“Problem Əli Həsənovda yox, YAP-ın eybəcər idarəçiliyindədir”

“YAP-ın daxilində çox kiçik qrup və onların ailə üzvləri qanunlardan üstdədir”.

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində son proseslər fonunda hakimiyyət daxilində mövcud olan ciddi təbəqələşmənin kəskin surətdə qabardığını göstərən geniş yazı paylaşıb. Xural.com partiya sədrinin statusunu təqdim edir:

“Əli Həsənovun nəvəsi Nail Allahvediyevin törətdiyi cinayət mətbuatda 2-ci plana keçir. Hadisənin harınlıqdan baş verməsi şəksizdir. Hadisə ilə bağlı maraqlı mövqelər oldu. Ən qabarıq sual isə “Valideyn və ailə üzvləri övlad hərəkətinə cavabdehdirmi?” oldu.

Kimin nə cavab verməsindən asılı olmayaraq, son dövrlər baş vermiş olaylara diqqət yetirsək yetərlidir. Cavab o vaqeələrin içindədir.
Dəfələrlə Prezident məmurlara ailə üzvləri ilə bağlı rəsmi şəkildə xəbərdarlıq etmişdi. Hərbi səfərbərlik zabiti Novruzəli Orucovun oğlu Rüstəmin də tərbiyəsizliyi üstündə işdən qovulması buna bariz nümunə idi. Yəni Prezident Əliyevin qərarı sözləri ilə üst-üstə düşmənin təsdiqi idi.

Hakimiyyət bu davranışı müxalifətdə duranlara qarşı da nümayiş etdirir. Müxalifətçilərin ailə üzvlərinin, o cümlədən qadınların kritik məqamlarda polis idarələrinə aparılması, dəfələrlə rast gəlinən praktikadır. Eyni zamanda bir sıra müxalifətçilərin ailə üzvlərinin, Stalin zamanının ruhunda, onlardan imtina etdirilməsi də dövranımızın siyasi işgəncə metodlarındandır. Əlbəttə ki, durduğu yerdə heç bir azərbaycanlı doğmasından imtina etməz.

Bu tərəfini başa düşdük. Hakimiyyət hesab edir ki, bir şəxsin hərəkətinə görə digər ailə üzvləri də məsuliyyət daşıyır. Bu, Çeçenistanda da belədir. Putin Qroznısında müxalif hərəkətdə qeydə alınmış istənilən şəxsin ailə üzvlərinin yaşadığı ev belə yandırılır. Digər təhdidlər də öz yerində. Yeri gəlmişkən deyim ki, müxaliflərin ailə üzvlərinə basqı Kadırov tərəfindən bizdən əvvəl tətbiq edilir. Bu işi Ramzandan biz öyrənmişik.

Bir halda ki, ailə üzvləri hər hansı bir şəxsə görə cəza alırsa, bu qayda hamıya qarşı tətbiq olunmalıdır. Amma nədənsə, burada da ikili standart qeydə alınır. Əli Həsənov hələ də fəaliyyətdədir. Rəsmi saytdan tapmasam da, onun deyilənlərə görə Qaçqınkomda yüksək vəzifə tutan kürəkəni, Nailin atası da yerindədir. Yenə də Komitənin pul dövr edən sahəsində sərəncam vermək hüququnu davam etdirir. Bu yolla Nailin içəridəki xərclərini qarşılamaq üçün “alın təri” tökürlər. Ailə podratı bizim hakimiyyətin xarakterik tərzidir. Lakin belə miqyaslı cinayət törətmiş məmurun cəza almaması məyusluq yaradır.

Hadisədən o nəticə çıxır ki, Azərbaycanda “kasta”nın sərhəddi iqtidar-xalq suayrıcında deyil. Sən demə hakimiyyətin də daxilində subsilklər mövcuddur. Belə olmasa idi, Novruzəli müəllim işdən qovulmazdı. Deməli, YAP-ın daxilində çox kiçik qrup və onların ailə üzvləri qanunlardan üstdədir. Yerdə qalan elə bizim tayımız, adi vətəndaşlardır. Bu da bir təskinlikdir. Sağ olsun bu qradasiyanı aparanlara.

Mən heç vaxt fərdi tənqid yolu tutmamışam. Heç indi də yazdıqlarım Əli Həsənova aid deyil. Demək istədiklərim YAP-ın eybəcər idarəçiliyidir. Ölkənin varidatını talayaraq, oğurluq yolu ilə varlanaraq, haqsız şəkildə millətə həqarət nümayiş etdirən bu yad təbəqəni 24 illik əski kommunist iqtidarı yetişdirib. Bu zümrə müstəqil olmanın, mübarizliyin, düşmənə nifrətin heyfini alır bizlərdən. Ötən əsrdə etdiklərimizin bədəlini ödətdirirlər bizə. Olsun, eyib etməz.

