Paşinyan: “Rusiya sərhədçiləri Tavuşdakı postlardan çıxarılacaq”

Yayımlandı: 20 Aprel 2024 15:35

Baş nazir razılaşmanı həm Azərbaycan, həm də Ermənistan üçün mühüm nailiyyət adlandırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı və Yerevan arasındakı ilkin razılaşmaya münasibət bildirib.

Baş nazir jurnalistlərə açıqlamasında bunu mühüm hadisə hesab edib.

Bu, Azərbaycan üçün nailiyyətdir. Bu, eyni zamanda Ermənistan üçün də mühüm nailiyyətdir. Əslində, Ermənistan və Azərbaycan artıq bir-birinin ərazi bütövlüyünün tanınmasını ikitərəfli imzalarla təsdiqləyiblər. Onlar təsdiq etdilər ki, demarkasiya (ayrılma-red) zamanı yeni sərhəd yaradılmayıb. Lakin SSRİ-nin dağılması zamanı hüquqi əhəmiyyət kəsb edən, de-yure (hüquqi və ya diplomatik tanınma-red.) sərhəd bərpa olunacaq. Bu hadisəni suverenliyimizin, müstəqilliyimizin və inkişafımızın növbəti mərhələsinin təməl daşı kimi qiymətləndirirəm. Bu təməl daşının ətrafında tikinti, yaradıcılıq prosesini həyata keçirməyi bacarmalıyıq”, – Paşinyan deyib.

Baş nazir bildirib ki, bu qərar Ermənistan sərhədi boyunca mövcud olan təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə azaldacaq.

Paşinyan həmçinin vurğulayıb ki, əslində, Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni masa arxasında həll ediblər.

“İstəməzdim ki, baş verənləri həddindən artıq qiymətləndirək. Amma bunu az qiymətləndirməyimizi də istəməzdim, çünki qeyd etmək çox vacibdir ki, əslində Ermənistan və Azərbaycan ilk dəfə olaraq masa arxasında bir məsələni həll ediblər”, – Baş nazir əlavə edib.

Paşinyan onu da qeyd edib ki, Rusiya sərhədçiləri Tavuşdakı postlardan çıxarılacaq.

Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütün istiqamətlərdə öz təsirini göstərməlidir. Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər”.

2024-cü il aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası (qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsi- red.) üzrə komissiyalarının iclası keçirilib.

Toplantıda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib.

Görüşdə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanis Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya (yerin bölünməsi-red.) ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilməsi qərara alınıb.

Həmçinin qeyd olunub ki, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button