Poeziyani duymayan dirilər də ölüdür!

Rafiq Tağı: “Bəyəm yazıçı gəlindir, yoxsa göylərdən Azərbaycana gəlin gəlib?!”

– Rafiq bəy, siz əvvəllər “Ekstremal şeirlər” yazmışdınız, ancaq daha çox hekayələrinizlə tanınırsınız. Markes deyirdi ki, hekayə mənim üçün ən çətin janrdır. Rafiq Tağı üçün hekayə “müqəddəs”dirmi?

– “Ekstremal şeirlər” şeirlərimin ancaq ekstremal qismidir. Bir vaxt “Moskva dəftəri” silsiləsini üzə çıxarmışdım. Gənclikdə yazdıqlarım hələ durur. Hekayələrim əslində şeirlərimin davamıdır; daha çox da poemaya oxşayırlar. Markesə çətin görünən janr mənim üçün asandır. Özü də yazıçı üçün bu “çətin” nə deməkdir? Çətindir, yazma, nə ölümdür. Mən hekayəni şeir kimi birnəfəsə – vaxt baxımından, bir-iki saata yazıram. Böyük şövq və sevinclə.

“Hekayənin müqəddəsliyi” – düzü, bu deyimi başa düşmədim. Belə götürəndə, Yer üzündə müqəddəslik yoxdur, olsa-olsa onun haqqında təsəvvürlər var.

Müqəddəsliklər yüngül tədqiqə belə davamsızdır, ötəri tənqidi baxışdan da tarmar olur.

Müqəddəslər insanlığın acizliyi, tənbəllik və həm də tüfeyliliyi, zəhmət çəkmədən girdabdan qurtulmaq istəyindən doğulur.

– Ədəbiyyatımızda elə bir vaxt gəlib ki, hamı roman yazır. Əlinə yeni qələm alan gəncin ilk olaraq bu janra “hücum çəkməsi” nə dərəcədə düzgündür və yaxud siz bugünkü “roman epidemiyası”nı necə qiymətləndirirsiniz?

– “Epidemiya” təhqiramiz sözdür. Mən başqa cür qiymət verərdim: diktaturadan uzaqlaşdıqca, millətin iç gözəllikləri üzə çıxır, ədəbiyyatımızda intibah dövrü başlayır. Özü də bu intibahı rəsmi qurumlar düzənləmir, hər şey öz-özünə gəlişir. Əksinə, rəsmi qurumlar bu sürəçdə bəlkə də əyləç rolu oynayır.

İntibah millətin ayağa durub başıuca yeriməsidir.

Roman yazanlara kəc baxmaq nəyə gərək? Roman yazmaq cinayət deyilsə, qoy yazsınlar. Üstəlik də, roman janrı heç kəsin şəxsi mülkiyyəti deyil.

Üstəlik, gənclər indidən roman yazırsa, gələcəkdə onlardan daha böyük şeylər gözləməyə və istəməyə haqlı olacağıq.

– Dünyada gedən bu “nəsr inqilabı” şeiri “taxtdan endirdimi”? Sizin fikrinizcə, şeir, çoxlarının düşündüyü kimi, ölübmü?

– “Şeir ölüb” deyənin özü ölmüş sayılmalıdır. Yalnız ölülər poeziyanı duymaz; poeziyanı duymayan dirilər də ölüdür. İşə bax, poeziyanın ölməsi fikrini ölülər formalaşdırıb. Hərdənbir əvvəl dediklərimi təkrarlamalı oluram: poeziya insanlığın xassəsidir. Poeziya elə həm də nəsrin tərkibindədir. Tərkibində poeziya olmayan istənilən əsər mənasızdur, düşünürəm.

Poetik olmayan heykəl daş yığnağından başqa bir şey deyil.

Nəsr poeziyanın bir növüdür.