Bilin, bu millət bir də toparlanacaq. 1992-93-də buraxılan səhvlərdən nəticə çıxarılacaq. Bunu edəcək şəxslər də əvvəlkilərdən fərqli adamlar olacaq – hər mənada fərqli. Bu gün törədilənlərə görə birər-birər qanun qarşısında cavab verəcək, millətin borcunu qaytaracaqsınız”.

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Bu hakimiyyətə barmaq silkəyənlər gərək yuxudan nəhayət ki oyansınlar və qansınlar ki:

    – İstək ayrı şeydir, reallıq ayrı!…

    Hələki Azərbaycanda bu hakimiyyəti əvəzləyən qüvvə nə arenada, nə də potensialda yoxdur!…

    Hakimiyyət partlasa da hələki içəridən partlaya bilər ki, bunun kimə hansı faydası və ziyanı ola bilər – bu çox böyük sual altındadır!…

    Siyasi arenada mövcud boşluğun ən böyük günahkarı məhz elə Əli Əliyev kimi AXC şinelindən çıxan və siyasətdə naşı olaraq bu vaxtacan naşı qalan AXC qırıntılarıdır…

    Bəli, bu rejimi bu minvalla kanardan yalnız bir qüvvə əvəz edə bilərdi ki, o da radikal islamçılardır ki, bunların gəlməsindənsə Əliyev-Paşayev rejimin hakimiyyətdə qalması min dəfə məqbuldur…

    Müxtəsər, siyasətdən dəm vuran insanların bir qayda olaraq ya siyasi savadı, biliyi yoxdur və elə boş-boşuna qırıldadır, ya da hünəri, cəsarəti yoxdur ki, bir ağıllı addım atsın…

    Mən bu Azərbaycanda həmişə birləşdirici mövqedən çıxış etmişəm və 1995-ci ildə yeddi il fasilədən sonra siyasətə qayıdanda boyük siyasi proyektlə qayıtdım, məhz həmin proyektin əsasında sonra Demkonqress da yaradıldı, SİDSUH da, DUH da… Lakin bunları yaradanların niyyəti mənim niyyətimdən 180 dərəcə fərqli olduğundan sonda müxalifət öz daxilində aparılan dağıdıcı iş nəticəsində pərəm-pərəm oldu…

    Bu gün mən yenidən çox vacib və həll edici siyasi proyektə başlamışam – FB-də “Mən prezident olmağa ən layiqlisiyəm!” qrupu yaratmışam, məramını bəyan etmişəm… Lakin müəyyən olur ki, bir qayda olaraq heç kəs qabağa çıxıb iddiasını ortalığa qoymaq istəmir…

    Məlum olur ki, 1988-ci ildən bəri siyasətə baş vuranlar yalnız bir şey öyrəniblər: “İstefa!” qışqırmaq və tənqid etmək… Yəni bunlar siyasəti boş-boş qırıldamaq kimi başa düşürlər…

    İstər heyvərə siyasətbazları, istər müxalif təfəkkürlü insanlar heç cür başa düşmürlər və başa düşmək istəmirlər ki, siyasət büsbütün başqa bir şeydir, və siyasətçi obıvatellərin, avaraların elədiyini etməməlidir, siyasi hakimiyyətə gəlmək üçün siyasi zəmin yaratmalıdır, bunun üçün isə qışqır-bağır, boş-boş tənqid yox, əməli, planlı, sistemli və ən əsas -mütəmadi – iş görmək lazımdır…

    Lakin heç kəs iş görmək istəmir – KQB-nin ssenarisi və idarəçiliyi ilə yaranan və onun idarəçiliyi ilə fəaliyyət göstərən meydan hərəkatındə bambılı kimi, marionetka kimi etdikləri qaragüruhçuluğu bunlar “siyasətin”, “siyasi mübarizənin” nümunəsi və ən parlaq nümunəsi kimi qəbul edirlər… Və bütün varlıqları ilə buna can atırlar… Gülüncdür! Çox gülüncdür!…

    Nə deyəsən?!… Quyuya su tökməklə quyu dolmur!…

    Siyasi savad, bilik, bacarıq və ağıllı fədakarlıq, mənalı cəsarətlik olmayan yerdə yaxşı heç nə gözləməyə dəyməz!…

    Bu cür kütləylə Əliyev-Paşayev hakimiyyətinə də min şükür!… Bundan da pis vəziyyətə düşə bilərdik və bu təhlükə hələ də olduğu kimi qalır!…

    Oqtay Ataxan

    23.08.2017. 01:37

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button