiyanın dəstəyini alan siyasətçi ilk növbədə siyasi elitanın da dəstəyini almaq şansı ilə bərabər partiya aparatını əldə etmiş olur və bu aparatın vasitəsilə özünü daha tez populyar edir. Bu üsul bu gün elektoratla tanış olmanın ən asan və ucuz yoludur. Belə olmasaydı məsələn, Tramp namizədliyini Respublikaçılar Partiyasından deyil, müstəqil şəkildə irəli sürərdi. Son seçkilərdə müstəqil namizədlərin nə qədər səs aldığının hamı şahidi oldu. Bu, o deməkdir ki, bütün bu anti isteblişment hərəkatlarına baxmayaraq, partiyalar ABŞ-da hələ də ən güclü və təsirli siyasi təşkilatlardır.

Yaxşı, demokratik ölkələrdə partiyalardan kənar bir lider ortaya çıxa bilərmi? Belə nümunələr təbii ki, var. Lakin bu çox uzun və daha çətin bir prosesdir. Faktlar da onu göstərir ki, siyasi arenada özünə yer etmək istəyən siyasətçilər sonuc etibarilə özlərinə partiya yaratmaq yolunu tuturlar.

Müasur kommunikasiya texnologiyalarının, sosial şəbəkələrin inkişafı fonunda, həqiqətən də partiyalar siyasi tərbiyə funksiyalarını itirməkdədirlər. Çünki müasir cəmiyyət öz informativ potensialını gücləndirməkdədir. Lakin bu funksiya partiyaların əsas funksiyası hesab olunmur. Buna baxmayaraq, bu funksiya vasitəsilə partiyalar öz ətrafında daha az təhsilli vətəndaşları birləşdirməyə nail olurdular. Təhsilin səviyyəsi artdıqca partiyaların bu funksiyaları onsuz da itəcəkdi. Lakin dəqiq deyə bilərik ki, 21-ci əsrdə təhsilin səviyyəsi bütün ölkələrdə yüksək səviyyəyə qalxmayacaq. Azərbaycan kimi ölkələrdə isə təhsilin səviyyəsi ümumiyyətlə, qənaətbəxş deyil. Üstəlik, bizim kimi ölkələrdə təhsil siyasi baxımdan plüralistik deyil. Belə cəmiyyətlərdə siyasi ideoloji plüralizmin yoxluğunu isə yalnız və yalnız siyasi partiyalar sistemli şəkildə kompensasiya edə bilərlər.

Müasir cəmiyyətin informativ potensialının artması partiya strukturunda buna cavabdeh olan aparatın yox olması anlamına gəlmir. Həvəskarların və ya sadə «user»lərin birliyindən fərqli olaraq insanları maraqlar zəmnində birləşdirən partiyalar daha yüksək səviyyədə birliyə nail olmaq üçün yeni informativ imkanlar əldə etmiş oldular. Yeni informativ kanallar partiyalar üçün öz ideyalarını yaymaq və partiya strukturunu daha mütəşəkkil vəziyyətə gətirmək üçün əlavə imkanlar deməkdir. Ən əsası odur ki, partiyalar müasir kommunikasiya sistemlərindən fərqli olaraq real insan ünsiyyəti faktoruna malikdir.

 

Partiya, yoxsa Hərəkat?

 

1960-ların axırlarından etibarən ictimai arenaya çıxan yeni etiraz hərəkatları bu günə qədər həm forma, həm metod və ideyalarında dəyişiklik olsa da, hələ də siyasi həyatın davamlı faktorlarından biridir. 2000-lərin hərəkatları isə dünyada baş verən iqtisadi böhrana qarşı yaranan etiraz dalğasının göstəricisidir. ABŞ-da, Avropa ölkələrində, Türkiyədə yaranan hərəkatlar əsasən sol düşüncəni təmsil edən, böyük korporasiya və banklara, siyasi isteblişmentə qarşı olan hərəkatlardı. Bu hərəkatların özəlliyi ondadır ki, onlar heç bir daxili struktura, sərt ideoloji yapıya və mərkəzləşmiş idarəçiliyə sahib deyillər. Lakin bu hərəkatlar ənənəvi sistem partiyalarından daha böyük kütləni mobilizasiya etmək bacarıqlarını ortaya qoymuş oldular. Məsələn, Türkiyədə “Gəzi Parkı” ətrafında olan hadisələr yeni siyasi etiraz mədəniyyətinin formalaşması anlamına gəlirdi. Daha əvvəlki etiraz aksiyaları partiyalar tərəfindən həyata keçirilirdi. İlk dəfə idi ki, partiyalar kənarda qalmışdı və onların yerini heç bir strukturu, mərkəzi aparatı və dəqiq ideologiyası olmayan hərəkat (ayrı-ayrı qruplar) tutmuşdu. Eyni hadisələr ABŞ-da, İngiltərədə, Yunanıstanda, Braziliyada və bir çox başqa ölkələrdə də baş vermişdi.