– Tez-tez ictimai fikrin daşıyıcısı kimi müxtəlif mətbu orqanlarda müsahibələr verirsiniz. Yazıçının bu qədər “ağsaqqal sözü” deməsinə ehtiyac varmı, yaxud yazıçı daim görünməlidirmi? Onun bir kənara çəkilib yazması, öz əsəri ilə “danışması” kifayət deyilmi?

– Yazıçının “bir kənara” çəkilməsi nə demək ola? Bəyəm yazıçı gəlindir? Yoxsa göylərdən Azərbaycana gəlin gəlib? Bəlkə təklif edək: yazıçı yaşmaq da vursun? Yaxşı tanıdığımız Lev Tolstoy bir kənara çəkilmişdi, yoxsa Dostoyevski? Düzdü, dediyinizə uyğun nümunələr də az deyil. Ancaq onlar əsasən xəstəhal, mizantrop insanlar olub. Axtarsan, onlar psixiatrik müalicə də alıblar. Yazıçı ictimai fikrin həmişə tən ortasında görünməlidir, özü də siyasətçidən diferensiasiyalı tərzdə.

Diri görünər, ölü yox.

Qaldı ki… mən ağsaqqal sözü demirəm. Bizdəki ağsaqqallıq statusuna da yaxşı baxmıram. Ağsaqqal insanların ən ağıllısıdırsa, demək, qalan hamı ağılsızdır. Cəmiyyət ağsaqqalın fikrinə möhtac qaldısa, batdı. Özü də ağsaqqal kimi tanıdıqlarımız əksərən xeyir daşıyıcısı olmur, hərəkətlərində də diktata əsaslanırlar. Ağsaqqal sözü avtoritarlığı ehtiva edir. Ağsaqqal, bir qayda olaraq, azadlığı anlamır, insanı da ondan yayındırır. Bütün Yaxın Şərqi, ərəb dünyasını islama əsaslanan ağsaqqallar yaman günə qoymayıbmı? Xalqın sərvətini Qurandan sitatlarla talamırdılarmı? “Yaşıl kitab”ı cani Müəmmər Qəddafinin başına dəysin. İranda ağsaqqal adlanan ayətullahlar insan azadlıqlarını qalın cildli traktatları altında əzmirmi?

Mən heç vaxt yersiz danışmamışam, həmişə də kimlərinsə soruşduğu, onlara maraqlı görsənən spontan sözlər demişəm. Bax, bu saat da sizin sualları cavablandırıram. Suallarınız olmasaydı, cavablarım da olmayacaqdı. Yeri gəlmişkən, sizin təşəbbüsünüzlə gör nə qədər ideya ortaya çıxdı.

Mən söylədiyim bu fikirlərə görə sizə təşəkkürümü bildirirəm.

– Ədəbiyyatımızda gündəmdə olan o qədər “yazıçılar” var ki, onlar mətbuatda özlərini az qala dahi hesab edirlər. Ancaq əsərləri haqqında danışmağa belə dəyməz. Bu kimilərin “ədəbiyyatın atası” kimi çıxış etməsi hansı məntiqə sığır?

– Sizcə, onlar özünü yazıq-binəva hesab etsəydilər, daha yaxşı olardımı? Özünü dahi sananların içində gələcəyə inam güclüdür. Bu inama hörmət bəsləməliyik. Gələcək onlara nikbin görünür, əla. Şəxsən mənim ölüvay insandan, daim ağlayıb-sıtqayan psixoloji degeneratlardan zəndeyi-zəhləm gedir. Puşkin nə deyirdi:

“Ya pamyatnik sebe vozdviq nerukotvornıy,

K nemu ne zarastyot narodnaya tropa”.

Ayxan, ay dostum, sizdə – gənc bir yazıçıda, bu “Novruzəli kompleksi” hardandır? “Mənim nə işimə”, “mən kiməm ki” – insanı tərpənməyə qoymayan bu xarakter sizin içinizdə necə formalaşıb? Məncə, sizin belə olmağınızda təhsil aldığınız müəssisə günahkardır. Kaş siz ali təhsil almayaydınız, Ayxan. İnciməyin, özünüz təmiz oğlan, içinizdəki tendensiyalar naqisdir.

