Pirallahı körpüsünə qədər olan yol yenidən qurulacaq FOTO/VİDEO

pirallahi

Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisində son tamamlanma işləri aparılır. Artıq işlərin 97 faizi yekunlaşdırılıb.

Tikinti işlərini həyata keçirən “Azəryolservis” ASC-dən azertag.az-a verilən məlumata görə, “Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması” layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb. Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq mərhələli şəkildə aparılır.

Layihə çərçivəsində inşa edilmiş və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün eni 14 metr, uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə isə uzunluğu 1360 metrdir.

Hazırda körpünün dəmir konstruksiyalarının rənglənməsi, temperatur şovlarının quraşdırılması, körpünün alt hissəsinin aşınmasının qarşısını almaq məqsədilə xüsusi maddə ilə örtülməsi işləri gedir.

Eyni zamanda, Pirallahı qəsəbəsinə gedən kommunikasiya xətlərinin köçürülməsi işləri də yerinə yetirilir. Bunun üçün körpünün alt hissəsində, hər bir istiqamət üzrə xüsusi dəmir konstruksiya quraşdırılıb. Körpünün alt hissəsindən gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçidin açılacağı ilə bağlı kommunikasiya xətləri yuxarı qaldırılıb.

Bundan başqa, Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması da nəzərdə tutulub. Belə ki, 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq. Paralel olaraq Pirallahı qəsəbəsini körpü ilə birləşdirən mövcud avtomobil yolunun asfalt-beton örtüyünün dəyişdirilməsi işləri də yerinə yetiriləcək.

Layihənin 2016-ci ilin iyun-iyul aylarında tamamlanması planlaşdırılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button