Prezidentə təklifim var

Əvəz Zeynallı

 

Universitet birincisi olanlara ciddi imtiyazlar tanınsın

Birinci olmaq o qədər asan deyil!

İki balamız gedib qardaş Türkiyədə ciddi uğurlar qazanıblar. Günel və Xeyrəncə Musayeva bacıları. Bu qızlarımız Türkiyənin Baxçaşəhər Universitetinin məzunu olublar bu il və ilk 3-lükdə iki bacı birdən yer alıblar. Biz olayı ilk dəfə ataları, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin facebook profilindən duyduq və Azərbaycan sanki böyük bir sevgi selinə təslim oldu. Şişirtmirəm, son illərin heç bir qələbəsi bu effekti vermədi və qızların bu uğuru ölkənin məğrur və dəyərli insanlarını qürurlandırdı. Artıq günlərdir, Günelin birincilik çıxışı insanları sehrləməkdə və düşündürməkdədir.

Təbii ki, birinci olmaq o qədər də asan deyil. Bu, elmdir, oxumaqdır, bu, nəticəsi çox illər sonra alınacaq əməklər toplusudur. Bu, elə bir neçə gün məşğul olub bəxtəvər olunacaq olay deyil. Ona görə də mən məsələni Azərbaycan təhsil sistemində – əgər varsa – yeni bir mərhələnin başlanğıcı hesab edirəm. Buraya kolay gəlinmədi.

Əslində Xeyrənsə ikinci olub

Dəqiq informasiyalarım var ki, Günel 1-ci, Xeyrənsə isə 2-ci olub. Sadəcə, xırda bir yanlış anlama Xeyrənsənin 3-cü pilləyə düşməsinə səbəb olub ki, bunun da üzərində haqlı olaraq dayanmayıblar. Zatən Baxçaşəhər Universiteti kimi bir elm ocağının 100-dən çox ölkəsinin tələbələri arasında belə göstəricilər əldə etmək bir millət üçün qürur duyulacaq hadisədir. Mən qürur duydum! Dostlarım qürur duydu! Millətim qürur duydu! Amma dövlətimi, günü-gündən inkişaf etdiyi söylənən dövlətimi görə bilmədim bu olayda. Niyə? Güman edirəm ki, bu sualın cavabı çox maraqlıdır.

Ən azı 1.000.000 manat

Günellə Xeyrənsə həm şanslıdırlar, həm də şanssız. Ona görə şanslıdırlar ki, bu gənc yaşlarında başarının dadını dada bildilər. Özləri ilə böyük bir millətə də bu dadı hiss etdirdilər. Onları heç tanımayan, kim olduqlarını bilməyən milyonlarla insanlar bu uğurdan qürur duydular, sevinc göz yaşlarına boğuldular. Günellə Xeyrənsə sevgi mələkləri kimi ürəklərimizə, məğlubiyyətdən qabar bağlayan beynimizə bir anda aydınlıq gətirdilər. Biz müxtəlif qələbələr görmüşdük. Yuvarlaq topların diyirlənib girdiyi qapı telləri ürəklətimizi ara-sıra dalğalandırır. Nə bilim, bəzən futbol sahələrində, bəzən güləş meydançalarında bir az səngiyirik – “susuzluqdan od tutub köz kimi yanan dodaq” su içən kimi. Amma Günellə Xeyrənsənin verdiyi hiss bunlardan fərqli idi – bu, elm, bilik, illərlə gecəli-gündüzlü qazanılan gərgin əməyin, ağır və məsuliyyətli imtahanların nəticəsində əldə olunan hisslər idi. Ona görə millət çox sevindi, çox bağrına basdı qızlarımızı.

Şanssızdırlar ona görə ki, bu qızlar Böyük Azərbaycan Partiyasının sədri, müxalifətin öndə gedən isimlərindən birinin qızları idilər. Kim nə deyirsə desin, bu, belədir. Hələ Günelin 15 dəqiqəlik məzuniyyət çıxışı və orada səsləndirdiyi dəqiq, arqumentli, əsaslı, mənalı və mesaj xarakterli sözləri, Məhəmməd Əmin Rəsulzadənin və Mustafa Kamal Atatürkün xüsusi ştrixlərlə qabardılması, qızlarımızın bu böyük uğurlarının təsadüfi olmadığını gözlər önünə sərir. Azərbaycan elə bir ölkəyə çevrilib ki, burada ağıllı, müstəqil və azad olmaq təhlükəlidir – qızlarımız həm də bu baxımdan şanssızdırlar. Sözün qısası, verilən bu qədər anlamlı əməyin qarşılığı prezidentin mükafatlandırma əyarları ilə ölçülürsə, ortaya fərqli pozisiyalar çıxır.

