Prezident TOXUNULMAZLIQ hüququ verə bilərmi?

Ayaz Mütəllibov həbs olunmalı idi…

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov 19 ildən sonra Azərbaycana qayıtdı. Ağır cinayətlərdə ittiham olunan və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçildiyi üçün axtarışda olan Mütəllibova oğlunun yas mərasimində iştirak etməyə dövlət tərəfindən icazə verildi. Bu məsələyə adət-ənənə, humanizm, insanlıq və s. bu kimi prizmalardan yanaşanda təqdir etməmək olmur. Amma bir də buna hüquqi müstəvidə yanaşanda, ortaya tamam başqa məqamlar çıxır. Xüsusi vurğulayım ki, burada söhbət nə Ayaz Mütəllibovun günahkar olub-olmamasından, nə onun həbs olunub olunmaması, nə onun Azərbaycanda qalıb qalmaması məsələsindən getmir. Söhbət konkret bir məsələdə hüquqa münasibətdən gedir.

Əvvəlcə yaxın tarixə qısa səyahət edək:

1990-cı ildə Azərbaycanın prezidenti seçilmiş Mütəllibov 1992-ci ilin yazında istefaya gedib. Baş Prokurorluq eks-prezident A.Mütəllibovu Azərbaycan Nazirlər Sovetinin sədri və respublika prezidenti vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edir. Baş Prokurorluğun A.Mütəllibov haqda rəsmi məlumatına görə, o, 1990-cı il yanvarın 19-da sovet ordusunun Bakıya yeridilməsi və qanlı 20 Yanvar faciəsinin törədilməsi, 1991-1992-ci illərdə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin Azərbaycan kəndlərinə hücumlar etməsinə yol verilməsi, azərbaycanlıların blokadadan çıxarılması üçün zəruri tədbirlər görülməməsi ilə Xocalı qırğınının baş verməsinə şərait yaradılması, həmçinin 1992-ci il martın 6-da prezident vəzifəsindən istefa verdikdən sonra piketlər və mitinqlər təşkil olunması və deputatlara təzyiqlər göstərilməsi yolu ilə növbədənkənar sessiyanın çağırılması, istefaya getməsi barədə qərarın ləğvinə nail olaraq prezident səlahiyyətlərini mənimsəməsi, 1996-cı ilin əvvəllərində dövlət başçısı Heydər Əliyevə qarşı terror aktının hazırlanmasının təşkilatçısı olmaqda, 2001-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi istiqamətində hazırlıq işləri aparmaqda ittiham olunur.

Bütün bu əməllər 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif edilərək, onun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2003-cü il mayın 19-da qərar çıxarılıb. İstintaqdan qaçıb gizləndiyinə görə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən haqqında həbs qətimkan tədbiri seçilməklə axtarışı elan olunub.

Beləliklə, yuxarıda sadalanan səbəblərdən Ayaz Mütəllibov düz 19 ildir ki, Moskvada yaşayır və Azərbaycana qayıda bilmirdi. Hətta bir neçə il əvvəl atasının yas mərasimində də iştirak etməyi də mümkün olmamışdı.

Qanunvericiliyə görə, barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxs dərhal həbs olunmalıdır. Avqustun 9-da Bakıya gələn Ayaz Mütəllibov həbs olunmadı. Onun partiyadaşları mətbuata bildirilər ki, ölkə başçısı İlham Əliyev Ayaz Mütəllibova TOXUNULMAZLIQ verib. Ancaq Konstitusiyaya nəzər salsaq görərik ki,  yalnız Azərbaycan Respublikasının prezidenti, Baş naziri, deputatları və hakimləri TOXUNULMAZ hesab edilirlər. Həmçinin Azərbaycan Respublikasının ən ali Qanunda prezidentin kiməsə tozunulmazlıq vermə səlahiyyəti də nəzərdə tutulmayıb.

Bu kimi fikirlər cəmiyyətdə müzakirə mövzusuna çevrildiyi üçün avqustun 10-da Prezident Administrasiyasında Hüquq-mühafizə Orqanları ilə İş şöbəsinin müdiri Fuad Ələsgərov mətbuata müsahibəsində bildirib ki, Ayaz Mütəllibovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etdiyi müraciətlə bağlı olaraq onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılıb. Bu, lap qəliz oldu…

Məhkəmə qərarının icrasını – istər müvəqqəti, istərsə də daimi – yalnız məhkəmə dayandıra bilər. Məhkəmə Azərbaycanda üç hakimiyyət qolundan biridir və de-yure heç bir hakimiyyət qolu bir-birinə tabe deyil. Belə olan halda prezidentin məhkəmə qərarının icrasını müvəqqəti dayandırması hansı əsasa söykənir? Axı ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR deyirlər. Prezidentin iradəsi ilə məhkəmə qərarının icrası dayandırılırsa, hansı müstəqil məhkəmədən danışırıq? Budurmu Azərbaycanda dövlət səviyyəsində hüquq olan münasibətin bariz nümunəsi?

Allah Ayaz Mütəllibovun oğluna rəhmət eləsin. Hesab edirik ki, sabiq prezident oğlunun dəfnində iştirak etməliydi. Bunun üçün isə tam hüquqi yollar da var idi. Əgər Ayaz Mütəllibov günahsızdırsa, bu cinayət işinə xitam verilməli və o, heç kimdən icazə almadan Bakıya gəlməlidi. Yox, hərgah hələ də günahkar hesab edilirsə və hələ də məhkəmənin axtarış barədə qərarı qüvvədədirsə, Ayaz Mütəllibov hava limanında formal olaraq da olsa “həbs” olunmalı və dərhal da ona oğlunun dəfnində iştirak etmək üçün möhlət hüququ verilməliydi ki, bu da qanunvericilikdə nəzərdə tutulmuş haldır. Bu, artıq bir şəxsin iradəsinin ifadəsi ilə deyil, hüquqi müstəvidə humanizm olardu.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

2 şərh

  1. Əla. Tam deqiq, mentiqe ve huquqa söykənən analizdir. Doqrudanmı bu boyda Zakir Qaralov, Fuad Ələsgərov belə bir sade mentiqle de düşünə bilmirlər? gör bizi kimlər idarə edir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button