“Polad” müəmma: Heydər Əliyevin “ekonomik əsgərləri” necə sıradan çıxarıldılar?

“Qara günə qoyulmuş qara metallurgiyamız”

 

IV yazı

 

Heydər Əliyevin “ekonomik əsgərləri”

 

Ötən yazılarımızda qeyd etdiyimi kimi, Azərbaycanda qara metallurgiya sənayesinin inkişafı mərhum ölkə başçısı Heydər Əliyev tərəfindən dövlət müstəqilliyimizin təminatı kimi qiymətləndirilmiş və bu istiqamətdə konkret addımlar atılmışdır. İstər Zülfüqar qardaşlarının, istərsə də Nazim Bəydəmirlinin mətbuata verdiyi açıqlamalarına görə, onlar şəxsən Heydər Əliyev tərəfindən ölkəmizə dəvət olunmuş və qara metallurgiya sahəsinə investisiya qoymağa təşviq edilmişdilər. Hazırda Rasim Məmmədovun idarəçiliyi altında fəaliyyət göstərən “Baku Steel Company” şirkətinin keçmiş sahibi və qurucusu Pərviz Paolo da eyni qaydada Azərbaycana təşrif buyurmuşdu. Sözügedən şirkətin açılışında çıxış edən Pərviz Paolo özünü “Heydər Əliyevin ekonomik əsgəri” adlandırarkən, görünür, buna işarə edirdi.

İndiki prezident İlham Əliyev də müxtəlif çıxışlarında Azərbaycan iqtisadiyyatının bel sütununun qeyri-neft sektoru olduğunu vurğulamış, neft strategiyasını bu ali məqsədi həyata keçirmək üçün bir vasitə kimi dəyərləndirmişdir. Ölkə başçısının 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasında da bu niyyət açıq şəkildə ortaya qoyularaq qeyd olunmuşdur:

Neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılmış, son on ildə qeyri-neft sektorunun orta illik artım tempi 11 faiz olmuşdur. Qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası sözügedən dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir”.

Sözsüz ki, metallurgiya sənayesi qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir və bu Prezident tərəfindən dəfələrlə etiraf edilib. Amma xeyli maraqlıdır ki, hər iki liderin bu strateji hədəflərinə baxmayaraq, mərhum Heydər Əliyevin vəfatından bir neçə il sonra onun “ekonomik əsgərləri”nin başları üzərindən qara buludlar əskik olmayıb. Metal monopoliyasının ilk basqısına məruz qalan isə metal sənayesinə ən böyük kapitalı qoyanlardan biri – Zülfüqarlı qardaşlarıdır. Nurəddin Zülfüqarlının 2011-ci ildə mətbuata verdiyi müsahibədən o da anlaşılır ki, qardaşlar hələ Heydər Əliyev sağkən, bəzi iri məmurların təzyiqlərinə məruz qalıblar. Əsl problemləri isə 2005-ci ildən sonra ortaya çıxıb:

 

Zülfüqarlı qardaşlarını həbsə aparan cəsarətləri

 

«Hələ 2002-ci ildə Heydər Əliyevin iş adamları ilə görüşündə tənqidi çıxış etmişdim və bu tənqid rəhbər işçilərin birbaşa ünvanına idi. O zaman çıxışıma Heydər Əliyev də, iş adamları da dəstək verdi. Həmin il biznesmenlərin fəaliyyətinə qarşı yaradılan xeyli problemlər çözülməyə başladı. Ancaq tənqid etdiyim qurumların rəhbərlərində mənə qarşı düşmən münasibəti yarandı. Sadəcə, Heydər Əliyevdən qorxduqlarından açıq şəkildə bu niyyətlərini büruzə vermirdilər. 2004-cü ildə isə İlham Əliyev iş adamları ilə Biznes Mərkəzində görüşdü. Mən həmin vaxt prezident yanında Sahibkarlar Şurasının üzvü və Sahibkarların Hüququnun Müdafiə Komitəsinin sədri idim. Başqaları sussa da, mən bu dəfə də çıxışımda mövcud problemləri sadalamalı oldum, iş adamlarının fəaliyyətinə DIN, prokurorluq, yol polisinin müdaxiləsi barədə tənqidlərimi çatdırdım. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin bizim yenidənqurma işlərinə cavab verməməsi, hərəkətsizliyinə toxundum. Bu məsələlərə tez reaksiya verildi və qısa müddətdə bəzi problemlərimiz həll olundu. Ancaq eyni zamanda bəzi dövlət qurumları mənə qarşı aqressiv mövqe tutdular. Həmin görüşdən sonra prezidentin iş adamları ilə görüşünə bizi daha dəvət etmədilər».

