Polad Bülbüloğlu saxta sənəd satır

Rusiya səfirliyi ilə bağlı araşdırma aparılır

 Azərbaycanın Rusiyadakı səfirliyində vətəndaşların pasportlarına saxta möhür vurulur. Bu barədə redaksiyamıza Tovuz rayon sakini Aynurə Nağıyeva məlumat verib. A.Nağıyeva 3 ildir ki, Rusiyada yaşadığını bildirdi: “Rusiyada övladımız dünyaya gəldi. Uşağa orada şəhadətnamə verdilər. Azərbaycana gələndə pasportuma uşağın şəklini vurmaq lazım gəldi. Səfirliyə getdik. Orada pasporta şəkil vurdurmaq istədiyimi bildirdim. Mənə dedilər ki, kassaya 700 rubl pul ödəməliyəm. Mən kassaya pulu ödədim. Lakin mənə qəbz vermədilər. Qəbzi tələb edəndə də dedilər ki, burada qəbz verilmir. Orada saat 3-ə qədər gözlədik. Əlimdə körpə uşaq olduğundan səfirliyin əsas binasına gedib, möhürün tez vurulmasını xahiş etdik. Oradakı mühafizəçi bizə dedi ki, məsələni həll edərik. Orada katibə ilə danışdı. Biz yenidən sənəd verilən yerə qayıtdıq. Bizə bildirdilər ki, məsələ həll ediləcək. Oturun gözləyin adınız çəkiləndə gələrsiz. Saat 5-ə hamının adı çəkildi. Bizim adımız çəkilmədi. Yenidən onlara yaxınlaşdıq. Dedilər ki, oturun, 5 dəqiqəyə sənədiniz hazır olacaq. Az sonra pasportuma möhür vurub yola saldılar”.

Aynurə xanım Gəncə Hava Limanında sərhədçilər tərəfindən saxlanıldığını bildirdi: “Hamı kimi pasport yoxlamasına girdik. Pasportumu alıb baxdılar. Dedilər ki, gedin yükünüzü gətirin, geri qayıdın. Yükümüzü götürüb geri qayıtdıq. Bizə bildirdilər ki, uşağın səklinin üstünə vurulan möhür saxtadır. Məndən izahat aldılar. Hər şeyi olduğu kimi izahatda yazdım. Orada məndən izahat götürən şəxs dedi ki, sizin kimi 140 nəfərin pasportunda saxta möhür aşkarlanıb. Mənim sənədlərimi geri qaytarmadılar. Bakıya baş idarəyə göndərdilər. Dedilər ki, sentyabrın 30-da baş idarəyə gedin, sənədinizi oradan alın. Deyilən faxt orada oldum. Yenidən məndən izahat aldılar. Bildirdilər ki, pasportdakı möhür ultra şüa müayinəsi zamanı saxta çıxıb. Ayın 12-də ekspertiza son rəy verəcək”. A.Nağıyeva pasportuna möhürün səfirlikdə vurulduğunu bir daha dilə gətirdi: “Səfirlik kameralarla doludur. Gedib yoxlasınlar. Məndən nagah şəhadətnaməsini tələb edirlər. Deyirlər ki, araşdıracağıq ki, uşaq həqiqətən də mənimdirmi? Belə haqsızlıqla heç zaman üzləşməmişəm”.   

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button