Priqojinin üsyanı günü Putin Sankt-Peterburqda dostunun yaxtasında olub

Rusiya prezidenti Vladimir Putin iyunun 24-ü axşam – “Vaqner” üsyanı günü Sankt-Peterburqda məzunların “Qırmızı yelkənlər” festivalında olduğu iddia edilir.

Belə bir məlumatı jurnalist Mixail Zıqar “The New York Times”da dərc olunan köşə yazısında qeyd edib.

Yazıda iddia olunduğuna görə, Putin bayram zamanı biznesmen dostu Yuri Kovalçukun Neva sularındakı yaxtasında olub.

Yazıda vurğulanır ki, Putin “Qırmızı yelkənlər” günündə baş tutan şəxsi məclisləri heç vaxt qaçırmır. O da vurğulanır ki, Putinin də iştirak etdiyi bayram tədbiri “Vaqner” rəhbəri Yevgeni Priqojinin öz muzdluları ilə Moskvaya doğru silahlı yürüşü dayandırdığını bəyan etdikdən sonra başlayıb.

Halbuki Putin Sankt-Peterburqa bu silahlı yürüş bitməmişdən əvvəl gəlməli idi. Jurnalistin yazdığına görə, onun mənbələri Putinin Sankt-Peterburqa səfərini “prezidentin reallıqdan uzaq olduğuna dair ən bariz sübut” hesab edirlər.

Yazıda vurğulanır ki, iğtişaş günü Moskvada məzun günü də daxil olmaqla bütün kütləvi tədbirlərin ləğv edilməsinə və antiterror əməliyyatı rejimi elan edilməsinə baxmayaraq Sankt-Peterburqda sözügedən festival plan üzrə keçib.

Kremlin sözçüsü Dmitri Peskov həmin gün Putinin Moskvanı tərk edərək “Qırmızı yelkənlər”ə getdiyini təkzib edib. Amma jurnalist bildirir ki, əvvəlki illərdə də Kreml Putinin bu festivalda iştirakını nə təsdiq, nə də təkzib edib.

Zıqarın sözlərinə görə, Putin üsyanın siyasi vəziyyəti heç bir şəkildə dəyişmədiyi qənaətində olsa da onun həmsöhbətlərinin çoxu hesab edir ki, Rusiya prezidentinin idarəetmə sistemi təhlükə altındadır.

İyunun 24-də bir sıra KİV-lər Vladimir Putinin istifadə etdiyi “Rossiya” uçuş dəstəsinin iki təyyarəsinin Moskvadan Tver istiqamətinə doğru havaya qalxdığını və bir qədər sonra transponderləri söndürdüyünü yazıb.

Ehtimal olunur ki, həmin təyyarələr ya Putinin Valdaydakı iqamətgahının yaxınlığındakı Xotilovo aerodromuna, ya da Sankt-Peterburqa uçub.

O da qeyd olunur ki, Priqojin üsyanı başa çatdıqdan sonra həmin təyyarələr Moskvaya dönüb. Amma yayılan məlumatlarda Putinin həmin təyyarələrdən hansındasa olmasına dair heç bir sübut olmadığı bildirilir.

“Vaqner” PMC-nin Moskvaya doğru silahlı yürüşü bu iş üzrə açılan cinayət işinin bağlanması və Yevgeni Priqojin Belarusa getməsi ilə bağlı razılaşmalarla başa çatıb.

Amma bu silahlı üsyanla bağlı bir çox təfərrüatlar hələ də aydın deyil. Priqojin isə iddia edir ki, belə bir addım atmaqda onun məqsədi Putini devirmək olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button