 

Kərəm Həsənovun mülkiyyət hüququ anlayışı: 20%-80%  bölgüsü

 

Müsahibədə vurğulandığına görə, 2005-ci ilin oktyabr ayının əvvəlində yeni təyin olunmuş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən idarəyə dəvət olunan Nurəddin Zülfüqarlı gözləmədiyi təkliflə üzləşir. Qeyd edilir ki, ölkənin əmlak məsələlərinə baxan Kərəm Həsənov ona müəssisələrə iddialı adamların peyda olunduğunu deyir. Əvvəl bu söhbətə əhəmiyyət verməsə də, bir neçə aydan sonra Nurəddin Zülfüqarlının qarşısına eyni təklif daha konkret şəkildə qoyulur:

“Dekabrda Kərəm Həsənovla Əmlak Komitəsinin İri Özəlləşdirmə Müəssisələri İdarəsinin rəisi Rüstəm Şahbazov məni görüşə dəvət etdi, konkret söhbət oldu. Kərəm Həsənov dedi ki, hər iki zavodu geri qaytarmaq lazımdır. Anlamadım və söylədim ki, necə yəni qaytarmaq lazımdır və kimə? Dedi ki, gizlətmirəm, sənin zavodunda yüksək vəzifəli məmurların gözü var, könüllü şəkildə bu müəssisələrin 80 faizini onlara vermək lazımdır. Etiraz etdim ki, bu batmış zavodları tender vasitəsilə almışam, dövlət rüsumlarını, investisiya proqramlarını yerinə yetirmişəm, 10 milyonlarla dollar sərmayə qoymuşam, belə olduqda müəssisələri əvəzsiz olaraq məmurlara vecə verə bilərəm?! Hər ikisi dedi ki, onlardan asılı deyil, əgər könüllü razılaşmasan, sənin də, ailənin də başı ağrıyacaq, bu məsələ yalnız səninlə bağlı deyil, başqa adamları da çağırıb söhbət ediblər. Mən kəskin şəkildə etirazımı bildirdim, bunun qeyri-qanuni, quldurluq olduğunu, bu barədə prezidentə müraciət edəcəyimi söylədim. Söhbətimiz onların “özün bilərsən, bizdən xəbərdarlıq etməkdir” sözləri ilə yekunlaşdı”.

 

Zülfüqarlı qardaşlarını müflisləşdirən “ağrıkəsici”

 

Bu görüşün ardından həqiqətən də başı xeyli ağrıyan Zülfüqarlı qardaşları “ağrıkəsici”ni qəbul etmək məcburiyyətində qalırlar. Polis nəzarətinə götürülən Nurəddin, Rövşən, Loğman  Zülfüqarlılar, nəhayət, təslim aktı imzalayıb və sahib olduqları müəssisənin səhmlərinin 80%-ni başqasının adına keçirməklə azadlıqlarını satın alırlar:

“Artıq mənim də, qardaşım Loğmanın da qarşısında şərt kəsmişdilər ki, sizin azad olunmanız üçün əmlakı verməyiniz lazımdır. Əks təqdirdə həbsdə qalacaqsınız. Başqa tərəfdən isə Kərəm Həsənovun adamları azadlıqdakı qardaşlarımı tez-tez çağırıb razılaşma ilə bağlı təzyiq edirdilər. Yəni əmlakdan imtina etməsəniz, qardaşlarınız həbsdə çürüyəcək, başınız bəladan qurtulmayacaq. Nəhayət, məni qardaşım Baxış Zülfüqarlı ilə görüşdürdülər. Baxış dedi ki, vəziyyət gərgindir, ailələrimiz təhdid altındadır, Kərəm Həsənovla görüşmüşəm, o da deyib ki, get, qardaşınla sonuncu dəfə söhbət et, əgər əmlakların verilməsinə razılaşmasanız, sizlər də həbs olunacaqsınız. Baxışla rəisin kabinetində görüşdük, dedi ki, ya səndən imza almalıyam, ya da çıxanda məni də həbs edəcəklər. Çünki Kərəm Həsənov onu buna görə həbsxanaya göndərmişdi.

