Paşinyan: 'Ən azı iki KTMT ölkəsi bizə qarşı müharibədə iştirak edib'

Mayın 22-də parlamentdə hökumət saatında Ermənistan baş naziri Nikol Paşinyan Belarus liderinin bugünlərdə Bakıda verdiyi bəyanatı şərh edib.

Lukaşenko Azərbaycanda səfərdə olarkən Əliyevə deyib: “Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar”.

Paşinyan vurğulayıb ki, Azərbaycan prezidenti ilə görüşdə Belarus prezidenti onun dörd ildir Ermənistana demək istədiyini deyib: “2020-ci ildə 44 günlük müharibəyə hazırlıqda biz yox, müttəfiqlərimiz iştirak edib. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ən azı iki ölkəni tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib. Bu ölkələr bizə kömək etmək istədiklərini təqlid edirdilər. Amma o müharibə Dağlıq Qarabağla bağlı deyildi. Onlar Dağlıq Qarabağ məsələsini çoxdan özləri üçün bağlayıblar. Həmin müharibə Ermənistana aid gözləntilərin doğrulmaması ilə bağlı idi. Müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğuna son qoymaq idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı”.

Paşinyan 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında oxşar cəhdlərin edildiyini, lakin uğursuz nəticələndiyini vurğulayıb. “2024-cü il mayın 9-da bir daha cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq”, – o sözlərinə əlavə edib.

Bundan əvvəl Paşinyan bildirmişdi ki, KTMT-ə etibar etmək olmaz. (Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir) Onun iddiasına görə, KTMT 2021 və 2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərini pozması zamanı cavab mexanizmlərindən istifadə etməyib. Təşkilatdan o zaman sərhədlərin delimitasiya edilməməsi ilə bağlı bəyanat səslənmişdi.

Azərbaycan rəsmiləri isə Ermənistan sərhədlərinin pozulmasını təsdiq etməmişdi.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button