Primakovun yubileyini keçirən rektor işdən çıxarıldı

Ramiz Mehdiyevin növbəti kadrı “sıradan çıxarıldı”.

Prezidentin müvafiq sərəncamı ilə Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan bir qədər əvvəl, YAP-ın sonuncu qurultayında “vurulanlardan” biri də Nurlana Əliyeva olub. YAP Qadınlar Şurasının sədri olan Nurlana Əliyeva nəinki partiyadakı vəzifəsini itirib, hətta bütün seçkili orqanlardan da kənarda qalıb. Aldığımız məlumatlara görə, hələ bir müddət əvvəl Nurlana Əliyeva YAP-dan əvvəl hakimiyyət kluarlarında “arzuolunmaz şəxs”ə çevrilib. Rəhbərlik etdiyi Bakı Slavyan Universitetində hər hansı ciddi dəyişikliyə imza atmaması, bu qocaman təhsil ocağının adı ətrafında dolaşan şübhəli söz-söhbəti aradan qaldıra bilməməsi rektor xanımın “qara siyahı”ya düşməsinə səbəb olub. Buna rəğmən, onun BSU-dakı postunu qoruması sırf partiyadakı mövqeyilə bağlı olub.

Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, Nurlana Əliyeva ilə bağlı narazılığın tarixi 2019-cu ilin oktyabrına qədər uazanır. Belə ki, 2019-cu ilin oktyabrında BSU tələbələri arasında Sovet və Rusiyanın tanınmış dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi münasibətilə esse müsabiqəsinin keçirilməsi rektor xanımın “vurulması” üçün zəmin hazırlayıb. 1990-cı il yanvar ayının 20-də sovet qoşunlarının Azərbaycan paytaxtına soxulmasında və qanlı hadisələrin törədilməsində xüsusi rolu olan Primakovun Azərbaycanda görkəmli dövlət xadimi kimi anılması səs-küysüz ötüşməmişdi. O vaxt yerli mətbuat və sosial şəbəkə iştirakçıları Nurlana Əliyevanı Azərbaycanın milli maraqlarına xəyanət etməkdə suçlayaraq, onun cəzalandırılmasını tələb etsələr də, siyasi hakimiyyət bu çağırışları qulaqardına vurmuşdu. YAP-ın sonuncu qurultayı rektor xanım üçün nəzərdə tutulmuş güzəşt limitinin başa çatdığını göstərdi. Bu isə o deməkdir ki, yaxın vaxtlarada BSU-nun “sükanı” arxasında yeni simanı görəcəyik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button