 

Analoqu olmayan “xeyirxahlıq”

 

Bir neçə dəqiqədən sonra içəri müstəntiq Emin Məmmədov daxil oldu. O, qardaşıma etibarnamənin verilməsinin vacib olduğunu deyərək əlavə etdi ki, bu gün bütün məsələlər tam həll olunmalıdır, əks təqdirdə, o biri qardaşların da həbs ediləcək. Artıq qardaşıma vəkalət verməyə məcbur oldum, amma inanmırdım ki, əvəzsiz olaraq kiminsə adına keçirə bilərlər. Çünki prosedura görə, bu irilikdə müəssisəni kiməsə vermək üçün alqı-satqı olmalıdır. Amma təəssüf ki, vəkaləti verdiyim günü, 30 mart 2006-cı ildə depozit mərkəzindən səhmlərin 80 faizi Rüstəm Şahbazovun qohumu, Lerik rayon sakini Gəray Məmmədovun adına keçirildi. Araşdırmamız nəticəsində məlum oldu ki, Lerikin Ordahal kəndində kasıb bir vəziyyətdə yaşayan G.Məmmədovun heç özünün də bu məsələlərdən xəbəri olmayıb. Sadəcə, ona ayda 150-200 manat veriblər, həm də müəssisənin adına keçirilməsi üçün mənzillə təmin edəcəklərini bildiriblər. Bildiyimə görə, hələ bu vədi də yerinə yetirməyiblər”.

Səhmlərinin 80%-dən Lerikdəki bir kasıbın xeyrinə “könüllü” imtina edən Zülfüqarlı qardaşlarının bu “xeyriyyəçiliyi” də işə yaramayıb. Təzyiqlərin yenə davamı nəticəsində qardaşlar əllərində qalan kiçik sahibkarlıq haqlarından da imtina etməli olublar:

 

“Kərəm Həsənov 20 milyonluq avadanlığı bizə kəsdirib əritdi”

 

“Baxmayaraq ki, Kərəm Həsənov fəaliyyətimizə heç bir problemin olmayacağını desə də, müdaxilələr olurdu. Azərbaycan reallığını bilirsiniz, Sosial Müdafiə Fondundan və başqa qurumlardan gəlib pul istəyirdilər. Birtəhər bu cür yoxlamaları yola verirdik. 2010-cu ilin yayında yenidən problemlər başladı, gömrükdə mallarımızı saxladılar, bir sözlə, yerdə qalan 17 faizi də almaq istəkləri bəlli olurdu. Əvvəlcə qarşımıza şərt qoydular ki, zavoda gələn magistral elektrik xəttini dəyişdirmək lazımdır. Anlayırdıq ki, elektrik xəttini dəyişdirdikdən sonra zavodu əlimizdən alacaqlar, amma çarəmiz yox idi. Bir məqamı vurğulayım ki, mən həbs olunanda Poladtökmə Zavodunda armatur istehsal edən avtomatik xətt qurmuşduq, sadəcə betonlaşma işi qalmışdı. Həbsdən çıxanda Kərəm Həsənov dedi ki, gedin nə qədər avadanlıq var, hamısını kəsib əridin. Biz dedik ki, axı, zavoda nə qədər sərmayə qoyulub, iş görülüb, əlimiz gəlmir, bunu necə etmək olar? Amma o, qurğunun kəsilməsini tələb edərək armaturun yalnız “Baku-Steel-Company”»nin istehsal edəcəyini bildirdi. Artıq o zaman armaturun başqa çeşidlərinə keçmişdik. Amma Kərəm Həsənov 20 milyonluq avadanlığı bizə kəsdirib əritdi”.

 

İlham Əliyevin ümidləri

 

Bəli, bu o zaman idi ki, ölkə başçısı İlham Əliyev ölkəmizdə qeyri-neft sektorunun inkişafını vacib məsələlərdən biri sayır və öz düşüncəsini açıq şəkildə dilə gətirirdi. Prezident “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılış nitqində deyirdi:

“Metallurgiya sənayesinin yaradılması istiqamətində çox ciddi işlər gedir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanda yeni bir istehsal sahəsi – metallurgiya sahəsi öz fəaliyyətinə başlayacaqdır. Bir tərəfdən biz ölkəmizin daxili tələbatını ödəyəcəyik və güclü ixrac potensialı da yaradılacaqdır”.

Mərhum Heydər Əliyev tərəfindən əsası qoyulan və onun siyasi xələfi tərəfindən həyata keçirilməyə çalışılan qara metallurgiya sektorunda isə başqa yellər əsirdiş. Ölkə rəhbərinin iradəsinə zidd olaraq, “Baku Steel”-in yeni rəhbəri Rasim Məmmədov ölkədə qurulan metaləritmə müəssisələrinin üzərinə qoçu dəstələri göndərir, onları işlərini buraxmağa vadar edirdi. Son illərədək davam edən qoçu hücumlarının video-çəkilişləri təqdim edirik:

  

Rasim Məmmədovun qoçuları

 

