Prezident qonşularının pəncərəsini bağladı!

0İlham Əliyevin qonşularının iqamətgahına baxan pəncərələri zorla bağlanılır…

Bu günlərdə redaksiyamıza kifayət qədər maraqlı məlumatlar daxil olub. Dövlət başçısının Alatava qəsəbəsində (keçmiş Karl Marks meydanının yaxınlığı) inşa edilən təzə iqamətgahının yaxınlığında yerləşən binalarda yaşayan sakinlərin evlərinin pəncərələri zorla mişar daşları ilə hörülür. «Azadlıq» prospektində yerləşən iki beşmərtəbəli binanın iqamətgaha baxan pəncərələrinin həqiqətən də bağlandığının şahidi olduq. Həmin binalarda yaşayan sakinlər bizimlə söhbətində bildirdilər ki, ötən ay özlərini prezidentin mühafizəçiləri kimi təqdim edən şəxlər onların qapılarını döyüblər. Onlara deyiblər ki, prospektə baxan pəncərələrini bağlasınlar. Bu binalarda yaşayan sakinlər bildirirlər ki, onlar tələblə bağlı dövlət başçısına müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Bundan sonra isə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları gələrək həmin evlərin pəncərələrini zorla bağlayıblar. Maraqlıdır ki, pəncərələrin bağlanması ilə yanaşı, sakinlər deyirlər ki, onlara xəbərdarlıq olunub ki, yaxın zamanlarda bu binalar ümumiyyətlə söküləcək. Bundan başqa, bu keçmiş K.Marks heykəlinin yaxınlığında yerləşən 16 mərtəbəli binanın da tezliklə söküləcəyini deyən sakinlər binalarda yaşayan insanlara Hövsan qəsəbəsində mənzillərin təklif edildiyini də bildiriblər. Maraqlıdır ki, bu binalarda yaşayan insanlar artıq etiraz etməyə başlayacaqlarını da bildiriblər.

Onu da əlavə edək ki, ərazidə olarkən prezidentin yeni iqamətgahının artıq tamamlanma üzrə olduğunu gördük. Lakin yaxınlıqda yaşayan sakinlərdən biri dedi ki, bu tikintini aparan DİA Holdinqin rəhbərliyi Prezident Administrasiyasına dəvət edilərək çatışmazlıqlar barədə məlumat verilib. Hətta sakinlər deyirlər ki, iqamətgah prezidentin xoşuna gəlməyib və böyük ehtimalla bu tikili prezident iqamətgahı kimi istifadəyə verilməyəcək.

O da maraqlıdır ki, bu günlərdə redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, həmçinin dövlət başçısının «Gənclik» metrostansiyası yaxınlığında, K.Rəhimov küçəsində yerləşən iqamətgahının yaxınlığındakı beşmərtəbəli yaşayış binaları da sökülür. Redaksiyamıza müraciət edən Oxucular bildirirlər ki, cəmi bir neçə il əvvəl fasadı əsaslı təmir edilən bu binaların sökülməsinə başlanılıb. Səbəb isə kifayət qədər sadədir – binalar prezidentin iqamətgahına yaxındır.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button