Prezidentin Ehtiyat Fondu nəyə xidmət edir? – VİDEO

Prezidentin Ehtiyat Fondu

1. Prezidentin Ehtiyat Fondu nədir?

Prezidentin Ehtiyat Fondunun vəsaiti prezidentin sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.  2006-cı ildə yaradılan Fondun büdcəsi və oradan vəsaitin ayrılması “Büdcə sistemi haqqında” Qanunla tənzimlənir. 

2. Bura pul haradan daxil olur?

Prezidentin Ehtiyat Fondu «Avtomobil Yolları» Məqsədli Büdcə Fondu, Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu,  Dövlət büdcəsinin Ehtiyat Fondu kimi büdcədən maliyyələşir. “Büdcə sistemi haqqında” Qanunun 6-cı maddəsinə görə, bu fonda dövlət büdcəsi gəlirlərinin maksimum 2 faizi miqdarında vəsait ayırmaq olar.  Bu rəqəm isə hər il dəyişir. Məsələn, 2015-ci ilin dövlət büdcəsindən bu fonda 382 milyon manat vəsait ayrılmışdısa, 2016-cı ildə bu məbləğ nisbətən azalaraq, 285 milyon manat olub. 

3. Fonddan hansı sahələrə pul xərcləmək olar?

“Büdcə sistemi haqqında” Qanuna görə, Prezidentin Ehtiyat Fondunun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Fonddan ayrılan pullar prezident sərəncamı ilə müəyyən olunan xərclər üçündür. Büdcədən ayrılan vəsaitdən fərqli olaraq fonddan maliyyələşən layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb edərsə, onda  ayrılmış vəsaitdən növbəti büdcə ilində də istifadə edilə bilər. Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə prezidentin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

4. Xərcləmələr hansı hallarda baş verə bilər?

İqtisadçı ekspertlərin fikrincə, xüsusi ehtiyac olmadığı halda bu fonddan pul xərclənməməlidir. Yəni, fondun vəsaitlərinin cari işlərə – şəhərin abadlıq, yenidənqurma işlərinə çox vəsait xərclənməsi fondun ehtiyat xarakteri daşımadığını, cari xərc kimi istifadə olunduğunu göstərir. Fondun maliyyələşməsi “Büdcə sistemi haqqında” Qanunla tənzimlənsə də, onun konkret xərc istiqamətləri üzrə bölüşdürülməsi hansısa sənədlə  tənzimlənmir. Bundan başqa, adıçəkilən qanunda Prezidentin Ehtiyat Fondu üçün ayrılan vəsaitlərin hansı məqsədlər üçün nəzərdə tutulduğu əks etdirilmir.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button