Polislə əsgərlərimiz arasında silahlı toqquşma

Hərbi qüvvələrimizin 2 əsgərinin çatışmada öldürüldüyü bildirilir

Naxçıvan Muxtar Respublikasında polis qüvvələri ilə hərbi birləşmələrimiz arasında silahlı və qanla nəticələnən qarşıdurma olub.

Bu müdhiş olay barədə qəzetimiz çapa gedərkən xəbər tutduq. Naxçıvandakı mənbəmizin sözlərinə görə, hadisə Culfa rayonunun Əbrəqunus kəndindən başlayıb. Yaxınlıqda yerləşən hərbi hissə əsgərlərinin kəndin qız-gəlininə söz atması yerli əhalinin narazılığına səbəb olub və işə polis qarışıb. Həbs olunan əsgərlər Culfa rayon Polis İdarəsinə gətirilərək orada işgəncələrə məruz qalıblar.

Hadisədən xəbər tutan Naxçıvan Muxtar Respublikasının korpus komandiri Kərəm Mustafayev ona məlumat verilmədən polis orqanlarının əsgərləri həbs etməsindən qəzəblənib və Culfa rayon Polis İdarəsinə hərbi müdaxilə barədə əmr verib. Polis İdarəsinə hücum edən hərbi hissə isə qarşı tərəfin silahlı müqavimətilə rastlaşıb. Əmri icra edən hərbçilər İdarənin altını üstünə çeviriblər və həbs olunan əsgərləri də götürüb kazarmalarına çəkiliblər.

Olayın dəhşəti ondadır ki, silahlı qarşıdurma zamanı qardaş qanı töküldüyü və hərbi hissənin iki əsgərinin aldığı yaradan öldüyü bildirilir.

Bu dəhşətli qardaş qırğınının səbəblərindən danışan mənbənin sözlərinə görə, hazırda Naxçıvan başsızdır: «Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov xəstədir və Fransada müalicə alır. Buna görə də özbaşınalıq başlayıb və hər bir məmur öz iradəsini yeritməyə çalışır».

Hadisənin xüsusilə mühüm olduğunu nəzərə alıb, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunu aradıq. E.Sabiroğlunun telefonu şəbəkə xidməti xaricində idi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun və əməkdaşı Ehsan Zahidovun telefonları isə bir neçə dəfə çağırsa da, sonradan sondürüldü və sonrakı zənglərimizə operator «cavab verdi».

Məlumat üçün bildirək ki, Əbrəqunus kəndi BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin doğulduğu kənd olduğundan, onu axtarmaq qərarına gəldik. Təəssüf ki, Q.Həsənquliyevin mövcud olmuş bütün nömrələri artıq «mövcud deyildi». Hətta əqidə yoldaşları belə onunla əlaqələrimizin qurulmasına yardımçı ola bilmədilər.

Əlavə edək ki, dünən xəbər saytlarının son buraxılışında Naxçıvanda yerləşən «N» saylı hərbi hissədə silahlı qarşıdurma olduğu və əsgər Sarvan Vidadi oğlu Hüseynovun tağım komandiri Balabəy Veysəlovu xidməti silahla güllələdiyi barədə məlumat yayıldı. Xəbərlər arasında hər hansı paralellik aparmaq mümkün olmasa da, əsgər güllələnməsi faktı diqqətimizi çəkdi.

Mövzunu diqqətdə saxlayacağıq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button