Polad Aslanov beşinci gündür ki, aclığı davam etdirir

Jurnalist Polad Aslanov iyulun 12-də koloniyada başladığı aclıq aksiyasını davam etdirir. Bu barədə Turan-a onun xanımı Gülmirə Aslanova bildirib.

“Dünən Polad evə zəng etməliydi. Ancaq ona bu gün zəng etməyə icazə veriblər. O bildirdi ki, dünən Qırmızı Xaç nümayəndələri ona baş çəkiblər. Onlar aclığı dayandırmağı təkidlə tövsiyə ediblər. Qırmızı Xaç əməkdaşları deyiblər ki, əgər Polad istəsə, başqa koloniyaya köçürülməsinə kömək edə bilərlər. Ancaq Polad bunun heç bir nəticə verməyəcəyini deyib, çünki problem onun cəza çəkdiyi 1 saylı koloniyanın personalında deyil. Başqa koloniyada da eyni şey olacaq və bu, ona qarşı qərəzli münasibət, onun işinin siyasi xarakterilə bağlıdır”, – Aslanova deyib.

O qeyd edib ki, aclıq aksiyasının davam etməsinə baxmayaraq, həyat yoldaşı hələ də digər məhbuslardan təcrid olunmayıb.

Onun sözlərinə görə, jurnalist aclığı davam etdirir. O, xarici səfirliklərin – ABŞ, Avropa İttifaqı ölkələrinin əməkdaşlarının ona baş çəkməsini istəyir ki, koloniyadakı vəziyyət, onun hüquqlarının pozulması, “digər məhbusların onun əleyhinə qaldırılması “barədə birbaşa məlumat versin.

Bundan öncə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Aslanovun aclıq etməsi, ona təzyiqlərin olması barədə məlumat həqiqətəuyğun deyil.

Xatırladaq ki, Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il azadlıqdan məhrum edilib.

O, ittihamı rədd edərək, bildirib ki, onu hüquq-mühafizə orqanlarında korrupsiya ilə bağlı materialların dərcinə görə cəzalandırıblar.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq- müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button