Prezidentliyə ikinci namizədi YAP səlahiyyətlisi “reket” adlandırdı

resizer25.06.2013

Siyavuş Novruzov: “Qovulmuş şəxslər bir yerə toplanıb, nəsə deyiblər”

“Prezidentliyə namizədin razılıq ərizəsi alınır, İlham Əliyev də razılıq verib”

Demokratik Azərbaycan Dünyası Partiyası adından Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov da “Media forum” saytına müsahibəsində bununla bağlı sualları cavablandırıb:

– Demokratik Azərbaycan Dünyası Partiyası Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, deputat Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürüb. Bu qərarı necə qiymətləndirirsiniz?
– Hamı bilir ki, belə bir partiya yoxdur, fəaliyyət göstərmir. Mən belə bir partiya tanımıram. Nə zamansa belə bir partiya olub, sonra bir neçə yerə parçalanıb, bir qrup şəxs təşkilatdan qovulub. İndi həmin qovulmuş şəxslər bir yerə toplanıb, nəsə deyiblər. Tanınmamış partiya tərəfindən bu cür addımın atılması da absurd məsələdir.
İyunun 7-də YAP qurultay keçirdi. Qurultayda seçkili orqanlar formalaşdırıldı. O cümlədən dövlət başçısı, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Mehriban Əliyeva da həmin qurultayda iştirak edib, partiyanın irəli sürdüyü namizədi, qəbul etdiyi qərarları dəstəkləyib. Mehriban Əliyeva həmin qərarları dəstəkləyən insanlardan biri, YAP-ın sədr müavinidir. Bütün bunlardan sonra belə bir addımın atılması ya həmin şəxslərin düşüncəsizliyinin nəticəsidir, ya da onların təxribatıdır. Yaxud da nəsə əldə etmək istəyində olan insanların siyasi savadsızlıqları ucbatından atdıqları yarınmaq əməllərindən biridir. Onların siyasi savadsızlıqları o səviyyədədir ki, bilmədikləri bir məsələ haqda qərar verirlər. Ona görə də buna fikir vermək lazım deyil.
Təbii ki, bəzi partiyalar, ayrı-ayrı şəxslər buna şərhlər verirlər, hakimiyyətdaxili parçalanma kimi qiymətləndirirlər və sair. Hamısı mənasız mülahizələrdir. Hakimiyyət vahiddir və bir yerdədir.

– Demokratik Azərbaycan Dünyası Partiyası məsələsi bir neçə ildir gündəmdən düşmür. Təşkilatı gah hakimiyyətin ikinci partiyası, gah Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəkləmək üçün formalaşdırılan partiya kimi təqdim edirlər. Əslində nə baş verdiyi YAP rəhbərliyinə məlumdurmu?

– Mən yaxşı xatırlayıram, vaxtilə kimlərsə prezident İlham Əliyevin adından bu formada istifadə etməyə çalışırdılar. Bu həmin dövr idi ki, cənab prezident hələ Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunmurdu, sədr müavini seçilməmişdi. Müxtəlif partiyalar onun ətrafında spekulyasiyalarla məşğul olurdular. Biri deyirdi ki, bizim partiyaya İlham Əliyev rəhbərlik edir, sonra gənc islahatçılar dəstəsi yaratdılar. Belə hallar mütəmadi olurdu. Bu da həmin hallardan biridir, onun davamıdır. Daha sonra prezidentə yaxın olan insanların, ailə üzvlərinin adından istifadə etməyə, guya hansısa partiyaya prezidentin ailə üzvlərindən birinin rəhbərlik etməsinə dair şayiələr yaymağa başladılar. Həmin partiya sədrləri öz şəxsi mənafelərini güdməkdən ötrü addan istifadə edir. Belə hallar zaman-zaman olub, bundan sonra da davam edəcək. Onlar öz şəxsi maraqlarını təmin etmək istəyirlər. Bu halların iqtidarla heç bir əlaqəsi yoxdur. İqtidarın bir partiyası var. O da YAP-dır. Hakimiyyəti istəyən bütün insanlar YAP-da birləşib. İkinci partiyaya hansı ehtiyac, zərurət var? Mən bunu başa düşmürəm.

– Yəni kimlərsə partiya yaradıb raketçiliklə məşğul olur?

– Bəli, reket qəzetlər olduğu kimi bu da partiya raketçiliyidir.

– Demokratik Azərbaycan Dünyası Partiyasının hakimiyyətdə olan şəxslərlə əlaqəsi haqqında məlumatınız və ya şübhələriniz varmı?

– Gündəlik siyasətlə məşğul olduğum halda bu partiyanı tanımıramsa, gündəlik fəaliyyəti yoxdursa, hakimiyyətdə hansı dairələrlə, kiminləsə necə əlaqələri ola bilər? Onlar şəxsi maraqlarını təmin etmək üçün özfəaliyyətlə məşğuldurlar.

– 2003-cü ilin prezident seçkisində YAP rəsmi qaydada partiya sədri, o zamankı dövlət başçısı Heydər Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmüşdü. Bununla bağlı YAP-ın qurultayında rəsmi qərar qəbul olunmuşdu, mərhum prezident Heydər Əliyevin sənədləri MSK-ya təqdim edilmişdi. MSK-da namizədliyi qeydə alınmışdı. Namizədliyin irəli sürülmə müddətinin başa çatmasına bir neçə gün qalmış Naxçıvanda yaradılmış təşəbbüs qrupu o zaman YAP-da sədr müavini olan İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. 2013-cü ilin seçkisində də hakimiyyətin oxşar mexanizmlə hərəkət etməsi, YAP-ın rəsmi qərarının olmasına baxmayaraq prezidentliyə YAP sədri, dövlət başçısı İlham Əliyevin deyil, Mehriban Əliyevanın namizəd olması mümkündürmü?

– Xeyr, 2003-ün seçkisi başqa məsələdir. O bizim planlaşdırılmış, planlı şəkildə həyata keçirdiyimiz bir taktika idi.

– Seçkinin hansısa mərhələsində YAP-ın namizədinin dəyişməsi mümkündürmü?

– Xeyr, qəti şəkildə deyirəm ki, belə bir məsələ yoxdur. Biz bundan ötrü qurultay keçirmişik və qurultay konkret qərar qəbul edib.

– Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış edən zaman namizədliyinin irəli sürülməsi ilə bağlı məsələyə toxundumu?

– Təbii ki, toxundu. Qanunvericilikdə prezidentliyə namizədin razılıq ərizəsi anlayışı var. Namizədin razılıq ərizəsi alınır. Namizədin razılığı olmasa, onu necə namizəd kimi irəli sürmək olar? Prezident İlham Əliyev də namizədliyinin irəli sürülməsinə razılıq verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button