Prezidentin Ehtiyat Fondunda müdhiş yeyintilər!

Bu fondun vəsaitlərinin xərclənməsində şok qeyri-şəffaflıq

 Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanın ictimaiyyət üçün qapalı və qeyri-şəffaf, korrupsiyanın səviyyəsinin yüksək olduğu ölkələr sırasında yer tutması bir növ ənənə halını alıb. Şəffaflıq hesabatlarında ölkəmizdə büdcə xərclərinin qeyri-şəffaflığı ilə yanaşı, həmin vəsaitlərin effektivliyi də ciddi problem kimi qoyulur.

Azərbaycanda 2006-cı ildən etibarən dövlət büdcəsinin bir hissəsi də Prezidentin Ehtiyat Fondu (PEF) vasitəsilə xərclənir. Bu dövrdə Fond vasitəsilə büdcədən təxminən 1 milyard manata qədər (2006-cı ildə 75 milyon manat, 2007-ci ildə 114 milyon, 2008-ci ildə 154 milyon, 2009-da 178,8 milyon, 2010-da 159,4 milyon manat) vəsait xərclənib. 2011-ci ilin ötən dövründə ehtiyat fond vasitəsi ilə xərclənən vəsaitlərin həcmini rəsmi qurumlardan öyrənə bilməsək də, internetdəki axtarış sistemindən istifadə etməklə təxmini rəqəm əldə etmişik. Axtarışlar nəticəsində aydın olub ki, ilin ötən dövründə prezident sərəncamı ilə fonddan müxtəlif istiqamətlərə ayrılan vəsaitlər təxminən 80 milyon manatdan çox edir. Qeyd edək ki, bu ilin büdcəsinə edilən əlavə və dəyişiliklərdən sonra Prezidentin Ehtiyat Fondunun məbləği 210 milyon manat həcmində müəyyənləşdirilib.

 PEF-in vəsaitləri hara xərclənə bilər?

 “Büdcə sistemi haqqında” qanunla PEF vəsaitlərinin maksimum məbləği müəyyənləşsə də (6.3-cü maddə), onun konkret xərc istiqamətləri üzrə bölüşdürülməsi hansısa sənədlə  tənzimlənmir. Məsələn, dövlət başçısının ötən ilin 6 avqustunda imzaladığı sərəncamla Bakı Sağlamlıq Mərkəzinin tikintisi üçün Səhiyyə Nazirliyinə 5 milyon manat ayrılıb. Araşdırmalar göstərir ki, həmin vəsait hələ mərkəzin layihəsinin hazır olmadığı bir zamanda ayrılıb. Bu halda, 5 milyon manat məbləğin haradan götürüldüyü, dövlət başçısına təklif verənlərin bu məbləği nəylə əsaslandırdıqları qətiyyən aydın deyil.

Qanunda Fondun ümumi həcminin müəyyənləşdirilməsi mexanizmi də əksini tapmayıb. Bu baxımdan, Fond vəsaitlərinin illik məbləği müəyyənləşdirilərkən hansı ehtiyacların nəzərə alındığı bilinmir. Fondun illik həcminin dövlət büdcə xərclərinin 2 faizindən yuxarı olmaması da qanunvericilikdə əksini tapıb. Digər tərəfdən, ölkədə PEF vəsaitlərinin ayrılması və xərclənməsi prosesini tənzimləyən normativ baza da formalaşdırılmayıb, bu sahədə pərakəndəlik hökm sürməkdədir. Məsələn, 2009-cu ildə Fonddan ayrılan 178,8 milyon manatın cəmi 7,6 milyon manatı ilin birinci yarısında xərclənib. Amma 2010-cu il üçün nəzərdə tutulan 160 milyon manatın 108,02 milyon manatı ilk 6 ayda müxtəlif istiqamətlərə ayrılıb ki, bunun da 71 milyon manatı xərclənib. 2011-ci ildə də 2009-cu ildə yaranan vəziyyət yaranıb. İlin səkkiz ayının geridə qalmasına baxmayaraq, 210 manatın hələ yarısından da azına sərəncam verilib. Maliyyə Nazirliyi bu məsələ ilə bağlı suallara cavab verməməyə üstünlük verir. Nazirlik həmçinin PEF vəsaitlərinin xərclənməsi ilə bağlı hansısa nəzarət tədbirlərinin həyata keçirilib-keçirilməməsini də heç vaxt açıqlamır. İctimai vəsaitlərin xərclənməsi üzərində ali nəzarət orqanı olan Hesablama Palatası isə 4 il ərzində bir dəfə də olsun 800 milyon manata qədər vəsaitin təyinatı üzrə xərclənib-xərclənmədiyi ilə maraqlanmayıb. Bu, qurumun hesabatları ilə tanışlıqdan sonra təsdiqini tapan bir faktdır. Belə nəzarətsizliyin nəticəsidir ki, 2007 və 2009-cu illərdə 8 milyon manat PEF-dən, daha 9 milyon manat isə büdcənin digər xərc maddələrindən vəsait ayrılan, 2010-cu ilin yanvarında istifadəyə verilən Kliniki Uroloji Mərkəzdə yaradılmış Böyrəkköçürmə Mərkəzinin fəaliyyətə başlayıb-başlamayacağı uzun müddət sual altında qalıb.

