Prezidentə təptəzə beş təklif

Korrupsiya və rüşvəti leqallaşdırın, cənab prezident!

 Bizim nazirlərin zaman-zaman verdikləri maraqlı, qəribə bəyanatları cəmiyyətdə səs-küylə qarşılanır. Hər kəs buna özünəməxsus rakursdan baxmağa çalışır. Amma indi təklif edəcəyim məsələ inanıram ki, cəmiyyətin böyük bir qismi tərəfindən razılıqla qarşılanacaq.

Məsələn, bu günlərdə təhsil naziri Misir Mərdanov belə bir bəyanat verdi: «Normal, ağlı başında olan insan 200 manata müəllim olub, əsəblərini korlamaz…» Fərqi yoxdur, nazir bu sözləri hansı mənada işlədib və xalq da bunu necə qəbul edib. Əsas odur ki, cəmiyyət təhsil nazirini rüşvətxor, korrupsioner məmur kimi tanıdığından, onun hər kəlməsindən qıcıq qapdığı üçün nazirin onları təhqir etdiyini düşünüb və ciddi təpkilər göstərməyə başlayıb. FB sosial şəbəkəsinə qoşulan bütün müəllimlər az qala nazirin qanını içməyə hazırdırlar. Görən də düşünər ki, digər nazirlərimiz rüşvətxor və korrupsioner deyillər. Əlbəttə ki, elədirlər. Bəs onda Misir Mərdanov nə üçün bu qədər üzdə və haqqında ən çox iradlar bildirilən məmurlar siyahısına daxildir? Məsələ çox bəsitdir. Cəmiyyətin böyük bir qismi məktəblərlə, təhsil sistemi ilə əlaqəli olduğundan Təhsil Nazirliyinin fəaliyyəti göz qabağındadır. Valideyn müəllimə verdiyi pulları, məktəbin hər uşaqbaşına vurub toplayanda böyük rəqəmlər alınır. Təbbi ki, nazirdən xəbərsiz bu cür fəaliyyətlərin mümkünsüz olduğunu sıravi vətəndaşlar da bilirlər. Yəni «balıq başdan iylənər» misalı ilə Misir Mərdanovun yaxasından yapışırlar. Adı dövlət müəssisəsi – pulsuz təhsil ocağı kimi təqdim olunan bütün orta və ali təhsil məktəblərində gedən «siyahıyaalmalar» adi vətəndaşların şəxsi büdcəsi ilə tutulsa da, onun müqabilində təhsildə heç bir keyfiyyətli irəliləyiş görünmür. Əvəzində valideynlər övladlarının lazımi səviyyədə təhsil alması üçün repetitor tuturlar. Bu da onlara ikiqat baha başa gəlir. Təbii ki, insanlar etiraz səslərini çıxaracaqlar, hələ üstəlik, «sənə çatan pul haramın olsun» da deyəcəklər. Bu, elə bir prosesdir ki, onun qarşısını yalnız prezident ala bilər. Prezident isə daha qlobal məsələlərlə məşğul olduğundan, məmurların bu cür korrupsioner canfəşanlıqlarına diqqət ayıra bilmir. Ancaq indi təklif edəcəyim bu məsələ güman edirəm ki, prezidentin də diqqətindən yayınmayacaq.

 

Birincisi, məmurlar korrupsiya ilə məşğul olurlar və bunu o səviyyədə edirlər ki, dövlət onları cinayət başında tuta bilmir. Ancaq dövlət xalqın etirazını nəzərə alıb, əhəmiyyətli addım atır – onların dövlət büdcəsindən maliyyələşən məvaciblərini kəsir. Hər il dövlət tərəfindən nazirlərə ödənilən pul vəsaitini istər sosial müdafiə fonduna, istərsə də hərbi fondumuza istiqamətləndirir. Bu yolla ən azı, büdcəyə əlavə olaraq milyonlarla manat gəlirin gəlməsinə şərait yaradır. O zaman da xalq nazirlərin «volantyor» fəaliyyətdə olduğunu görüb, onlara bu qədər hiddətli münasibət göstərmir, əksinə, hələ bəlkə də onların korrupsioner olduğuna haqq qazandırır.

