Primakov Putini niyə işdən çıxarmaq istəyib?-Yeltsinin qızı xatırlayır…

Əziz Rzazadə

Strateq.az

 

Oktyabrın 29-da Moskvada Yevgeni Primakova abidə ucaldılıb. Bakıda isə rus siyasətçisinin 90 illik yubileyi ilə əlaqədar sərgi keçirilir.

Abidənin açılışında Vladimir Putin də iştirak edib. Üstəlik Rusiya prezidentinin məiyyəti: xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin (SRU) rəhbəri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Moskva bələdiyyəsinin başçısı Sergey Sobyanin… hətta “USM Holdings”-in sahibi Əlişir Usmanov.

Primakovun 90 illiyi ilə bağlı abidənin müəllifini də tanımanız yaxşı olar – Georgi Franqulyan.

Sosial şəbəkədəki rus dostlarım bu hadisə ilə bağlı cürbəcür paylaşımlar edib. Amma biri diqqətimi xüsusi cəlb etdi. Birnəfəsə oxudum. Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin qızı Tatyana Yumaşevanın hələ 2010-cu ildə “Livejournal”-dakı bloq yazısı idi…

Haşiyə: Bir zamanlar bu qadının əlini öpməyinin vəzifəyə təyinatı və hakimiyyətdə yüksəlişi ağlabatmazdı…

Yevgeni Primakovun abidəsi önünə gül dəstəsi qoyan Putinin Primakovla münasibətlərinə dair Tatyana Yumaşevanın qeydlərini oxumağa dəyər. “Kremlin gəlini” olmuş Yeltsinin ərköyün qızına aid xatirələri sizinlə bölüşməyi lazım bildim:

***

“Başqa bir əhvalat danışmaq istərdim.

Belə oldu ki, yaxın vaxtlarda Duma tərəfindən təsdiqlənən baş nazir Yevgeni Maksimoviç Primakov FSB (Federal Təhlükəsizlik Xidməti – Ə.R.) direktoru Vladimir Vladimiroviç Putini heç bəyənmədi.

Münaqişə qəribə bir əhvalatla başladı. Y.Primakov FSB direktoru V.Putini Ağ Evə çağırdı. Mövcud məqam, bəzi problemlər haqqında, qısası, baş nazir və FSB direktorunun danışacaqları məsələlər barədə kəlmə kəsdilər.

Sonda Yevgeni Maksimoviç gözlənilmədən “Yabloko” lideri Qriqori Yavlinskinin telefon danışıqlarının dinlənilməsini istədi. Vladimir Vladimiroviç çox təəccübləndi və bunun qəbuledilməz olduğunu söylədi. Yavlinski – Dumadakı böyük deputat fraksiyasının lideri, siyasətçidir. FSB-ni siyasi izləməyə cəlb etmək yanlış, zərərli və ən əsası, qanunsuzdur. Bunu ondan kimin xahiş edəcəyindən asılı olmayaraq, istər baş nazir və ya prezident olsun, o bunu etməyəcək. Əgər kimsə mövqeyini yolverilməz hesab edirsə, istefa verməyə hazırdır.

Bu söhbətdən sonra V.Putin administrasiya rəhbəri V.Yumaşevin yanına gedib və əhvalatı ona danışıb. Sonra isə, Prezidentlə növbəti görüşdə Atama (Boris Yeltsin – Ə.R.) mövqeyini bildirib, təkrar edib ki, Yavlinskinin dinlənilməsini yolverilməz sayır.

Atam qulaq asdı, əsəbiləşdi, Putinin haqlı olduğunu söylədi. Əhvalat da bununla unudulmuş kimi göründü.

Ancaq Yevgeni Maksimoviç sakitləşmədi. Bir neçə aydan sonra o, Atamın qəbulunda Putinin FSB direktoru vəzifəsindən kənarlaşdırması məsələsini kəskin şəkildə qaldırdı. Səbəb: FSB-də peşəkar kadrların pərən-pərən edilməsi idi. Ən yaxşı təhlükəsizlik işçiləri işdən azad edilir və onların yerinə bütün aparıcı vəzifələri tutan adamlar dəvət olunur.

Atam qulaq asdı, Putinin necə işlədiyini bəyəndiyini söylədi, “bu ona aid məsələdir və özü də işləri sahmana salacaq”.

Sonra Putini yanına çağırdı, ondan izahat aldı. Aydın oldu ki, baş nazirin təsvir etdiyi mənzərə reallığa o qədər də uyğun deyil. Müavinlərin çoxu, əvvəllər işlədiyi kimi, indi də işini davam etdirir.

Tezliklə Y.Primakovun özü də buna əmin oldu. Vladimir Vladimiroviç baş nazirdən FSB rəhbərliyi ilə görüşməsini xahiş etdi və bu görüşdə müavinlərin əksəriyyətinin hələ də Yevgeni Maksimoviçin çox yaxşı tanıdığı adamlar olduğu aydınlaşdı.

Bu əhvalatda nəzərə almalı mətləb var. Prezident tez-tez Primakovun dəlilləri ilə razılaşırdı, o cümlədən kadr məsələlərində. Məsələn, Yevgeni Maksimoviç iqtisadi bloka cavabdeh olan Y.Maslyukovu baş nazirin birinci müavini vəzifəsinə təyin edilməsini təklif etdikdə, Atam bu təklifdən xoşlanmadı. Maslyukov “Kommunist” fraksiyasının üzvü idi və Atam üçün bu blokun kommunistlərə verməsi yolverilməz idi. Lakin Primakovun israrlı mövqeyi ilə razılaşdı və Maslyukov baş nazirin birinci müavini təyin edildi. Bundan əlavə, Y.Primakov, Mərkəzi Bankın sədri S.Dubininin vəzifədən çıxarılması və onun yerinə V.Geraşşenkonun təyin olunmasını təklif etdikdə də, Atam baş nazirin xahişi ilə razılaşdı. Yəni həmin vaxt prezident tez-tez kadr məsələlərində baş nazirlə görüşürdü.

Yevgeni Maksimoviçin özü xüsusi xidmət orqanlarından olduğu üçün Atam məlum məsələdə ona dəstək verə bilərdi. Əgər Y.Primakovun FSB direktoru vəzifəsinə dair təklifi ilə razılaşsaydı, Vladimir Vladimiroviçin taleyi və karyerası başqa cür olardı.

Daha bir maraqlı məqam. V.Putin prezident olanda, bu epizodu Y.Primakova xatırlatmadı. Yevgeni Maksimoviç Dumadakı fraksiyaya rəhbərlik etdi, sonra da Rusiya Ticarət və Sənaye Palatasının rəhbəri oldu. Həmişə də İkinci Prezidentin dəstəyindən faydalanırdı.

V.Putinin “Birinci şəxsdən” kitabı nəşr olunduqda, onu oxudum və bir az kədərləndim ki, Vladimir Vladimiroviç Q.Yavlinskinin dinlənilməsindən imtinası ilə bağlı vacib epizod barədə söz açmayıb. Məncə, bu həm də ona görə vacib idi ki, V.Putini gələcək seçkilərdə dəstəkləmək istədiyindən Atam seçimini artıq etmiş, məhz V.Putinə prezidentliyə namizəd kimi üstünlük vermişdi. Hətta Vladimir Vladimiroviçdən niyə bu barədə yazmadığını soruşdum. Buna cavab olaraq belə şeyləri yazmağı özünə sığışdırmadığını bildirdi.

Mən də bu barədə heç vaxt danışmazdım. 90-cı illərdə baş verənləri nəql etdiyim “LJ”-dəki bloqum olmasaydı…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button