PREZİDENT TƏQAÜDÇÜSÜ OLDUM, AMMA ALMADIM!

Kamil Dadaşov
Kamil Dadaşov

Afaq Məlikova yolumu kəsənlərdən biridir

Kamil Dadaşov: «Rəfiqə Axundova və həyat yoldaşı haqqımda anonim məktub yazmışdılar»

Kamil Dadaşovu uzun illərdir ki, tanıyırıq. Bu peşəkar rəqqas və gözəl insan 1956-cı ildə çəkilmiş «O olmasın, bu olsun», 1963-cü ildə «Əhməd haradadır?», 1979-cu ildə lentə alınmış «Qəribə adam» kinofilmlərində yaradılmış rəqs səhnələrinin əvəzedilməz ifaçısı bir tamaşaçı kimi yaddaşımızda silinməz izlər buraxıb. Hər dəfə bu filmlərə baxanda, «baxın, öndəki rəqqas Kamil Dadaşovdur» demişik və onu şəxsən tanıdığımızdan qürur duymuşuq.

Yaşı 75-i haqlamaq üzrədir. Gələn il onu sevənlər, sənətinə hörmət edənlər Kamil Dadaşovun yubileyini dost əhatəsində qeyd etmək niyyətindədirlər. Halbuki o, daha artığına layiqdir. Çoxdandır ki, müxtəlif səbəblərdən onunla görüşmürdük. Ötən illər ərzində bu əvəzolunmaz rəqqasın Azərbaycanın rəqs sənətində göstərdiyi xidmətlərinə görə «Xalq artisti» adına layiq görüldüyünə inanırdıq. Ancaq özü ilə söhbətən sonra hələ də «əməkdar artist» olduğunu öyrəndik və çox təəssüfləndik. Düzdür, özünün buna görə narahat olduğunu görmədik, hətta zarafatyana təvazökarlıqla, «vacib deyil ki, rəsmi «xalq artisti» olasan, elə sizin kimi xalqımın pərəstişkarları məni sevib, sənətimi izləyirlərsə, demək, artıq xalqın artistiyəm» – deyir. Sənətinə bu qədər əmək sərf etməsinə baxmayaraq, iddialı da deyil. Ömrünün bu çağında rəsmi addan daha çox, dövlətin maddi dəstəyinə ehtiyacı olduğunu çətinliklə dilə gətirdi. Acınacaqlıdır ki, Mədəniyyət Nazirliyinin ona ünvanladığı məktubda «prezidentin fərdi təqaüdünə layiq görüldüyü» qeyd olunsa da, bir dəfə də olsun, bu təqaüddən bəhrələnmədiyini deyir. Bu haqda bir qədər sonra…

Beləliklə, redaksiyamızın qonağı Azərbaycanın əməkdar artisti, Qafqazda ilk dəfə «dırnaqüstü» rəqslərin banisi Kamil Dadaşovdur. Xalqımızın Kamil Dadaşovu…

 

Əvvəli ötən sayımızda

 

Hamı duruşuma qiymət verib

 

Sizin kimi rəqs edən rəqqas varmı bu gün?

– Dövlət Rəqs ansamblında bir nəfər var, onu gəncliyimə çox bənzədirəm. Amma o, mənim yox, Xoreoqrafiyanın yetişdirməsidir. Bir dəfə səhnədən ona baxıb, bəyəndim və məsləhətimi də verdim ki, oğlum, heç zaman burnun dik olmasın. Sənətkarı sənətkar edən həm də onun təvazökarlığıdır. Sənətkara gərək tamaşaçılar qiymət versinlər. Yoxsa nə qədər istəyirsən özün-özünü təriflə, əgər qabında bir şey yoxdursa, insanlarda ancaq istehza doğura bilərsən.

Görünür, bu cür dəyərlərə sahib olmaq da sənətkarın sənətində özünü göstrərir. Qüruru olmayan bir rəqqasın Qafqaz rəqsi oynadığını təsəvvür etmək çətindir

– Təbii ki… Hər zaman mənə duruşuma görə yüksək qiymətləndiriblər. Hər rəqqas dırnaqüstü duruşa tab gətirə bilməz. O vaxtın tamaşaçıları çox tələbkar idilər. Sənətkardan görmək istədiklərini almayana qədər onu qəbul etmirdilər. O cür duruş gərək insanın daxilindən, iç dünyasından gəlsin. Konsertlərdə son nömrədə hər zaman mən çıxış edərdim. Özü də nağaranın müşayəti altında… Hər konsertdən sonra ən azı 50-60 nəfər məndən avtoqraf almaq üçün növbəyə dayanardılar.

