Prezidentin balanslaşdırılmış xarici siyasətdən imtina bəyanatının arxasında nə dayanıb?

Ekspertlər prezidentin sözlərinə müxtəlif yöndən yanaşırlar

Prezident İlham Əliyev yeni açıqlama verib, balanslaşdırılmış xarici siyasətdən imtina barədə bəyanatını izah etməlidir və xarici siyasətdə hansı tərəfdən, Rusiya yoxsa Qərbdən imtina etdiyini bildirməlidir.

Bunu Meydan TV-ə Müsavat Partiyasının Divan üzvü Elman Fəttah prezident İlham Əliyevin Real TV-ə müsahibəsində balanslaşdırılmış xarici siyasətdən imtina ilə bağlı bəyanatını şərh edərkən deyib.

Dövlət başçısı müsahibəsində deyib ki, bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır, amma bu, belə deyil.

“Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq”, – İlham Əliyev deyib.

 

Balanslı xarici siyasətdən imtinanı müsbətə yoza bilməyəcəm

 

Elman Fəttah xatırladıb ki, SSRİ dağılandan sonra balanslı xarici siyasət postsovet ölkələrinin məcburi layihəsi idi.

“Çünki müstəqil dövlət olduqlarından Qərblə inteqrasiya xətti götürməliydilər, bu, normal idi. Digər tərəfdən isə Kremlin təsirləri hələ də qalır, postsovet nomenklaturası bütün keçmiş sovet respublikalarında hakimiyyətdədirlər və Rusiyayönümlü siyasət də qaçınılmazdır”.

O hesab edir ki, bu baxımdan Cənubi Qafqazda Gürcüstanın Şevardnadze, Azərbaycanın Heydər Əliyev, Ukraynanın Kuçma dövrü balanslı xarici siyasətdən ibarət idi.

“Yəni bu siyasəti Heydər Əliyev icad etməmişdi. Sonradan Azərbaycanda balanslı xarici siyasəti zorla qoruyub saxlama siyasəti yeridildi, Gürcüstanda Qərbə inteqrasiya sürətləndi, eyni proses Ukraynada 2004-2005-ci illərdə “narıncı inqilab”la sürətləndi. Daha sonra proses hətta Orta Asiyaya sıçradı, Qırğızıstan bu yola qədəm qoydu, yəni “balanslı xarıcı siyasət” adı altında yumşaq avtoritarizm siyasəti”.

 

Elman Fəttah
Elman Fəttah

E.Fəttah qeyd edib ki, Azərbaycanda uzun illər heç nə baş vermədi, “balanslı xarici siyasət”in təzahürü olan yumşaq avtoritarizm təxminən 2010-cu ilə qədər davam etdi.

“Ondan sonra sərtləşmiş, 2013-cü ildən möhkəmləndirilmiş avtoritarizm siyasətinə keçdilər. Hazırda İlham Əliyevin balanslı xarici siyasətdən imtina etməsini müsbətə yoza bilməyəcəm.

Bu, o demək olacaq ki, gərək Qərblə inteqrasiyanı tamamilə kənara qoyub birmənalı şəkildə Rusiyayönümlü siyasət yeritmiş olsun. Türkmənistan, müəyyən mənada Özbəkistan kimi”.

 

Rəsmi Bakı bir əldə iki qarpız tutmağa çalışır

 

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, kiçik dövlətlərin apardıqları xarici siyasət onların istəklərindən daha çox geosiyasi vəziyyətlə şərtlənir.

