Polad Ələmdarmı olaq?

Qaranlıq məqam

 Bakir Həsənbəyli

 Oxudum ki, insan dinləyən, hər addımını belə izləyən qurğu gətirəcəklər. Əslində, heç narahat olmadım. Çünki narahat olacaq işlərim də yox. Mən də bu məmləkətin iqtidarı kimiyəm, gizlətmək istədiyimi gizlədə bilirəmmi? Mənim də huyum belədi, bir şeyi ki, kafama takdım, oldu-bitdi. Mən suçluları heç sevmərəm. Onları bağışlamaq kimi bir xasiyyətim də yoxdur. Mənim bu həyatda, bu məmləktdə tək bir şeyə sayqım var – bu məmləkətin insanına. Ən yaramazını belə sevirəm. Bilirəm ki, içdən, könüldən yaramazlıq etməz mənim qardaşım. Lakin dövlət görəvi, bu iqtidarla işbirliyi, suç ortağlığı olmayan soydaşım mənimdir. Ziya Məmmədov mənim ola bilməz axı. Məmləkət insanını Tanrısından asi düşməyə belə vadar edir. İnsanlar haqqı olanları belə almaqda zorluq çəkirlər. Adamın arzusu pul, Tanrısı pul. Heç sevmədim bu adamı. Kəmaləddin Heydərovu da bu məmləkətdə sevəcəyim insanların sırasına qətiyyən qoya bilmərəm. Lap bizim kənddə mal-qoyun nobatına gedən görsəm və mənə yaxınlaşıb – abi, məni sevirsənmi – söyləsə belə – “ya get işinə, Allah aşqına” deyərəm. Onu nə vaxtsa bağışlayacaq kimi bir halim də yox. Onun nəinki özü, hətta sevib qucaq açdıqları, para-pul verdikləri belə bu millətə qənim kəsildilər. Sanki kəramət adamın pulundadır. Qardaşım, Heydərovun pulunu yeyən yalan danışır, atır, ara vurur, nə bilim, daha nə hoqqalardan çıxır. Biri var idi, adam durmadan yalan danışırdı. Əvvəllər başa düşmürdüm. Hərdən öz-özümə fikirləşirdim, “Allah, Allah, adam bu qədər yalanı haradan tapır? Bu qədər söz ehtiyatı, həm də yalan düşünməkmi olar?” Olarmış qardaşım, həm də bal kimi olarmış. Sən demə, Heydərovun pulu udlaqdan keçən kimi sxem işə düşürmüş. Abi, Allah xatirinə birdən məni sevib para-pul göndərərsən, nə olur etmə. Yaş 40-ı keçib. Bundan sonra…

Mən Ramiz Mehdiyevi də heç sevməm. Niyə sevim ki? Bəyəm dost-tanış mənə məhəllədə, öz aralarında Siyavuş Novruzovmu deyir. Demə qardaşım, demə. Sənin sevgin belə buz kimidir. Mən Siyavuşun hər danışanda saçlarının niyə biz-biz durduğunu elə bu köşəmi yazarkən bildim. Çünki səni sevməyin nə demək olduğunu düşünmək üçün vizual da olsa sevməyi düşündüm. Sən Mübariz Qurbanlını sev, bəlkə o da Elarizə oxşadı.

Mən Əli Həsənovun adını və soyadını sevərim. Özünü isə heç sevməm. Axirətdə ciddi cəzalandırılacağına isə əlhəmdülillah, içimdə sarsılmaz bir inamım var. Yəqin “adam, adı Əli, soyadı Həsən olan bir şəxs bu qədərmi…” saymaq istəmirəm abi, Əvəz Zeynallı 3 min işarədən çox köşə yazmamağı xahiş edib məndən. Əli Həsənovun suçunu saysam gərək xüsusi buraxılış olsun. Parammı var, abi. Para Heydərovun uşaqlarında. Adamlar divar kağızı buraxırlar, Heydərovun umrunda belə deyil. Onlar narahatmı olurlar? Əsla. Elə “ver, Allahım, ver… Pardon, ver, Heydərovum, ver” deyirlər.

Nə isə, indi qardaşım, nəyimizi dinləyəcəksiniz? Yaxşı, hər gün “Xural”a gəlib-gedəndə məni gördünüz. Olsun. Danışıqlarımı dinlədiniz. Olsun. Ya sonra? Elə bilirsiniz, hansısa qurğu qəlbimə sevgi toxumumu əkəcək? Ya gedin işinizə, Allah eşqinə. İndi bundan sonra nə edək, Polad Ələmdar olub kodlamı danışaq? Elə isə mən bu gündən başlayım. Sonrasına Allah Kərimdir.

“Sabah yağış yağacaq, şimşək çaxacaq”. Bu – “mən səni heç sevmədim, İlham Əliyev” deməkdi. Qardaşım, mənə qurğumu lazım?

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button