Polis rüşvət verməyən satıcını təhqir etdi

“102”  xidməti polisdən şikayətləri araşdırmır

“Polis serijantı ona rüşvət vermədiyimə görə məni təhqir edir” – bu sözləri redaksiyamıza müraciət

edən Sənan Məhəmməd oğlu Ələkbərov söyləyib. S.Ələkbərov İsmayıl Hidayətzadə 35 mənzil 7 ünvanında yerləşən ərzaq mağazasında satıcı işlədiyini bildirdi: “Biz mağazanın qarşısında su satırıq. Həmin yer mağazanın ərazisidir və bu, sənədlərlə də təsdiq edilir. Oktyabrın 3-də 18-ci polis bölməsinin Fuad adlı baş çavuşu məndən tələb etdi ki, çölə yığdığımız suları içəri qoyum. Mənə bildirdi ki, küçə ticarəti qadağan edilib. Fuada bildirdim ki, suların yığıldığı yer mağazanın ərazisidir. O isə öz növbəsində məndən çöldə su satmaq üçün ayda 20 manat məbləğində rüşvət istədi. Bildirdi ki, hamı necə, sən də elə, ayda 20 manat verməlisən. Mən rüşvət verməkdən imtina etdim. Belə olan təqdirdə, Fuad məni nalayiq sözlərlə təhqir etdi. Daha sonra məni zorla polis maşınına mindirib 18-ci Polis Bölməsinə apardılar. Orada küçə ticarəti ilə məşğul olmağım barədə saxta protokol tərtib edildi”. S.Ələkbərov üzləşdiyi qanunsuzluqla bağlı “102”xidmətinə müraciət etdiyini bildirdi: “Mənə bildirdilər ki, məsələ araşdırılacaq. Lakin şikayətimin üstündən bir sutkadan artıq vaxt keçib. Amma heç kim məsələni araşdırmır. Halbuki başqa şikayət olan kimi dərhal polis məsələni araşdırmağa başlayır”. S.Ələkbərov Fuad adlı polis baş çavuşunun 90-AP-643 dövlət nömrə nişanlı avtomobilin heyətində xidmətə çıxdığını bildirdi.

Dünən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət etmək cəhdlərimiz alınmadı. Məsələni diqqətdə saxlayacağıq.

 Fəqan

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button