– Kiçik bir düzəliş: mən ali təhsilimi hələ də davam etdirirəm. Özü də mənim fikirlərimi ali təhsil müəssisəsi heç cürə dəyişə bilməz. “Novruzəli kompleksi” isə mənə tamam yaddır. Yəqin ki, sualda anlaşılmazlıq oldu. Yeni yazarlar özlərini tanıtsın, lap özləri haqqında yüksək fikirdə bulunsun. Çox gözəl, razıyam. Ancaq yazarların bunlardan başqa ortada bir əsəri olması lazım deyilmi?

– Ortaya “çiy kərpic”lər qoyulursa, onlar yalnız mal tövləsi tikməyə yarayar. Razıyam, mal-qaranı soyuqdan qoruyan kərpiclər də faydalıdır. Ancaq dünyada-həyatda insana yaraşıq verən daha uca şeylər var.

– Bu gün “qınına çəkilib” yazan yazıçılar var ki, ictimai mühit onları tanımır, yaxud da həmin yazıçıları tanıtmaqdan çəkinir. Mübariz Cəfərli, İman Usuboğlu, Azər Abdulla, Əli Həsənli və bu kimi mühüm yazıçılar bunlara misaldır. Siz ictimai fikrin diqqət çəkən bir ismisiz. Nəyə görə bu yazıçıları ictimai fikrin diqqətinə yönləndirmirsiniz?

– Məni danışdırırsınız. Anlamıram, siz “qınına çəkilməy”i yaxşı əməl bilirsiniz? Yoxsa “qınına çəkiləndə” yazıçını tərbiyəli sanacaqlar? Dünya qazan kimi qaynayır, beynəlxalq şər at oynadır, amma hardasa, bir küncdə bəzi yazıçılar tərbiyəli şəkildə romanlar yazır. Bilmək gərək, irəliyə yürüyən insan bu romanları özüylə götürəcəkmi?

“Qınına çəkilən” yazıçını çökdüyü yerdən domkratla da qaldırmaq, cəmiyyətin ortasına min at gücüylə də dartıb gətirmək mümkün deyil.

Mübariz Cəfərli də, İman Usuboğlu da bizim yaxşı yazıçılarımızdandır. Usuboğlunun çoxdan oxuduğum “Fors-major” hekayəsi təmiz klassikadır. Bu tipli yazıçıların yeganə qüsuru “başını aşağı salıb” işləmələridir. Hərdən başını qovzayıb bir ətrafa da boylanmaq pis olmazdı.

Yazıçının borcu cəmiyyətə stimullaşdırıcı impulslar ötürməkdir.

– Milli Kitab Mükafatı keçən il narazılıqla qarşılanmışdı. Siz və Həmid Herisçi AYO-nun boykot elanına baxmayaraq, müsabiqədə iştirak etmişdiniz. Bu il AYO yenə boykot elan etdi, ancaq boykotçulardan Qan Turalı ekspert seçildi və AYO-da “soyuq küləklər” dövrü başladı. AYO-dakı bu anlaşılmazlıqları necə xarakterizə etmək olar?

– AYO-nun qərarı keçən dəfə mən müsabiqəyə əsər təqdim edəndən sonra verilmişdi. Qərar deyəndə, qardaşlıq tövsiyəsi. Ağıl ağıldan üstündür, toplumdakı bəzi biclikləri mən dərk etmirəm deyə, əlbəttə, o tövsiyəni eşidərdim. Özü də nooldu ki – müsabiqədə qalib yenə öz azərbaycanlımızdır. Faciələrimiz təki elə ədəbiyyat-mədəniyyət müstəvisində olsun. Əlbəttə, mən o müsabiqəyə qazanc məqsədi ilə yox, Azərbaycanda işıqlı sandığım bir prosesdə iştiraka görə qatılmışdım. Həvəsləndim. Etimadım doğrulmadı. Indi də Qan Turalı – müsabiqəyə hətta ekspert kimi qatılıbsa, bunu da faciəyə döndərməyək. Azərbaycanın faciələri tamam ayrı yerlərdədir. Mən Qan Turalını çox istəyirəm, ictimai həyatımızda böyük rol oynayan bu insanın xırda qüsurlarına həmişə də göz yumacağam. Mən onunla dostluqdan fəxr duyuram.

