Paşinyan delimitasiya üçün bütün sənədlərin hazır olduğunu deyir

Yayımlandı: 2 May 2024 12:09

“Zəmanət verirəm ki, legitimlik pis qarantdan daha yaxşı təminatdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üçün bütün lazımi sənədlərin hazır olduğunu bildirib.

Bu barədə Baş nazir mayın 1-də də Ermənitanın İctimai Televiziyasına müsahibəsində danışıb.

Onun dediyinə görə, sənədlərlə iş aparılır və bu sənədlərin müəyyən məxfilik dərəcəsi var:

“Bu sənədlərlə işləmək üçün müəyyən prosedurlar var və hesab edirəm ki, bu prosedurlarla bağlı anlaşılmazlıqlar ola bilər”.

“Delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər və əsas odur ki, Alma-Ata Bəyannaməsi hər iki tərəf tərəfindən delimitasiya prosesinin əsas prinsipi kimi qəbul edilib”, – deyə Paşinyan əlavə edib.

Hökumət başçısı qeyd edib ki, Ermənistanla Gürcüstan arasında delimitasiya 20 ildən artıq davam edir:

“Lakin bizdə ümumi anlayış var ki, bu prosesi sürətləndirmək lazımdır. Azərbaycanın timsalında, hamımıza məlum olan şərtlər daxilində delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır. Niyə? Delimitasiya aparılmadığı üçün aydındır ki, bu münaqişənin müəyyən səbəbi ola bilər. Buna görə də vəziyyəti mümkün qədər idarəolunan saxlamaq üçün münaqişənin ən böyük potensialı olan yerlərdən başlayırıq”.

Baş nazir bildirib ki, Ermənistanın suveren ərazisinin bir millimetrini belə verə bilməzlər:

“Biz sərhədi bərpa etməliyik. Bu, ölkəmizin maraqlarına da uyğundur. Qarşıdakı illərdə dövlətimiz həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq. Bu müddət ərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistanın müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu, gözünüzün qarşısında baş verir. Əgər Azərbaycan və Türkiyə bizi məhv etmək istəyirsə, o zaman biz bu istəyi cilovlamağı bacarmalıyıq”.

“Başa düşməliyik ki, bu istəyi dəyişdirə bilərik, ya yox. Yoxsa biz də hərbidən ayrılıb Baden-Badendə məzuniyyətə getməliyik? Bizi məhv etmək istəyinin qarşısını yalnız qanuni yolla ala bilərik. Yəni beynəlxalq münasibətlərimizi legitimlik əsasında qurmalıyıq. Qanunilik ən yaxşı zamindir. Zəmanət verirəm ki, legitimlik pis qarantdan daha yaxşı təminatdır. Qonşularla münasibətlərin nizamlanmasının legitimliyi düsturu hətta yaxşı zamindən də qat-qat yaxşı qarantdır”.

Paşinyan bir daha 4 kənd məsələsinə qayıdıb və deyib ki, Azərbaycana qaytarılan 4 kənd heç vaxt Ermənistanın olmayıb:

“Bu kəndlər Sovet Azərbaycanının tərkibində idilər”.

Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiya işlərinə başlanacağı bildirilib.

Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button