Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyasına başlamağa hazırdır

Bundan əlavə, Ermənistanın baş naziri bildirib ki, Bakı və İrəvan regionda stabilləşmə ilə bağlı qərarlara gəliblər. Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bunu cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevlə görüşündə deyib.

“Hesab edirəm ki, biz bu gün təkcə problemləri dilə gətirmək üçün deyil, mövcud problemlərin həlli yollarını müzakirə etmək üçün toplaşmışıq. Mən də dedim ki, Ermənistan sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat vasitələrinin açılması mövzusu var. İqtisadi kommunikasiyalar da bizim üçün çox vacibdir və biz bu məsələlərin həllində səmimiyyətlə maraqlıyıq “, – deyib.

Ermənistanın baş naziri həmçinin əlavə edib ki, Ermənistan Azərbaycanla sülh danışıqlarının aparılmasında maraqlıdır, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməli olduğunu vurğulayıb. “Mən həmçinin hesab edirəm ki, bir çox məsələlərin ikitərəfli və üçtərəfli formatda müzakirəsi və həllinə ehtiyacı var. Ermənistan və Azərbaycan rəsmiləri arasında da birbaşa təmaslar planlaşdırılır”, – o deyib.

Paşinyan qeyd edib ki, Soçidə keçirilən görüşdə İrəvan və Bakıda regionda stabilləşmə ilə bağlı konkret qərarlar qəbul edilib. “Əsas odur ki, bu gün biz Cənubi Qafqazda sabitliyin yaradılması ilə bağlı konkret və ya mümkün qədər konkret qərarlar qəbul edə bilmişik, çünki bu, bizim məsuliyyətimizdir – sülh, sabitlik və insanların təhlükəsizliyi”, – deyə o vurğulayıb.

Eyni zamanda, baş nazirin sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgindir və Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisini işğal edib:

“Vurğulamaq istəyirəm ki, vəziyyət istədiyimiz qədər sabit deyil. Ötən il noyabrın 9-dan sonra hər iki tərəfdən  onlarla insan həlak olub, Dağlıq Qarabağda insidentlər baş verib. Bu il mayın 12-dən Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhran var. Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisini işğal edib”, – deyə Paşinyan sərsəkləyib.

Ermənistan Nazirlər Kabinetinin rəhbəri onu da vurğulayıb ki, Ermənistan regionda vəziyyətin sabitləşdirilməsində Rusiyanın və şəxsən Vladimir Putinin səylərini yüksək qiymətləndirir. “Aydındır ki, sizin şəxsi rolunuz və keçən il müharibənin dayandırılmasında Rusiya Federasiyasının rolu böyükdür. Noyabrın 9-dan sonra Rusiya sülhməramlıları Dağlıq Qarabağda və Laçın dəhlizi boyunca yerləşdirilib. Görünən odur ki, Rusiya Federasiyasının Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşdirilməsində və müharibənin dayandırılmasında əsas rolu var”, – deyə o bildirib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button