Prezidentin 2017-ci il ehtiyat fonu – 200 milyon manat
Qubad İbadoğlu
İqtisadi Tədqiqatlar Mərkəzi və ADR Hərəkatının sədri
Gələn il prezidentin ehtiyat fondunun vəsaiti 30 faizə qədər azalacaq.
Onun birbaşa sərəncamında olan vəsait 200 milyon manat təşkil edəcək.
2017-ci il üçün proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinin təhili göstərir ki, bu illə müqayisədə ixtisar olunan yalnız bir sıra xərclər deyil, həm də ehtiyat fondlarıdır. Cəmi büdcə xərclərinin bu ilə nisbətən gələn il 1,5 milyard manat az planlanladırılması ehtiyat fondlarına da təsir edib. Belə ki, 2017-ci ildə bütövlükdə ehtiyat fondlarına 300 milyon manat ayrılacaq ki, bu da cari illə müqayisədə 113 milyon manat azdır. Bu xərc maddəsi üzrə ümumi azalma Azərbaycan Respublikası prezidentinin ehtiyat fonduna daha çox təsir göstərib və nəticədə azalan 113 milyon manatın 85 milyon manatı və ya 75,2 faizi prezidentin ehtiyat fondunun ixtisarı hesabına baş verib.
Beləliklə də 2017-ci il üçün proqnozlaşdırılan dövlət büdcəsində Azərbaycan Respublikası prezidentinin ehtiyat fondu 200 milyon manat müəyyənləşdirilib ki, bu da 2016-cı ilə nisbətən 30 faiz azdır. Məlumat üçün qeyd edək ki, həmin məbləğ bu il üçün 285 milyon manat təsdiq olunmuşdu. Müqayisə üçün qeyd edim ki, 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 366,2 mln. manat vəsait istifadə olunub. Yekunda onu da əlavə etmək istərdim ki, Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir.