Prezident «Vostok Aydın»la quda olur…

“Xural”ın xəbəri təsdiqlənir…

Arzu xanım həyatını iş adamı ilə birləşdirib…

Ötən həftə işıq üzü görən sayımızda prezident İlham Əliyevin kiçik qızı Arzu xanımın ailə həyatı qurduğu haqqında bir xəbər dərc etmişdik. Arzu xanımın Moskvada ciddi iş adamlarından biri kimi tanınan Aydın Qurbanovun oğlu ilə dünya evinə girdiyi haqqında məlumat verən mənbə, yeni kürəkənin çox böyük ticarət işlərinin olduğunu bildirmişdi. Aydın Qurbanovun bir neçə il bundan əvvəl dünyasını dəyişdiyini, onun bütün işlərini oğlunun – prezidentin hazırkı kürəkəninin idarə etdiyi də XuralTAC-a verilən məlumatlar arasında idi. Bütün cəhdlərimizə baxmayaraq, Arzu xanımın ailə həyatı qurduğu gəncin adını öyrənə bilməmişdik.

Yazımızın dərcindən sonra bir sıra mətbuat orqanları da məsələyə münasibət bildirdilər və xəbərimizi təsdiqlədilər. «Gündəm Siyasət» qəzetinin «Xural»a istinadən verdiyi xəbərə görə, prezidentin yeni kürəkənin adı Səməddir (kürəkənin adının Səməd olduğunu yazının dərcindən dərhal sonra «Xural» Oxucuları saytımıza yazmışdılar – Red.). Qəzetin yazdığına görə, Londonda nikah mərasimi olub, toy isə hələ də baş tutmayıb. Xəbərdə o da qeyd olunub ki, bir neçə gün bundan əvvəl İçəri Şəhərdə təşkil olunan «Qız Qalası» ikinci beynəlxalq incəsənət festivalında Arzu Əliyevanı bir bəy müşayiət edib ki, bu da Səməd bəydən başqası deyil.

«Qafqazinfo» isə, mövzunu daha detallı işləyib. Həmkarlarımız bizə istinad etməyi unutsalar da, mövzu haqqında əməlli-başlı faktlar əldə ediblər. «Qafqazinfo»nun informasiyasında deyilir:

Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva ailə həyatı qurmağa hazırlaşır. Dövlət başçısının qızı Arzu xanım Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin övladı ilə nişanlanıb. Artıq onların birgə fotoları da yayılmağa başlayıb. Yayılan xəbərlərə əsasən oğlan Səməd Qurbanovdur. Onun atası 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Anası isə İrina Pomelovadır və hazırda mərhum həyat yoldaşının biznesini idarə edir. Səmədin Valentina adlı bacısı da var.
Səməd Qurbanovun qohumlarının bir hissəsi Bakıda yaşayır. Səmədin atası Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. O, hələ uzun illər əvvəl Bakıdakı Rus kilsəsini də təmir-bərpa etdirib. S.Qurbanovun eyni zamanda dövlət başçısının digər kürəkəni Emin Ağalarovla da möhkəm dostluq əlaqələrinin olduğu bildirilir.
Bir neçə gün əvvəl Səməd bəylə Arzu xanım prezident İlham Əliyev iştirak etdiyi “Kempinski Hotel- Badamdar” kompleksinin açılışına da qatılıblar.
Məlumatlara görə, cütlüyün toy mərasiminin bu ilin payızında baş tutacağı gözlənilir.

XuralTAC-ın əldə etdiyi digər məlumatlarda Aydın Qurbanovun 1970-ci illərdən Rusiyada fəaliyyət göstərdiyi qeyd olunur. Aydın Qurbanov 1980-ci illərin ikinci yarısında Moskvada kooperativ ticarətlə məşğul olub və Rusiyanın kriminal dairələri ilə yaxın əlaqələri yaranıb. SSRİ dağılandan sonra həm də bank biznesi ilə məşğul olub və ilk banklardan olan «Vostok» banka şərik olub. Aydın Qurbanova Rusiyada uzun müddət ««Vostok» Aydın» ləqəbi ilə tanınıb. Mərhum iş adamının başqa bir ayaması olsa da, biz o haqda yazmaq istəmirik.

Allah millətimizə xeyirli olan bütün xeyir işləri mübarək eləsin!

 

XuralTAC

 

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button