Prezident Əliyev Qarabağdakı vəziyyətdən danışıb

“İndi Qarabağda elektron portal fəaliyyət göstərir”. AZƏRTAC-ın xəbərinə görə, bu sözləri dekabrın 6-da prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, artıq Qarabağ ermənilərinin bir neçəsindən müraciət qəbul olunub. Onun vurğulamasına görə, həmin şəxslərin bəziləri qalmaq istəyirlər, orada yaşayırlar. “Biz Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayəndələr ayırmışıq ki, onlar müvafiq şərait yaratsınlar. Onlar ərzaqla təmin olunmalıdır, istilik və yaşayış üçün digər şərait təmin edilməlidir. Mən demirəm ki, onların çoxu qalıb. Lakin qalmaq qərarı verən ermənilər artıq bu şəraitdən yararlanırlar”, – dövlət başçısı əlavə edib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button