Prezident İlham Əliyev: “Səhiyyə sistemi davam gətirməyə bilər”

Əgər koronavirus infeksiyasının yayılması indiki templə davam edərsə, Azərbaycanın səhiyyə sistemi buna davam gətirə bilməz. Bu barədə prezident İlham Əliyev    iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı bildirib.

“Koronavirusla əlaqədar ilkin mərhələdə görülmüş qabaqlayıcı tədbirlər  ölkəni böyük fəlakətdən qorudu. Yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır, cəmi 13 min insan yoluxub. Onların əksəriyyəti sağalıb. Odur ki, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər öz faydasını göstərib.

May ayında sağalan şəxslərin yoxuxanlardan çox olması məhdudiyyətləri yumşaltmağa imkan verib. Lakin son zamanlar yoluxmalar yenə də artır.

“Bu onu göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstəriblər, elementar qaydalara riayət etmirlər”, – İ.Əliyev deyib. O, Azərbaycanda qaydaların pozulmasının “kütləvi şəkildə” baş verməsindən gileylənib.

“Məhz buna görə də biz yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq etdik, çünki xəstəliyin dinamikası artır və əgər belə getsə, bizim səhiyyə sistemimiz buna davam gətirə bilməz. Buna görə də bu həftənin əvvəlindən Bakıda və bir neçə başqa şəhərdə daha sərt karantin rejimi tətbiq edilib”, – İ.Əliyev bildirib.

“Biz həkimlərin  fəaliyyətini yüksək qiymətləndiririk, onlar da yoluxur və ölür. İndi biz bütün həkimlərimizi cəlb edirik. Əgər sabah pandemiya daha çox yayılsa, onda biz onları harada yerləşdirəcəyik? Tutaq ki, yeni xəstəxanaların hesabına yerləşdirəcəyik, amma həkimlərin sayını necə artırmaq olar?! Hər kəs bu barədə düşünməlidir”, – İ.Əliyev vurğulayıb.

O, maska rejiminin pozulmasına görə məsuliyyətin sərtləşdirilməsinin mümkünlüyünü də anons edib.

“Əgər müəssisələrdə rəhbərlər görsələr ki, onların işçiləri maska taxmır, tədbir görməlidirlər. Əgər belə davam edərsə, mən cərimələrin məbləğinin artırılmasını tapşıraram”, – İ.Əliyev bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button