Politoloq Ərəstun Oruclu: “Bir daha Əvəz Zeynallının həbsi haqqında”

Saxta ittihamlarla həbs olunanlar arasında tutulmasının səbəb və nəticələri baxımından Əvəz Zeynallının ayrıca yeri var. Hər şeydən əvvəl ona görə ki, Əvəz bəy Xural TV-də ən müxtəlif sahələrdə baş verənləri nümayiş etdirməklə ölkədəki real vəziyyəti göstərirdi.

İkincisi, Əvəz Zeynallı özünəməxsus sadə dili ilə və xüsusi jurnalist üslubundan istifadə etməklə müsahiblərini açıq söhbətə çəkməyi bacarırdı. Beləliklə də onun hər müsahibəsi mövzunu anlayanlar üçün ən incə mətləblərin üzə çıxarılması idi.

Onun Tərtər qətliamı iştirakçıları ilə, Fərman Dəmirqolla müsahibələrində və bir sıra digər mövzularda olan söhbətlərində olduqca ciddi faktları müsahiblərinin öz dilindən alaraq ictimailəşdirməsi buna əyani misallardır.

Bütün bu tipli müsahibələr zamanı həmsöhbətinə geniş imkanlar yaratmaqla və eyni zamanda da özünü bir növ hər şeydən xəbərsiz birisi kimi göstərməklə Əvəz bəy ölkə üçün olduqca vacib məsələləri bizlərə çatdıran unikal tribuna idi.

Yadımdadır, Əvəz bəy Lotu Quli adlı kriminal avtoritetin ona zəng edərək Kərəm Həsənovun Türkiyədəki hotelində baş verənlər haqda verilişi silməyini xahiş etdiyini deyəndə çoxları onu qınamışdı. Amma kimsə demədi ki, söhbət prezidentin köməkçisindən gedirdi.

Halbuki Əvəz bəy həmin informasiya ilə çox vacib bir sıra məsələləri ictimailəşdirmişdi: ölkə prezidentinin köməkçisinin Türkiyədəki olduqca bahalı mülkü hardandır; prezidentin köməkçisi kriminal avtoritetlə işbirliyindədir və onun vasitəsilə jurnalistə təzyiq edir.

Buradan da tutaraq başqa bir sualın araşdırılmasına start vermək olardı: Türkiyədə qətlə yetirilmiş kriminal avtoritetə başqa ad altında pasportu kim vermişdi? Axı ölümündən bir qədər əvvəl Lotu Quli Türkiyədən deportasiya olunmuşdu.

Amma qətlə yetiriləndən sonra Türkiyə istintaqı müəyyən etmişdir ki, o, Türkiyəyə başqa ad altında Azərbaycan vətəndaşı pasportu ilə daxil olmuşdur. Normal dövlətdə bu detal üzə çıxandan sonra ən azı Kərəm Həsənov istintaqa cəlb olunmalı idi.

Ən azı, çünki əslində uydurulmuş ada saxta pasport verilməsi onun imkanları çərçivəsində deyildi. Deməli, bu işdə daha geniş imkanlara malik olan başqa bir məmurun da iştirakı olmuşdur. Bunu araşdırdıqda hakimiyyətin daxilindəki cinayətkar dəstə ifşa olunmalı idi.

Həmin məmur isə ya Kərəm Həsənovun patronu Bəylər Əyyubov, ya da ASAN Xidmətə təsir imkanları olan başqa bir dövlət rəsmisi ola bilərdi. Bütün bu məqamları da istintaq müəyyən etməli idi. Normal dövlətdə belə də olardı.

Amma Azərbaycan kimi ölkələrdə yox və əslində istintaqa heç ehtiyac olmur da, çünki növbəti addımları ilə özləri özlərini ifşa edirlər. Əvəz Zeynallının həbsində də başqa cür olmadı. Ola da bilməzdi, çünki bu, bir növ qaydadır, davranış tərzidir.

Xatırladım ki, Əvəz Zeynallı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun “hüquqşünası” tərəfindən şərlənərək həbs olunmuşdur. Yəni, Bəylər Əyyubovun yaxın adamı olan Saleh Məmmədovun.

Bu arada onu da qeyd etmək istərdim ki, həbsindən bir qədər əvvəl Əvəz bəyə bir “partiya” sədri tərəfindən də pul müqabilində müəyyən məsələlərlə bağlı müntəzəm olaraq verilişlər yayımlamaq təklif olunmuşdur. Amma Əvəz Zeynallı həmin təklifi rədd etmişdi.

Saleh Məmmədovun özü və daimi olaraq prezident sərəncamları ilə müxtəlif məbləğlərdə vəsait ayrılan rəhbərlik etdiyi qurumun qara kassasından kimlərin, Azərbaycan üçün hansı təhlükəli qrupun, hansı zümrənin müntəzəm maliyyələşdirilməsi haqda əlavə yazacağam.

Hələlik isə bir şeyi demək istəyirəm: bunlar (bu da hələ hamısı deyil) göstərir ki, Əvəz Zeynallı Azərbaycan xalqının düşmənləri tərəfindən şərlənərək həbs edilib və o, təcili azad olunmalıdır! Özü də təkcə Əvəz Zeynallı yox, ümümiyyətlə bütün siyasi məhbuslar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button