“Boykot” siyasi hərəkətdir. AYO-çular belə şey düşünməyib. Sadə bir izah: biz bu müsabiqədə keçən dəfə baş vermiş haqsızlıqlara görə iştirak etmirik.

İstərdik də MKM ildən-ilə çiçəklənsin, ən azı ona görə ki, gözəl Nigar Köçərlinin təşəbbüsüdür.

…AYO-da soyuq küləklər əsməsini sizdən eşidirəm.

– Ədəbiyyata “gənclər axını” baş verib. Bu qarışıqlıqda kimləri gələcək üçün ümidli saymaq olar?

– Ədəbiyyata “gənclər axını”nı qarışıqlıq saymaq məntiqli deyil. Çöldə lalə, ya nərgiz bolluğuna qarışıqlıq demək olarmı? Biz “gənclər axını”na sevinməliyik. Cinayətkarlar əvəzinə yaradıcılarımız artır. Şairdən bol millət pis ola bilməz. Yaradıcı insanlarımızın çoxalması cəmiyyətin demokratikləşməsi prosesinə pozitiv reaksiyadır. Avropalaşmağımız Şərqdən üstünlüyümüzdür. Keçən əsrin əvvəlindəki maarifçi ziyalılarımız bütünlüklə Avropa təfəkkürlü insanlar idi. Məhəmməd Hadi “Mən Şərqə cəhənnəm deyirəm, Qərbəsə cənnət”, deyirdi. Maarifçi ədəbiyyatımız Azərbaycanda dini xurafata əsaslanan rejimlərə dayanıqlı immunitet yaratmışdır. Artıq dövlətimizin irəliyə atılımlarını dini bəhanələrlə əngəlləmək mümkünsüzdür. İndiki gur ədəbi proses də diktaturalara immunitet yaratmaq iqtidarında olacaq.

Proses özlüyündə ümid verirsə, bir-iki gəncin adını çəkmək yersiz çıxmazmı? Həm də bir-iki yaradıcını əbədiyyətə saxlamaq zamanın işidir, bizim yox.

– İndiki ədəbi nümunələrin bir çoxunun içi, milli qatı yoxdur. Yadlaşma, Qərb təfəkkürünə transfer əsərlərdə üstünlük təşkil edir. Niyə Azərbaycan yazıçılarının çoxu içini, bildiyini deyil, onun üçün yad olan ünsürləri yazmaqla məşğuldur? Bəlkə bu, populyarlaşmağa xidmət edir?

– İçini yazmaqla iş bitmir. Toplum bir fərdin melanxolik, ya sanqvinik düşüncələrinə qapılıb qalmamalıdır. İnciməyin, siz də mövhumatçılar kimi bəşəriyyəti irəli tullamış Avropaya xor baxırsınızsa, şəxsən mənim üçün maraqlı deyilsiniz. Dünya doğulduğumuz kənddən ibarət deyil. Yazıçı içində titanik fikirlərə dözümlülük yaratmalı, onları deməyə özündə vərdiş aşılamalıdır. Bəşəriyyəti yad ünsür saymaq yazıçıya yaraşmaz. Qeyri-müsəlmanları kafir sayan bir molla olsaydınız, bəlkə buna bir əhəmiyyət verməzdim. Siz işıq saçmalı olan yazıçısınız. Elmi-texniki tərəqqini insanlığa Qərb təfəkkürü bəxş etməyibmi? Bu yazını sizə yollamaq üçün İnternet imkanını mənə İran mollaları yaradıbmı? Əxlaq insan azadlıqlarını genişləndirməkdədir, hicab bağlamaqda yox.

