Paşinyan: “Kommunikasiyaların sülh sazişindən əvvəl açılması mümkündür”

Yayımlandı: 12 İyun 2024 17:28

O, Bakını sülhün Ermənistan Konstitusiyasına görə yubadılması iddiasına görə qınayıb

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamamışdan əvvəl kommunikasiyaların açılması və sərhədin delimitasiyası tamamilə mümkündür.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdə yerli jurnalistlərə bildirib.

Praktik addımlarla real sülh yaratmaq, sonra isə sadəcə saziş imzalamaq olduqca mümkündür, lakin istənilən halda sülh müqaviləsi imzalanmalıdır”, – Paşinyan belə deyib.

Baş nazir sülh müqaviləsi layihəsinin mövcud mətnini olduqca yetkin saysa da, düzəlişlərin mümkünlüyünü də əlavə edib.

Ancaq o vurğulayıb ki, rəsmi Bakının sülh müqaviləsini Konstitusiyaya dəyişikliklərlə əlaqələndirmək cəhdi prosesə zərbədir:

“Konstitusiyanın dəyişdirilməsinə gəlincə, mən hesab edirəm ki, bu məsələni əlaqələndirmək, danışıqlar masasında olanı əlavə etmək cəhdi sülh prosesinə zərbə vurur”.

İyunun 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla görüşdə demişdi ki, sülh sazişinin imzalanmasına Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia mane olur.

İyunun 6-da Azərbaycanın dövlət başçısı İlham Əliyev də Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə Yerevanla sülh sazişinə toxunaraq demişdi ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil:

Çünki Konstitusiyada Azərbaycana, hətta Türkiyəyə də ərazi iddiaları yer alıb”.

Ondan bir gün sonra Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiasının olmadığını bildirib:

Ermənistanın Konstitusiyası və ona edilən dəyişikliklər ölkənin daxili işləridir. Biz rəsmi Bakının onun ətrafında hələ 2018-ci ildə başlayan daxili erməni müzakirələrinə müdaxilə cəhdlərini kobudluq kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirik ki, bu cür söhbətlər sülh prosesinə zərbə vurur və Azərbaycan rəhbərliyinin sülhün əldə edilməsində səmimiliyinə şübhə yaradır”.

Mayın 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan sərhədçilərinin nəzarətinə keçib.

Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiya işlərinə başlanacağı bildirilib.

Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button