Paşinyan: “Azərbaycanla sülh sazişi istənilən gün imzalana bilər”

Yayımlandı: 29 May 2024 12:25

Baş nazir deyir ki, bu işi tez bir zamanda başa çatdırmaq lazımdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin istənilən gün imzalana biləcəyini deyib.

Bu barədə yerli jurnalistlərin suallarını cavablandıran Paşinyanın sözlərinə görə, sülh müqaviləsi istənilən gün imzalana bilər və hər gün “əla fürsətdir”:

Tərəflər əvvəllər Praqa və Brüsseldə ümumi prinsiplər barədə razılığa gəliblər, lakin indi bu prinsipləri kağız üzərində təkrarlamaq lazımdır. Bu işi tez bir zamanda başa çatdırmaq üçün fürsət görürəm”.

“İşin başa çatdığını və imzalamaya davam edə biləcəyimizi görəndə yeri, vaxtı və s. məsələləri daha konkret müzakirə edəcəyik”,– deyə Baş nazir əlavə edib.

Azərbaycanın 1991-ci il Almatı Bəyannaməsinin sülh müqaviləsində təsbit edilməsindən niyə imtina etməsi ilə bağlı suala Paşinyan belə cavab verib:

Əslində, sənəddə bəyannaməyə istinad edən müddəalar var. Bu, əslində, başqa bir şeylə bağlıdır, lakin iş prosesi davam etdiyi üçün indi bu barədə şərh vermək istəmirəm. Bu gün danışıqlar prosesinin ab-havasında əhəmiyyətli dəyişiklik var, lakin bu, tərəflərin finiş xəttinə çatması demək deyil”.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button