Deyəsən, son dövrlərdə də ansambl yaratmışdınız

– Bəli, bir neçə il əvvəl mən qoca rəqqaslardan ibarət «Yada düşər xatirələr» ansamblını yaratdım. Çox böyük də uğur qazanmağa başladı. Konsertlərdə bizi istəyirdilər, tamaşaçı bizi gözləyirdi. Sonradan bir heyətdə çalışdığım insanların etibarsızlığı səbəbindən o qrupdan çıxdım və özümə də söz verdim ki, bir daha o tərkibdə oynamayacağam.

Nə olmuşdu ki?

 

Mükafatın yarsını özlərinə saxladılar

 

– Heyətin tərkibində iki xalauşağı oynayırdı – adlarını çəkmək istəmirəm; özlərini qrupun rəhbəri kimi təqdim etməyə başladılar, halbuki onların bu işdə mənim qədər zəhmətləri yox idi. Həm də Çexoslovakiyada keçirilən müsabiqədə birinci yerə çıxdıq, medal qazandıq. Bundan əlavə, pul mükafatı da təqdim etdilər. Sonralar bizə məlum oldu ki, onlar həmin mükafatın yarısını heyət üzvləri arasında paylayıblar, digər yarısını isə özlərinə saxlayıblar. Pul əl çirkidir, bəs etibarı nə edək? Elə adamlarla bir yerdə çalışmaq olarmı? O qrupun rəhbəri mən idim, rəqsləri də mən qurmuşdum. Birdən-birə onların belə bir iddiada olması mənə çox pis təsir etmişdi. Təsəvvür edirsinizmi, Əlibaba Abdullayevin qurduğu düz 11 rəqsdən dəqiqə yarımlıq popuri yığmışdım. Konsertdə elan edəndə də, «Quruluşçu Əlibaba Abdullayev, yenidən quruluş verən Kamil Dadaşov» deyirdik. Niyə də deməyək? İndi rəqqasələrimiz, rəqs ansamblları var ki, çıxıb Əlibaba müəllimin rəqslərini oynayırlar, onun adını çəkməyi özlərinə sığışdırmırlar. Afaq Məlikova da bu sənətdədir, amma rəqslərin quruluşunu mənimsəyir. Axı, hamı da yaxşı bilir ki, o, bu rəqsləri qura bilməz. İndi altı nəfər rəqs qurur. Bilirsinizmi, necə qururlar? A… bu hərəkət xoşuma gəldi, gəl onu əlavə edək, a… bunu da əlavə edək. Belə rəqs qururlar? Rəqsin gərək mənası olsun, musiqi ilə bağlantısı olsun, bir-birilə vəhdət təşkil etsin, bir-birini tamamlasın. Hər ritmin öz mənası var. Yoxsa incə hərəkəti oğlan rəqslərinə əlavə etmək olmaz.

Ona görə bu gündəyik. Oğlanlarımız qız kimi, qızlarımız da oğlan kimi rəqs edirlər

– Rəqs həm də millətin mənəvi dəyəridir. Bəyəm rəqslərimiz tək görüntü üçün lazımdır? Bir xalqın rəqsinə baxmaq kifayət edir ki, onun hansı dəyərlər daşıdığının fərqində olasan. «Mirzeyi» rəqsində Ramiz Şabanov başında stəkanlarla səhnəyə çıxırdı. Çox çətin hərəkətdir. Gərək belini, başını o qədər düz tutasan və belə vəziyyətdə o qədər stabil rəqs edəsən ki, stəkanlar dağılmasın. Adamın başında tükləri biz-biz dururdu. Əməkdar artist Qorxmaz Qurbanov da gözəl rəqs edirdi. Ramiz Məmmədov Moskvada keçirilən festivalda qızıl medal aldı. İndi ayağı işləmir. Hökumətdən də 85 manat təqaüd alır. Bilmir, o pulu dərmanına, həkiminə versin, yoxsa çörəyə verib yesin.

Başqa dövlətlər belə sənətkarlarını az qalırlar milli qəhrəman etsinlər. Bizdə isə qədirqiymət verən yoxdur….

