Prokuror Nemət Pənahlıya 7 Il 6 ay həbs istədi

İyunun 1-də Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu  Ceyhun Fərzullayevin işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə təqsirləndirilənlər –  Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu  Ceyhun Fərzullayev, N.Pənahlının vəkili Samir İsayev və C.Fərzullayevin vəkili Elçin Əliyev, eləcə də dövlət ittihamçısı Əsədulla Ramazanov iştirak edirdilər.

Proses ilk olaraq, N.Pənahlının ifadə verməsi ilə başlayıb. N.Pənahlı qanuni məhkəmə gözləmədiyini, dövlət başçısının sifarişinə əsasən həbs edildiyini dedi və həbsinin onun yenidən siyasi fəaliyyətə başlaması ilə sıx əlaqəli olduğunu bildirdi. O, həmçinin hakim E.Əhmədova müraciət edərək, tanışı C.Fərzullayevin onun siyasi mübarizəsinə, eləcə də ona qarşı irəli sürülən ittihamlara aidiyyatının olmadığına görə, azad edilməsini  xahiş etdi.

Sonra isə C.Fərzullayev dövlət ittihamçısının suallarına cavab verərək istintaq zamanı təzyiqə məruz qaldığını və ondan N.Pənahlının əlehinə ifadə almaq istədiklərini bildirdi: “Mənə dedilər ki, Nemətin Eldəniz Rzayevi necə döydüyünü yaz, səni buradan buraxaq”.

Hakim E.Əhmədov istintaqın başa çatması barədə məhkəmə iştirakçılarını məlumatlandırdı və bundan sonra dövlət ittihamçısı Ə.Ramazanov çıxış etdi. O,  N.Pənahlının 7 il 6 ay,  C.Fərzullayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həbs müddətinin saxlanıldıqları vaxtdan hesablanmasını hakimdən xahiş etdi.

Müdafiə tərəfin vəkilləri öz növbələrində çıxış edərək, məhkəmə iclas protokollarında edilən qeydlərlə ətraflı tanış olmaq, həmçinin çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istədilər. Hakim E.Əhmədov prosesi  7 iyun saat 14.30-a qədər təxirə saldı.

Xatırladaq ki,  yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev  ilə birlikdə vətəndaş Eldəniz Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Pənahlı və Fərzullayev  Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı avtomobil olub. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun və dostunun həbsi “p.s.Nota” qəzetində və ümumiyyətlə mətbuatda hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button