Mən Bethoveni, Nitşeni qiymətləndirməyəni normal insan saya bilmərəm.

Qərb ibadətlə yox, Allah sirlərini açdıqca, ona yaxın olmadadır.

…Dediyiniz populyarlaşma iddiaları mənə çatmır.

– Rafiq bəy, mən Qərb dəyərlərinin, Qərbin yaratdıqlarının üstündən xətt çəkmirəm.

– Əvvəl xətt çəkirsiniz, sonra deyirsiniz çəkmirəm. Dərhal müdafiəyə keçirsiniz. Gah nala, gah mıxa vurmaq nə lazım?

Şərqliliyinizi bir günah kimi boynunuza alın.

– …Dünyəvi, bəşəri mövzular yazan Lev Tolstoy həm də axı, rus yazıçısıdır. Və yaxud Çingiz Aytmatov haqqında eyni şeyləri demək olar. Bəşəri mövzunu yadlaşma saymıram. Azərbaycan yazıçısı Qərb düşüncələrini əsərində işıqlandırsın, çox gözəl. Amma bir yandan da onun əsərində özü görünməli deyilmi? Yəni dediyim odur ki, Azərbaycan türkünün əsərini oxuyanda gözümüzün önündə həm də Azərbaycan yazıçısı canlansın.

– Sizi başa düşürəm. Ancaq Güney və Quzeyin inək-camışından yazanda da adam Azərbaycan yazıçısı olmur. Eşşək adamlardan yazmaqla milli olmurlar. Savaşımız hüdudsuz təfəkkür uğrundadır. Azadlıq uçuşlarını bacarmayan yazıçı içini də yaza bilməyəcək. Gölməçədə yaşamağa öyrəşənlər heç vaxt gölməçə mühitindən savayı bir şey ortaya qoyası deyil.

Bağışlayın ki, bir az kəskin və acı danışdım.

…Kimdənsə qəhrəmanlıq tələb etmək bəlkə də mənim səhvimdir.

– Dili suçlayan yazarlarımız çoxdur. Azərbaycan dilində yazmaq belə çətindir ki? Yoxsa bu, yaza bilməyənlərin bəhanəsidir?

– Ana dilinin suçlanması böyük qəbahətdir. Bəri başdan deməliyəm ki, “Azərbaycan dili” ifadəsi siyasi basqılarla ET Dilçilik İnstitutunun da imza atdığı terminoloji xətadır. “İran dili”, “Rusiya dili”, ya məsələn, “Misir dili” ifadələri yoxdur. Danışdığımız dil Azərbaycan türkcəsidir. Ümumən, türk dili içində həyat qaynayan canlı bir okeandır. Yadımda olanı, son dövrdə dilimizi ancaq dostum Əli Əkbər suçlayıb. Bir yazıçı olaraq, bu onun elmi-metodoloji səhvi idi. Məncə, hər təzə romanında o, dilin gözəlliyini daha artıq duymadadır. Söz ehtiyatı az olan uşaq da əl-qol hərəkətləri ilə fikrini çatdırmağa məcbur olursa, burda dilin nə günahı? Maşallah, Əli Əkbər mütəmadi yazır, fikir dairəsi də çox geniş. Sadəcə, millətə-dilə dair əcaib komplekslərdən hələlik qurtula bilmir. Qurtulmağa can atmır da. Neynək, hey yazarıq, deyərik, axır onun qəlbində millətə rəngarəng sevgilər cücərdərik.

Millət sevgisi bizdən Əli Əkbərə bir ərməğan olar.

– Son zamanlar oxuduğunuz əsərlər və yaradıcılığınızda yeniliklər nədən ibarətdir?

– Barı bunlarısa sirr olaraq saxlayaq…

Söhbətləşdi:

Ayxan

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button