19 İyul 2012-ci ilə aid çəkiliş


12 iyul 2013-cü il çəkilişi

2015-ci ilə aid çəkiliş

28 yanvar 2016-cı il

11 may 2018-ci il

Videolardan da göründüyü kimi, 2012-ci ildən indiyədək intensiv şəkildə davam edən qoçu hücumları nəticəsində təkcə Zülfüqarlı qardaşlarına məxsus müəssisələr və “Ataxan Dəmir Sənaye” MMC deyil, 20-yə qədər poladəritmə  müəssisəsi bağlanıb. Hər halda sabiq deputat və “Ataxan Dəmir Sənaye” MMC-nin rəhbəri Nazim Bəydəmirli belə deyir. Onun sözlərinə görə, hələ 2012-ci ildə reyder hücumları zamanı 20-dən artıq müəssisəyə qoçu dəstələri göndərmişdi: “Bilirsiniz ki, o zaman səhmdarı olduğum “Ataxan Dəmir Sənaye” MMC-yə də basqın olmuşdu.

İdmançı formasında olan uşaqlar sorğu-sual olmadan, əsassız yerə gələrək bizə deyirdilər ki, metal istehsalı ilə məşğul ola bilməzsiniz”. (Qaynaq: Keçmiş deputat: “Rasim Məmmədov biznes mühitini sabotaj edir”

 

“Ekonomik əsgər” qeybə çəkildi

 

Ən maraqlı hadisə isə hazırda Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company”nin başına gələnlərdir. Təbii ki, Rasim Məmmədovdan qabaq. Araşdırmalarımız nəticəsində aydın olur ki, “Baku Steel Company”nin qurucusu Pərviz Paolo gözüçıxmış “digər qardaşları”ndan fərqli olaraq, üzərinə qoçu dəstələri gəlmədən, səssiz-səmirsiz Azərbaycanı tərk etməyi daha məqsədəuyğun hesab etmişdir. İddialara görə, onun bu cür “qeybə çəkilməsi” səbəbiz olmayıb. Azərbaycanda işləməyin mümkün olmayacağını anlayan iş adamı öz fabrikini zamanında satıb aradan çıxmağı bacarıb.

Yeni Müsavat”ın 06.01.2011 tarixli ““BAKU STEEL COMPANY”nin YENİ SAHİBİ ÜZƏ ÇIXDI” adlı məqaləsində iddia olunduğuna görə, İran əsilli Böyük Britaniya vətəndaşı Pərviz Paolounun işi “Baku Steel Company” şirkətini qurduğu ilk dövrlərdə xeyli yaxşı gedirmiş, bir müddətdən sonra isə hər şey tərsinə dönür. Məqalə müəllifi bu çöküş müəmmasını bu cür izah edir:

“… son illər şirkətin işləri bir neçə səbəbdən pis getməyə başlamışdı. Əvvəlcə Azərbaycanın bəzi dövlət müəssisələri şirkətə metal tullantıları satmaqdan imtina etməyə başladı və “Baku Steel Company” xammal qıtlığı çəkməyə başlayaraq istehsalı dayandırmalı oldu. Daha sonra zavod işə başlasa da irimiqyaslı vergi yoxlamaları ilə üzləşdi. Mətbuatda Paolo Pərvizin hakimiyyətlə arasının dəydiyi və onu şirkətini satmağa məcbur etmək cəhdləri haqda məlumatlar yayılmağa başladı. Bir neçə dəfə istehsalı dayandırmalı olan şirkət tədricən bazardakı mövqelərini də itirdi. Son bir ildə isə qlobal iqtisadi böhranla bağlı metal məhsullarının kəskin ucuzlaşması şirkətin fəaliyyətini iflic etmişdi. Belə görünür ki, Paolo Pərviz Azərbaycanda işləməyin mümkün olmadığını görərək şirkətini satmalı olub.”

Nə yazıq ki, Pərviz Paolonun “Baku Steel”i hansı şərtlərlə və niyə satdığı barədə müəfəssəl məlumatları nə rəsmi, nə qeyri-rəsmi qaynaqlarda tapa bilmədik. Özünü Heydər Əliyevin “ekonomik əsgəri” adlandıran dəyərli iş adamının da, metal monopoliyasının digər qurbanlarının da, hətta obyektivlik və tərəfsizlik naminə Rasim Məmmədovun da fikirlərini dərc etməyə hazır olduğumuzu bildirirək, bizi narahat edən əsas məsələlərdən birinə keçirik.

 

Yəhudi, yoxsa rus barmağı?