“Keçmiş xarici işlər naziri Tofiq Qasımov deyirdi ki, böyük dövlətlərlə dost olmaq yaxşıdır, amma onlardan nə qədər uzaq olsan, bir o qədər yaxşıdır. Azərbaycanın İran və Rusiya kimi qonşuları kifayət qədər ciddi problemlidir. Çünki ən azından hər iki dövlət Qərbin sanksiyaları altındadır. Bu amil Azərbaycanın xarici siyasətinə çox ciddi təsir edir”.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev bunu tarazlaşdırılmış, yaxud milli maraqlara əsaslandırılmış siyasət adlandırırsa, bunun əhəmiyyəti yoxdur. İcmalçı deyib ki, gerçəklik ondan ibarətdir ki, Azərbaycan kifayət qədər aqressiv olan iki qonşu ilə normal, işgüzar, hətta bir sıra hallarda dostluq münasisbətləri yaratmağa çalışılır.

“Həm də bu münasibətləri elə səviyyədə saxlamaq lazımdır ki, Qərblə körpülərin yandırılması ilə nəticələnməsin. Sadəcə, bir misal, Ermənistan Suriyaya hərbi kontingentini göndərir və bu, Vaşinqtonla çox ciddi problemlər yaradır. Hətta Ermənistan xarici işlər nazirinin ABŞ-a səfərinin təxirə salınması barədə yerli mətbuat yazır. Çünki Ermənistan bunu Rusiyanın missiyası çərçivəsində edir”.

 

Rauf Mirqədirov
Rauf Mirqədirov

 

Onun sözlərinə görə, Azərbaycan bu kimi təzadlardan qaçmağa çalışır.

“Azərbaycan heç bir qlobal, lokal təhlükəsizlik sisteminin tərkibində deyil. Ona görə də Bakı xarici siyasətdə böyük risklərlə qarşılaşır. Hətta Azərbaycanla Türkiyə arasında hərbi-siyasi müttəfiqlik lazımı səviyyədə deyil. Yəni dövlətlər bir-birinin təhlükəsizliyi üçün ciddi öhdəlik daşımırlar”.

Amma Rauf Mirqədirov düşünmür ki, hakimiyyət balanslaşdırılmış xarici siyasətdən imtina edib. Onun fikrincə, sadəcə, balanslaşdırılmış siyasət prezident Əliyevi bir qədər qıcıqlandıran ifadədir və bir sıra hallarda başqalarının maraqlarını nəzərə almaq kimi başa düşülür.

“Yəqin ona görə deyir ki, balanslaşdırılmış yox, milli maraqlara əsaslanan siyasət yürüdürlər. Amma mahiyyət dəyişmir. Bu da ondan ibarətdir ki, rəsmi Bakı bir əldə iki qarpız tutmağa çalışır. Müəyyən dövrlər üçün bu mümkündür və balanslaşdırılmış siyasət də adlandırıla bilər. Amma nəticə etibarı ilə gec-tez seçim etmək lazımdır. Çox sadəlöhv insanlar inana bilərlər ki, Azərbaycan maraqları 100 faiz tələb edən bütün işləri görür”.

 

Prezidentin bunu milli maraqlarımıza uyğun siyasət adlandırması mahiyyəti dəyişmir

 

ReAL Partiyasının məclis sədri Azər Qasımlı Heydər Əliyevin 1995-ci ildən sonra balanslı xarici siyasət yürütdüyünü xatırladaraq dedi ki, Bakı Moskvanın layihələrində iştirak etmir.

Azər Qasımlı
Azər Qasımlı

“Azərbaycan istər Kollektiv Təhlükəsizlik Təşkilatında, istərsə Avrasiya İttifaqında yer almayıb. Eyni şəkildə NATO-ya, nə də Avropa Birliyinə üzv olmağa can atmır. Bu, balanslaşdırılmış xarici siyasətdir, prezidentin bunu milli maraqlarımıza uyğun siyasət adlandırması mahiyyəti dəyişmir. Əgər jurnalist Mirşahin Ağayev ona sual versəydi ki, Rusiyaya münasibətiniz necədir və ardınca ABŞ-la bağlı eyni sualı səsləndirsəydi, ölkə başçısı tam balanslaşdırılmış siyasətinin konturlarını ortaya qoyacaqdı. Amma bu suallar verilmədi, səbəb aydın idi, tapşırılmamışdı”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button