Prokuror jurnalistə 8 il 3 ay həbs cəzası istədi

Yayımlandı: 29 Fevral 2024 18:39

Vəkil deyib ki, müvəkkilinə bəraət verilməlidir

Xaçmazda yaşayan və əsasən Şimal bölgəsində baş verən hadisələrlə bağlı materiallar hazırlayan, hazırda isə həbsdə olan jurnalist Cəmil Məmmədlinin məhkəməsi başa çatmaq üzrədir.

Cəmil Məmmədli Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Fevralın 29-da keçirilən prosesdə hakim Fəhmin Hümbətov məhkəmə istintaqının yekunlaşdığını elan edib. Bundan sonra çıxışlar mərhələsi başlayıb.

Prokuror çıxış edərək, Cəmil Məmmədlinin 8 il 3 ay azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra jurnalistin vəkili Fariz Namazlı çıxış edib. Vəkil bildirib ki, Cəmil Məmmədliyə qarşı irəli sürülən dələduzluq, xuliqanlıq, hədə-qorxu ilə tələb etmə kimi ittihamların heç bir əsası yoxdur. Məhkəmə istintaqı boyunca ittihamları təsdiqləyən heç bir mötəbər sübut-dəlil ortaya qoyulmayıb.

Müdafiəçi vurğulayıb ki, zərərçəkmiş qismində tanınan şəxslərdən 2 nəfər Cəmil Məmmədliyə qarşı şikayət və tələblərinin olmadığını bildiriblər. Onlar ittihamı əsassız hesab etdiklərini, özlərinin istintaqdakı ifadələrinin təhrif olunduğunu da məhkəmədə deyiblər. Daha 2 zərərçəkmiş məhkəməyə barışıq ərizəsi təqdim edib.

Fariz Namazlı çıxışının sonunda müvəkkili haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Jurnalistin işi üzrə məhkəmə prosesi martın 7-də davam edəcək. Cəmil Məmmədlinin məhkəmədə son sözündən sonra hökm elan olunacaq.

Cəmil Məmmədli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə şərlənərək həbs olunduğunu deyir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button