Piyadaları vurub qaçan sürücü yaxalandı

prokurorluq.jpg

Neftçala rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb olunub.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, martın 4-də saat 16:30 radələrində Neftçala rayonu, Xolqaraqaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Şahpələng Muradov sürücülük hüququ olmadan idarə etdiyi yedəkli motosikllə kənd ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyadalar – həmin kənd sakinləri, 1971-ci il təvəllüdlü Güldəstə Zeynalova və 1969-cu il təvəllüdlü Yeganə Təhməzovanı vuraraq hadisə yerindən qaçıb:

“Hər iki şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, sonuncu aldığı xəsarətlərdən vəfat edib, G.Zeynalovanın müalicəsi isə davam etdirilir.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şahpələng Muradov tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button