Paşinyan Bakının növbəti müharibəyə hazırlaşdığını deyir

Yayımlandı: 23 Fevral 2024 16:38

“Əgər Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan” hesab edirsə…”

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, hazırda Yerevanla Bakı arasında sülh razılaşmasının imzalanması mümkünsüzdür.

Baş nazir “France 24” telekanalına müsahibəsində bildirib ki, Bakı növbəti dəfə müharibəyə hazırlaşır:

“Əgər Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan” hesab edirsə və bura son hadisələri də əlavə etsək, sülhün qeyri-mümkün olduğu aydın olar. Belə bir dünya yoxdur. Bakının bəyanatlarını nəzərə alsaq, Ermənistana yeni hücum ehtimalını güman edə bilərik”, – Paşinyan bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Paşinyanın söylədiklərini əsassız adlandırıb.

Foto: XİN

Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır.

“Paşinyanın söylədikləri beynəlxalq ictimaiyyəti çaşdırmaq üçündür. Azərbaycanın müharibəyə hazırlaşdığı iddiası tamamilə əsassızdır. 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə Azərbaycana qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir”, – məlumatda qeyd edilib.

2024-cü il fevralın 12-də Azərbaycan Hərbi Prokurorluğu Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Xəlilzadənin Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralandığı haqda məlumat yayıb.

Fevralın 13-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələrinin “qisas əməliyyatı” keçirdiyi bildirilib.

DSX-in yaydığı məlumatda qeyd olunub ki, “qisas əməliyyatı” Ermənistan silahlı qüvvələrinin fevralın 12-də törətdikləri təxribata cavabdır.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfdən Nerkin-Xand istiqamətində atəşə tutması nəticəsində iki nəfər ölüb.

Ermənistan Müdafiə Nazirliyi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri saat 09:30-dan etibarən Nerkin-Xand rayonu (Sünik vilayəti) istiqamətində yerləşən qüvvələri atəşə tutublar.

Nazirlik həmçinin fevralın 12-də saat 20:50-dən 23:40-dək Ermənistan ordusunun Azərbaycan mövqelərini atəşə tutmasını təkzib edib.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı insidentlə bağlı narahatlığını ifadə edib.

Moskva Yerevanı və Bakını təmkinli olmağa çağırıb.

Fevralın 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazisindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə məlumat verib.

Yerevan Bakının bəyanatını dezinformasiya adlandırıb.

Bu gün, fevralın 23-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin atəşkəsi pozması haqda məlumat yayıb.

Müdafiə Nazirliyi bildirir ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.

Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyib.

Münaqişənin qısa xronikası

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button