 

Silsilə yazılarımızda dəfələrlə vurğuladığımız kimi, Azərbaycanda qara metallurgiya sənayesinin inkişafında maraqlı olmayan xarici qüvvələrin mövcudluğu ehtimalı daha çox nigaranlıq doğuran nüanslardandır. Maraqlıdır ki, “Yeni Müsavat” qəzetinin 2011-ci ildə dərc olunan  sözügedən məqalədə də bu ehtimalı gücləndirən iddialar var. Məqalədə bildirildiyinə görə, “Baku Steel”-ə “Benny Steinmetz Group”adlı almaz sənayesində layihələrlə, habelə energetika, təbii ehtiyatların emalı və daşınmaz əmlak biznesi ilə məşğul olan İsrail şirkəti göz tikibmiş:

“Xəbərdə deyilir ki, bu holdinqin əsas bölmələrindən biri olan “BSG Resources” Azərbaycanda ən iri polad şirkəti olan “Baku Steel Company”nin yeni sahibidir. Baxmayaraq ki, “Baku Steel Company”nin rəsmiləri şirkətin sahiblərinin kimliyi haqda heç vaxt açıq danışmayıblar, lakin İsrail və Rusiya mənbələri zavodun sahibinin məhz “BSG Resources” olduğunu bildirir. Məlumata görə, bu barədə İsrail nəşrlərindən “The Marker” də yazıb”.

Eyni məqalədə “İzRus”-a istinadən o da vurğulanır ki, yəhudi maqnat Beni Şteynmets Gəncə alüminium zavodunu da almağa maraq göstərir: “Rusiyada isə keçmiş baş nazir lobbiçiliyini etdiyi holdinqin “Qazprom”la ortaq layihələri ilə bağlı müzakirələr apardığı ehtimal olunur”.

Bu məlumatların nə dərəcədə doğru olub-olmadığını və “Beni Şteynmets”in öz arzusuna çatıb-çatmadığını müəyyənləşdirmək imkanımız xaricindədir. Hələlik isə görünən budur ki, Azərbaycanın metallurgiya sahəsinə maraq göstərən təkcə İsrail şirkəti də olmayıb. Rusiya şirkətləri və dövlət adamları da bu işdə xeyli maraqlı görünüblər, hətta lobbiçilik ediblər.

 

100 ildən bir təkrarlanan“dəmir” qeyb

 

Üstəlik, Azərbaycanın metallurgiya sənayesinin dünyanın bir çox dövlətlərinin diqqət mərkəzində olması tarixdə yaşanmış ilk hadisə də deyil. “Hürriyyət” qəzetinin araşdırmaları nəticəsində məlum olur ki, hələ 19-cu əsrin ikinci yarısında alman metallurqları da Daşkəsəndə böyük işgüzarlıq fəaliyyətinə girişiblər.

Azərbaycanda metallurgiya sənayesinin başlanğıcı kimi tarixə düşən bu hadisə 1865-ci ilə təsadüf edir. Həmin il Daşkəsəndə mis istehsalı ilə işə başlayan Siemens qardaşları 2 ildən sonra daha dəyərli bir filiz yatağı kəşf edirlər. Kobalt adlanan bu maddə o qədər dəyərli olur ki, 1867-ci ildə mis işini buraxan Siemens qardaşları kobalt filizinə yönəlirlər. 1915-ci ilədək alman qardaşlarının həmin yataqlardan 615 ton kobalt çıxardığı tarixi qaynaqlarda yer alır. Maraqlıdır ki, 1915-ci ildə Siemens qardaşları da eynilə Pərviz Paolo kimi səssiz-səmirsiz Azərbaycanı tərk edirlər. Görünür, bu “qeydə çəkiliş”də o vaxt yaxınlaşan I Dünya müharibəsinin barıt və qan qoxusu da önəmli rol oynayıb. Amma o da mümkündür ki, dəmirdən dəfələrlə qiymətli olan kobaltın iştah qabardan cazibəsi də hər yüz ildən bir təkərrür edən “qeybə çəkiliş”lərin başlıca səbəblərindəndir. Daha konkret desək, kobalt filizinin dəyərini anlayan Çar Rusiyası da öz “halal” tikəsini almanlarla bölüşmək istəmədiyindən Siemensləri buna vadar edə biərdi. Kim bilir, bəlkə də Azərbaycanın qara metallurgiyasının indi belə, bəxtinin gətirməməsində bu zamanadək dəyəri çox qabardılmayan kobalt amili də önəmli rol oynayıb. Nə iddia etdiyimizi daha rahat anlatmaq üçün kobaltın iqtisadi dəyəri barədə arayışa ehtiyac var.

Əlbəttə ki, bunun üçün növbəti yazılarımızı izləməli olacaqsınız.

 

(ardı var)

 

Heydər Oğuz

“Hürriyyət”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button