Fransada özünü hərəkat kimi təqdim edən təşkilat ilk dəfə idi ki, siyasi uğur qazandı (İtaliyada seçkilərdə uğur qazanan «5 Ulduz Hərəkatı» qeydiyyatdan keçmiş partiyadır!). Prezident seçkilərində «Fransa İrəli Hərəkat»ı qalib gəldi. Ənənəvi partiyaların namizədləri seçkiləri uduzaraq ikinci turda şovinist namizədə qarşı Hərəkatın namizədi Makronu müdafiə etmək məcburiyyətində qaldılar. Bəzi şərhçilərin fikrincə, bu hadisə Fransada ənənəvi partiya sistemini zədələmiş oldu.

Həqiqətənmi müasir hərəkatlar partiyaların yerini tuta bilər? Yoxsa müasir etiraz hərəkatları sadəcə dünyada və ölkə daxilində baş verən hadisələrə kütlənin reaksiyası idi və «Fransa İrəli Hərəkat»ının uğuru sadəcə yeganə və təkrarolunmayacaq hadisədir?

Bu suala cavab vermək üçün ilk növbədə etiraz hərəkatlarını Fransadakı hərəkatdan fərqləndirmək lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi müasir etiraz hərəkatlarının dəqiq ideologiyası, strukturu və mərkəzi aparatı olmur. Bu hərəkatlar internetdə və sosial şəbəkələrdə yaranan, boy atan və koordinasiya edilən hərəkatlardı. Burada Hərəkat sözü də təşkilat anlamında deyil, hadisə və ya proses anlamında başa düşülməlidir. «Fransa İrəli Hərəkat»ı isə struktur və təşkilatı yapısına görə klassik partiyadan heç nəylə fərqlənmirdi. Əsas fərqli cəhəti də o idi ki, bu hərəkat partiya kimi hakimiyyətə gəlməyi özünün əsas məqsədi hesab edirdi. Yəni bir sözlə o, sadəcə partiya adını daşımırdı. Seçkilərdən sonra isə partiya kimi qeydiyyatdan keçdi. Çünki bundan sonra siyasətdə daha profesional şəkildə mübarizə aparmaq və fəaliyyət göstərmək üçün qeydiyyatı olan partiya gərəkdirirdi.

Müasir etiraz hərəkatlarının da partiyaların yerini tutması ehtimalı çox aşağıdır. Çünki mərkəzi aparatı və yerli təşkilatları olmayan, yalnız populistik siyasi mədəniyyətə malik amorf hərəkatın uzunmüddətli olması və siyasətin aparıcı faktoruna çevrilməsi mümkün deyil. Bu hərəkatlar yalnız hansısa bir ölkədə yerli və ya ölkə səviyyəsində bir uğur qazana bilərlər. Məsələn, dövlət başçısını istefaya göndərə bilərlər. Amma istefadan sonra hərəkat olaraq hakimiyyəti formalaşdırmaq və saxlamaq, birbaşa demokratiyanı dövlət idarəçiliyinə gətirmək mümkünsüzdür.

Avropanın bir ölkəsində partiya adını daşımayan bir təşkilatın uğur qazanmasını hərəkatların Avropa və ya dünya siyasətində bir trendə çevrildiyini demək olduqca yanlış və qeyri elmi yanaşma olardı. Çünki bir nümunə heç bir zaman trend ola bilməz. Bunun əksi olan həm onlarla və hətta yüzlərlə nümunələr var, həm də dediyimiz kimi Fransadakı hərəkat strukturuna və bütün göstəricilərinə görə partiya idi.

Ümumiyyətlə, hərəkat formatları siyasətdə müvəqqəti siyasi birliklər hesab olunur. Hərəkatların bir ideyası, məqsədi və missiyası olur. Bu missiyaya çatandan sonra hərəkatlar buraxılır və ya sadəcə ulduz kimi sönür. Hərəkatların heç vaxt bir siyasi ideologiyaları olmayıb. Çünki məqsəd ideologiyadan daha önəmli hesab edilib ki, daha çox adamı və kütləni birləşdirə bilsin. Məsələn bizdə AXC-nın əsas ideyası – Azərbaycanın müstəqilliyi olub. Aydın məsələdir ki, hərəkatda fərqli ideoloji kimliyi olan insanlar olub. Hərəkat məqsədinə çatandan sonra bu insanlar da öz partiyalarını qurdular.

Bu gün nə yaranırsa yaransın, adı hərəkat olsun və ya hətta firqə olsun, bir təşkilatın iyerarxiyası, yerli strukturları, üzvlük siyasəti, nizamnaməsi, dəqiq ideologiyası və əsas olaraq hakimiyyətə gəlmək kimi məqsədi olacaqsa – bu partiya deməkdir. Halbuki rəsmi adı partiya olmaya da bilər. Nə qədər ki, siyasi hakimiyyət uğrunda mübarizə var, o qədər də siyasi partiyalar və partiya anlayışı olacaq. Bir sözlə, 21-ci əsrdə partiyalar nəinki yox olmayacaqlar, tam əksinə, internet və texnologiyalarla ayaqlaşıb gəlişmiş müasir struktura can ataraq daha da inkişaf edəcəklər. Bunu edə bilənlər ayaqda qalacaq, edə bilməyənlərsə yerlərində sayacaqlar. Bizim də hədəfimiz – Respublikaçı Alternativi adına sadiq qalaraq Əliyevlərin əsl alternativinə çevirmək və ölkədə yeni hərəkat dalğası yaratmaqdı. Təbii ki, sizlərin dəstəyi və iştirakı ilə!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button