Prezident mükafatı təsis edilə bilər

Bir çox şeylərə qarşı olmağımıza baxmayaraq, bu ölkədə bir trend başını alıb gedir. Ölkənin bir nizamı yaranıb və o nizam bizim qəbul edib-etməməyimizdən asılı olmayaraq hərəkətdədir. O qədər mənasız və ölçüsüz işlər baş verir ki. Məsələn, zaman-zaman 1 milyon manatı (dolları) keçən mükafatlandırmalar var. Millətimizin böyük əksəriyyəti bunu qəbul etmir. Çox adam düşünür ki, nə gərək var bu qədər pulun havaya sovrulmasına. Elə sonuncu İslam Oyunları çərçivəsində 15 milyondan çox manatımız bu medallara və 1, 2 və 3-cü yerləri tutan idmançılara getmədimi. Düzdür, neft pullarının axınının azalması ilə mütənasib olaraq, belə mükafatların da pul məbləği azalır, amma yenə də bu, bir həvəsləndirmə metodu kimi ölkənin gündəmini işğal edir, etməkdədir.

Amma bizim Günel və Xeyrənsə sübut etdilər ki, bu tip mükafatların əsası təsis edilə bilər. Yox, kimsənin, nə idmançılarımızın, nə futbolçularımızın uğurlarını kölgələmək istəmirəm, amma inanıram ki, bir idmançıya 500.000 manat mükafat verilə bilirsə, illərlə gecəli-gündüzlü oxuyan və xarici ölkələrdə Azərbaycanın adını, sanbalını, ciddiyyətini, hörmətini, könüllərdə bayrağını qaldıran belə balalara heç olmasa 1.000.000 manat ayrılmalıdır. Niyə bu boyda uğurun övladları hansısa burslara müraciət etməli, hansısa çətinliklərə məruz qalmalıdır? Qayda qoyulmalı, lazım olarsa qanun qəbul edilməlidir. Ölkədən kənarda təhsil alan və oxuduğu universiteti 1-ci bitirən hər bir gəncimizin mükafatından əlavə, həmin gənc birbaşa dövlətin özünün nəzarətinə götürülməli, onun inkişafı üçün kompleks tədbirlər planı işləyib hazırlanmalıdır. Tələbənin özünün və ailəsinin hər cür yüksək səviyyədə təminatı birbaşa dövlətin əlaqədar qurumları tərəfindən üstlənilməlidir.

Təhsildə yeni mərhələ

Bu da təhsildə yeni açılımlara, yeni mərhələlərin başlanmasına səbəb ola bilər. Təhsilə qoyulan yatırım birbaşa dövlətə və artıqlaması ilə qayıdır. Belə bir mükafatlandırma sistemi təhsildə elə bir inkişafa səbəb ola bilər ki, ölkəboyu möhtəşəm bir yarış başlayar. Və bundan dövlət udar. Konkret misalımızda isə Günel və Xeyrənsə bu yeni mərhələnin əsasını qoyublar və məncə Prezident bu nümunəni dəyərləndirməlidir.

Bu ölkənin pullarının çox az bir hissəsi belə işlərə xərclənsə, ölkə təhsili dünyaya nümunə olar. Onsuz da ölkədaxili təhsil yox dərəcəsindədir. Onsuz da bir çoxları balalarını ölkədən kənarda təhsil almaqla xilas edirlər. Əslində, Elşad Musayevin etdiyi də budur. O da min bir əziyyətlə, borcun-xərcin içində bata-bata, avtobuslarda günlərlə Türkiyəyə gedə-gedə, oxusunlar deyə qızların yeməklərini bişirib, evlərini təmizləyə-təmizləyə onları bu hala gətirdi. Belə nümunələr dövlətə və yeni ailələrə, gənclərə stimul verməlidir. Prezident bu haqda düşünməli, Azərbaycan gənclərinin önünü açmaq üçün daha bir pəncərə inşa etməlidir. Olmasın bir rayona yarım ildə verilən və sonu bəlli olmayan 3-5 milyon. İldə nə qədər ola bilər ki, belə tələbə sayısı – ya 1, ya 2. 3 olmaz. O zaman nədən olmasın?!

Qızlara uğurlar

Qızlarımız hamımıza ümid, işıq veriblər. Yaxşı nümunə qoyublar ortalığa. İllərlə oxuyublar. Əxlaqları və tərbiyələri ilə Azərbaycan xanımına doğru yol göstərə biliblər. Valideynlərinin, müəllimlərinin, millətlərinin, dövlətlərinin başlarını ucalardan uca ediblər. Tanrı üzlərini hər iki dünyada da ağ eləsin – etdiyi kimi!

Qalır uğrunda ən gözəl şey etdikləri Vətənin onları qiymətləndirməsi…

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button