Polislər döyülüb, yoxsa?..

11.02.2012

Bakı Şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu paytaxtda polis əməkdaşlarına xəsarət yetirilməsi hadisəsi ilə bağlı birgə rəsmi açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi məlumatında bildirilir:

”2012-ci il fevralın 8-də saat 21.00 radələrində Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının bir neçə əməkdaşı xidmətdən kənar vaxt metronun “İnşaatçılar” stansiyasının girişində bir qrup gəncin xuliqanlıq hərəkətləri ilə qarşılaşmışdır. Həmin gənclər, onların xuliqanlıq hərəkətlərinin qarşısını alan və intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərmiş, nəticədə asayiş keşikçilərindən bir neçəsi bədən xəsarətləri almışdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanmışdır.

Fevralın 9-da cinayətin iştirakçılarından üç nəfəri şübhəli şəxs qismində saxlanılmışdır.

İctimai qaydanı kobud şəkildə pozan və hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərinin digər iştirakçılarının müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

QEYD: Rəsmi məlumatda polis əməkdaşlarının  “xidmətdən kənar vaxt”  gəncləri intizama dəvət etdiyi göstərilir. Lakin onların vəzifə səlahiyyətlərindən nə üçün sui-istifadə etdiyi haqda açıqlama verilmir. Ən azı polislər belə hadisələrlə üzləşərkən yaxınlıqda xidməti vəzifələrini yerinə yetirən həmkarlarını hadisə yerinə dəvət edə bilərdilər.  O baxımdan polislərin “döyülməsi”, yoxsa səlahiyyətlərindən istifadə edərək hədlərini aşması xüsusi araşdırma mövzusudur.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button