Qanunvericiliyə əsasən, Fondun vəsaitləri üzərində yeganə sərəncamverici ölkə prezidentidir. Vəsaitlər bilavasitə onun əmr və sərəncamları əsasında və onun müəyyənləşdirdiyi istiqamətlərə xərclənir. 2010-cu ilin 1-ci rübünün yekunlarına dair hökumət müşavirəsində çıxış edərkən dövlət başçısı PEF vəsaitlərindən istifadə ilə bağlı məlumat verib: “…Biz çalışırıq ki, dövlət büdcəsində bütün məsələləri həll edək. Deyə bilərəm ki, əksər hallarda mütləq buna nail oluruq. Ancaq olur ki, il ərzində hansısa məsələ ortalığa çıxır, biz buna operativ reaksiya verməliyik. Belə məqsədlər üçün biz Prezidentin Ehtiyat Fondundan istifadə edirik və bundan sonra da edəcəyik ki, insanları narahat edən əsas problemləri maksimum dərəcədə və qısa müddət ərzində aradan qaldıraq”.

Əlbəttə, sosial obyektlərin tikintisi, təmiri zəruridir. Lakin ayrılan vəsaitlərin xərclənməsinə nəzarətin olmadığı şəraitdə bu sahədə səmərəliliyi təmin etmək də mümkün deyil. Düzdür, PEF-in həcmi hər il dövlət büdcəsi ilə birlikdə Milli Məclisdə təsdiqlənir. Lakin konkret nəzarət mexanizminin olmaması bu vəsaitlərin şəffaf və səmərəli xərclənməsi ilə bağlı təhlükələri artırır.

Bir binanın layihələndirilməsinə iki dəfə vəsait ayrılıb

 “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” dövlət başçısının iki sərəncamı var. Bunlardan  biri 2009-cu ilin 2 sentyabrında, ikincisi isə 2010-cu ilin 17 fevralında imzalanıb. Sərəncamların mətni çox cüzi fərqlərlə demək olar ki, tam eynidir. Məsələn, hər iki sərəncamın məqsədi kimi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi” qeyd olunur. Hər iki sərəncamın 1-ci bəndi tam eynidir, fərqli yalnız illər və ayrılan vəsaitin həcmidir:

1. Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintiyə başlanması üçün Azərbaycan Respublikasının 2009-cu il (ikinci sərəncamda 2010-cu il) dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3 (ikinci sərəncamda 14) milyon manat məbləğində vəsait ayrılsın.

