Prezidentdən bəzi sahibkarlara sərt xəbərdarlıq: “…cəzalandırılacaqlar!”

Prezident İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən ölkədə kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması istiqamətində görülən işlərə xüsusi toxunub.

Bildirib ki, koronavirus pandemiyasından zərərçəkən sahələrə yardımla bərabər, ölkədə ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlar da dərinləşməlidir: “Pandemiya burada bizə maneçilik törətməməlidir, vaxt itirməməliyik. Bizim əsas məqsədimiz, – mən bu vəzifəni İqtisadiyyat Nazirliyi qarşısında qoymuşdum, – kölgə iqtisadiyyatının miqyasının daraldılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi addımlar atılıb. Keçən il vergi və gömrük orqanları xəzinəyə proqnozdan artıq bir milyard manat vəsait daxil etdilər. Nəyin hesabına? Kölgə iqtisadiyyatının kiçilməsi hesabına.

Bu ili çox gözəl başlamışdıq. İki ayda 250 milyon manatdan çox gəlir olmuşdu. Nəyin hesabına? Kölgə iqtisadiyyatına qarşı mübarizə hesabına. Bu proses davam etdiriləcəkdir. Bir daha özəl sektorun nümayəndələrinə müraciət etmək istərdim və artıq mən bunu bir neçə dəfə demişəm ki, biz köklü islahatlar aparırıq. Bu, kölgə iqtisadiyyatının sonu deməkdir. Ancaq biz hər şeyi ardıcıllıqla edirik, yüzlərlə, bəlkə də minlərlə sahibkarlıq subyekti var. Biz onlara vaxt verdik. Eyni zamanda, İqtisadiyyat Nazirliyi onlara həm vaxt verdi, həm də ki, maarifləndirmə işləri apardı. Onlar üçün bu gün dediyim sözlər sürpriz deyil. Bu, siyasətdir və bu, strateji xəttimizdir. Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbirli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi.

Prezident himayədarlara arxayın olub “kölgədə” qalan sahibkarlara sərt xəbərdarlıq edib: “Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb və ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər. Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur. Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırığımı eşidir və görür ki, istisnasız bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafını davam etdirəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button