İkincisi, insan ayağı dəyməyən yerlərə bahalı döşəmələr vurduraraq, dövlətin milyardlarla vəsaitini külə sovurub, yelə verənləri cərimələdib, vətəndaşların sovet dönəmindən əmanət kassalarında itib-batan pullarını qaytarmağa məcbur edir. O zaman da xalq ədalətin bərqərar olduğuna inanıb, etiraz səsini ucaltmır.

Üçüncüsü, uzun müddət vəzifə kürsülərini dəyişməyən, hətta ona xəstəcəsinə vərdiş edən bütün nazirlər, yaşı 65-i keçmiş (?!) bütün dövlət məsulları dərhal işdən uzaqlaşdırılır və onları xalqın içindən çıxan daha bacarıqlı, qabiliyyətli (yeri gəlmişkən, millət vəkili Rəbiyyət Aslanova yada düşür), yaşı 65-dən aşağı olan insanlar əvəz edirlər. O zaman da xalq, «niyə fağır müəllimin başının 65-dən sonra işləmədiyini bəhanə gətirib, 80 yaşında hansısa dövlət məmurunun başının daha yaxşı işlədiyini» sübut etməyə çalışan siyasətin aparılmasına hay-küy qoparmaz.

Dördüncüsü, Azərbaycan Respublikası Dövlət Konstitusiyasının «Azərbaycan Respublikasının yeraltı və yerüstü sərvətləri xalqa məxsusdur» maddəsi dəyişdirilməlidir və «Azərbaycanın yeraltı və yerüstü sərvətləri hakimiyyətə və onun Tanrıtanımaz məmurlarına məxsusdur» sözləri ilə əvəz edilməlidir. Çünki Konstitusiyanın bu bəndi insanlarda çaşqınlıq yaradır. Hər kəs bir-birinə sual verir ki, əgər bu sərvətlər həqiqətən də bizə məxsusdursa, o zaman niyə 17 ildir neft kəmərindən axan təbii sərvətlərin milyardlarla gəlirləri bizim deyil, məmurların cibinə axır. Maddə dərhal dəyişdirilməlidir. O zaman da xalq hakimiyyətin və dövlətin yalan danışdığını güman etməz və bu qədər əsəbiləşib vulkan kimi özündən çıxmaz.

Beşincisi və nəhayəti, azad mətbuat məsələsidir. Hakimiyyət Azərbaycanın demokratik ölkə, mətbuatının senzurasız və azad olduğunu iddia edir. Ancaq daxili senzuranı o səviyyəyədək gücləndirib ki, hətta onun nəzərindən sızan hər hansı tənqidi belə nə vaxtsa QHT (Qeyri Hökumət Təşkilatı) adı ilə yaradılan Mətbuat Şurasının dəyirmanına ötürür. 4-cü hakimiyyət kimi tanınan mətbuatın azad yazarları mağdurdurlar. Ya dərhal Mətbuat Şurasını hökumət təşkilatı elan etmək, ya da senzuranın bərpa olunduğunu bəyan etmək lazımdır. O zaman da xalq, qapalı və diktatura rejimli bir ölkənin vətəndaşı olduğunu dərindən dərk edib sakitləşər, daha bu qədər atılıb-düşməz, səsini batırıb bir tikə çörək pulunu qazanmaqda davam edər.

 

Bu qədər. Bu prizmadan baxanda Misir Mərdanovun hələ də nə qədər məsum və mağdur olduğunu görmək çətin deyil. Misir Mərdanov məsum xalqın da mağdur ixtisası qazanması üçün açılan məktəbin birinci sinif müəllimidir. O zaman nə üçün onun bu məktəbin 11-ci – sonuncu sinif müəlliminin həll edə bilmədiyi məsələləri həll etməyə çalışmaması hamı üçün aydın olmalıdır.

 Kamal Hüseyn

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button