– Cəmi 4-5 nəfər qalmışıq, hamısı dünyalarını dəyişib. Biz çox şey istəmirik ki! Dəfələrlə bununla bağlı jurnalistlər sual veriblər, durumumla, maddi vəziyyətimlə maraqlanıblar, mən də hər şeyi olduğu kimi demişəm. Təsəvvür edirsinizmi, Mədəniyyət Nazirliyinin mənə ünvanladığı rəsmi blankda yazılmış məktubu var. Orada yazırlar: (Məktubu oxuyur) «Bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi uzunillik yaradıcılıq fəaliyyətinizi nəzərə alaraq Sizə mütəmadi olaraq köməklik göstərir. Sizə dəfələrlə nazirlik tərəfindən maddi yardım və mükafatlar verilmişdir. 2003-cü ildə Mədəniyyət Nazirliyinin təqdimatına əsasən siz Respublika Prezidentinin fərdi təqaüdünə layiq görülmüsünüz…»

 

Təltif olunduğum prezident təqaüdünü bir dəfə də almamışam

 

Siz həqiqətən də Prezident təqaüdçüsü olubsunuz?

– Belə yazırlar. Amma bu məktuba inansaq, gərək 2003-cü ildən prezidentin təqaüdünü almalı idim…

Almamısınız ki?

– Əlbəttə, yox. Bir qəpik belə mənə pul verməyiblər. Görünür, ya məni aldadıblar, ya da prezidentimizi. Əgər mənə rəsmi blankla bu barədə məlumat verilmişdisə, demək, prezidentə təqdim olunan siyahıda həqiqətən də adım olub. Bu günədək o təqaüdü ala bilməməyim onu deməyə əsas verir ki, adımdan həmin pulu kimsə alır. Bəlkə düz demirəm? Əslində, çox acınacaqlı bir durum var. Bütün ömrünü sənətinə həsr edəsən, hər zaman Azərbaycan üçün çalışıb, onun bayrağını yüksəklərə qaldırasan, qocalanda, nəyəsə ehtiyacın olanda prezidentin ayırdığı təqaüdü belə ala bilməyəsən. Bu mənə çox ağır gəlir.

Uzun müddət xəstə yatdınız, sizinlə maraqlanan oldumu?

– Övladlarım qayğıma qaldılar.

Bəs dövlət orqanları sizinlə maraqlanmadı?

– Bir dəfə hətta Əbülfəs Qarayevin qəbulunda oldum. Qapının ağzında məni çox hörmətlə qarşıladı. Ayaq üstündə, «Bilirsinizmi, bu adam kimdir?» dedi. Nə üçün gəlməyimlə maraqlandı, çox əhəmiyyətli söhbətimiz oldu. Onda İdarə rəisi Əliqismət Lalayev idi. Ondan soruşdu ki, «düzdürmü?» O da təsdiqlədi.  Düzü, çox pəjmürdə oldu və məni əmin etdi ki, «Kamil, arxayın ol, yüz faiz bu məsələ həll olunacaq, narahat olma». Amma nə qədər gözləsəm də, bir xəbər çıxmadı. Hətta köməkçisi Seva xanım da bu söhbətimizin şahidi idi.

O söhbətin üstündən neçə il keçib?

– Altı il.

Bu müddət ərzində bir xəbər olmadı?

 

Evimdə oynamaqdan tökülmüş 11 dırnaq var

 

– Yox. Sonradan tanışlardan biri mənə dedi ki, Fatma Abdullazadənin stolunun üstündə mənim təqdimatım var, amma özü bu məsələnin həll olunmasında maraqlı deyil. Bunun da elə səbəbləri var ki, inanın, mən onların yerinə bu səbəbləri sadalamağı belə özümə sığışdırmıram (Nəzərlərini bir nöqtəyə dikir, bir neçə saniyədən sonra acı-acı gülümsəyir). Onların başı daha əhəmiyyətli işlərə qarışıb. Ad verirlər, prezidentin təqaüdünü kimə gəldi paylayırlar. Yox, kimsə haqqında narazılıq bildirmək istəmirəm. Amma məni də başa düşsünlər. Evimdə 11 dırnaq var, oynamaqdan tökülüb. Ürəyim yerindən iki barmaq aşağıdadır. Bütün stajlı rəqqaslar bundan əziyyət çəkirlər. Tullanmaqdan, dırnaqlarım üstündə oynamaqdan… Allah bunu götürər? Mən artıq heç kimdən heç nə istəmirəm. Nəyə layiqəmsə, onu versinlər, bəsdir. Onlar ehtiyac içində yaşamağıma imkan verməməlidirlər… Bu gün 160 manat təqaüd alıram, o da dava-dərmanıma ancaq çatır, bəs nə ilə dolanım, fikirləşmirlər.

Biz eşidəndə ki, hələ də «xalq artisti» adına layiq görülməmisiniz, çox təəccübləndik. Necə olur ki, dünən səhnəni tanıyan müğənnilərə çox asanlıqla bu adı verirlər, amma sizin kimi qocaman sənətkarlar yaddan çıxır?

 Sonu gələn sayımızda

 Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button