Paşinyan Azərbaycanla danışıqlarda güzəştləri qəbuledilməz sayır

Yayımlandı: 22 May 2024 18:51

“44 günlük müharibənin məqsədi Ermənistanı yox etmək olub”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlarda güzəştlərlə bağlı söhbəti tamamilə qəbuledilməz hesab edib.

Bu barədə Baş nazir mayın 22-də parlamentdə hökumət saatında danışıb.

Əgər Ermənistanın dövlət sərhədi bərpa olunursa və yaradılmırsa, yəni de-yure mövcud sərhəd bərpa olunursa, onu güzəşt adlandırmaq məntiqsizdir. Mən bunu uğur adlandırardım, çünki Ermənistan öz tarixində ilk dəfə olaraq müstəqil şəkildə danışıqlar yolu ilə sərhədi bərpa edir. Bununla da Ermənistan Respublikasının suverenliyi və müstəqilliyinin gələcək inkişafı üçün ən mühüm təməl daşını qoyur”, – Paşinyan belə deyib.

O, bir daha Almatı Bəyannaməsini yada salaraq bildirib ki, Ermənistan Respublikasının sərhədləri Sovet Ermənistanının inzibati sərhədləridir.

Baş nazir demarkasiya prosesindən əvvəl hökumətdə onlarla müzakirələr aparıldığını vurğulayıb:

Əslində, bu qərarlar və yanaşmalar hüquqi ekspertizadan keçib ki, bizim qeydə alınmış qərarlarımız nə dərəcədə əsaslandırılıb? Mən bu qərarların hüquqi əsaslılığına şübhə etmirəm”.

Daha sonra Paşinyan Ermənistanın sərhədlərinin müəyyənləşdirilməsi üçün gətirdiyi xəritələri göstərib:

Bunlar əslində 1969-cu il xəritələrinə əsaslanan 1976-cı il Baş Qərargah xəritələridir. Çox diqqətli iş apararaq, xəritələrdə Ermənistan sərhədlərinin bütün perimetrini əks etdirmişik”.

Baş nazir adlarını çəkmədən istefasını tələb edən Baqrat Qalstyanın sözlərinə istinad edərək onların hərəkatının “gözləntilər hərəkatı” olduğunu bildirib:

Gələnlər deyirlər ki, biz gözləntilər hərəkatı yaradırıq, gözləntilərin hərəkəti birbaşa vətəndaşsızlığa gətirib çıxarır. Onlar Ermənistanda insanların Yerevanın  mərkəzindəki kafedə oturub Qarsı xəyal etməsini və bununla da paytaxtın itirilməsini istəyirlər”.

Paşinyan Erməni Apostol Kilsəsini də hədəfə alıb:

“Ermənistanda kilsə ictimai fikrə ən böyük təsir agentidir və biz bunu aradan qaldıracağıq. Tarixən din xadimləri gedib kilsədə dini təhsil alır və qayıdıb agentlərə çevrilirlər. Görünür ki, bu ənənə indi də dəyişməyib. Amma biz yaranmış problemi iki-üç ayda həll edəcəyik”.

Baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT) 2020-ci il 44 günlük müharibəsinə münasibətinə yenidən qayıdıb.

Onun fikrincə, KTMT-dəki müttəfiqləri 44 günlük müharibənin hazırlanmasında iştirak ediblər:

Mən ən azı iki KTMT ölkəsini tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib. Onlar bizə kömək etmək imitasiyasını yaradıblar. Ancaq o müharibə Dağlıq Qarabağla yox, Ermənistanla bağlı olub”.

44 günlük müharibənin məqsədi Ermənistanı yox etmək olub. Lakin müharibədən sonrakı gözlənti özünü doğrultmadı, 2021-ci ilin mayında cəhd etdilər, nəticə vermədi, 2022-ci ilin sentyabrında yenə cəhd etdilər, alınmadı…”, – deyə Paşinyan əlavə edib.

Amma Baş nazir həmin ölkələrin adlarını çəkməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button