 Dövlət başçısının birinci sərəncamının (02 sentyabr 2009-cu il tarixli) 3-cü bəndində Dövlət Neft Fonduna özünün 2010-cu il büdcəsində haqqında bəhs edilən binaların tikintisi sahəsində işlərin davam etdirilməsi üçün vəsait nəzərdə tutması tapşırılır. Bu halda, Fond bu tapşırığa əməl etmədimi ki, yenidən Prezidentin Ehtiyat Fonduna üz tutuldu? Bununla bağlı sorğuya Fonddan verilən cavab mücərrədliyi ilə diqqət çəkir. Cavabda prezidentin sərəncamında qeyd edilən işlər üçün DNF-nin “qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi” xərc maddəsində “müvafiq məbləğ” nəzərdə tutulduğu, ilin sonunadək Yevlaxda “Neft Fondunun vəsaiti hesabına inşa edilən” 612 məcburi köçkün ailəsi üçün 10 ədəd 5 mərtəbəli binanın açılış mərasiminin keçiriləcəyi qeyd olunur. Beləliklə, aydın olur ki, yalnız Yevlax rayonunda inşa edilən binalar prezident sərəncamlarında qeyd olunan məlumatlara uyğun gəlir. Bu halda hansı səbəbdən 2009-cu ilin sentyabrında da, üstündən 5 ay ötəndən sonra da verilən sərəncamlarda söhbət həmin binaların “layihələndirilməsi və tikintiyə başlanması”ndan gedir?! Qeyd edək ki, noyabr ayında həmin binaların dövlət başçısının iştirakı ilə açılış mərasimi keçirilib. Mərasimdə məlumat verən “Qaçqınkom” sədri Əli Həsənov binaların tikintisinə cari ilin aprelində başlandığını deyib. Belə çıxır ki, birinci dəfə ayrılan 3 milyon manat binaların layihələndirilməsi üçün yetərli olmayıb, əlavə olaraq daha 14 milyon manat ayrılması zərurəti yaranıb. Müqayisə üçün qeyd edək ki, dəyəri yüz milyon manatlarla ölçülən yeni Bakı dəniz limanının xarici şirkət tərəfindən aparılan layihələndirilməsi (PEF-in vəsaiti hesabına olmaqla) və tikintiyə başlanması 5 milyon manata başa gəlib.

Büdcə qanununda PEF-lə bağlı maddə dəyişdirilməlidir

 Tədqiqatlar göstərir ki, büdcə qanununda PEF-lə bağlı hissə məzmunca Rusiyanın müvafiq qanunvericliyi ilə demək olar ki, tam eynidir. Hər iki dövlətin büdcə sistemi haqqında qanununda Prezidentin Ehtiyat Fondu üçün ayrılan vəsaitlərin hansı məqsədlər üçün nəzərdə tutulduğu əks etdirilmir və ya qeyri-dəqiq şəkildə ifadə olunur. Fərq yalnız ondadır ki, Rusiya büdcəsində Prezidentin Ehtiyat Fondu üçün ayrılan vəsaitlərin maksimal həddi büdcənin 1, Azərbaycanda isə 2 faizi həcmində nəzərdə tutulur. Ehtiyat fondlar üzrə hesabatlılıq və şəffaflığın təmin olunması Azərbaycanın büdcə qanununda öz əksini tam şəkildə tapmır. Belə ki, Azərbaycanın büdcəsində nəzərdə tutulan ehtiyat fondlar Beynəlxalq Valyuta Fondunun tövsiyə etdiyi faiz dərəcəsindən və digər bir çox ölkələrin müvafiq büdcə xərclərinin büdcədəki payından əhəmiyyətli dərəcədə çox olmaqla yanaşı, bu xərclərdən istifadə barədə nə parlamentə, nə də mətubata mütəmadi hesabatlar və məlumatlar təqdim olunmur.  Ekspertlər hesab edirlər ki, PEF üçün ayrılan vəsaitlərin xərc istiqamətləri və məqsədləri aydın şəkildə büdcə qanununda əks etdirilməli, Fonddan xərcləmələrin parlament tərəfindən təsdiqlənməsi təmin olunmalı, ehtiyat fondlardan istifadə olunan vəsaitlərlə bağlı parlamentə yalnız illik deyil, həm də aylıq və rüblük hesabatlar, mətbuata isə dolğun məlumatlar verilməlidir. Bu məlumatlarda ayrılan vəsaitlərin xərclənməsi sahəsindəki vəziyyət də əksini tapmalıdır.

 Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin ekspert qrupu

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button