Prokuror “Nikosayağı”nın 6 il azadlıqdan məhrum edilməsini istədi

Yayımlandı: 29 Fevral 2024 11:52

Növbəti məhkəmə iclasında vəkil çıxış edəcək, hökm oxunacaq

Sosial şəbəkələrdə “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirliyə prokuror 6 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Sərxoş vəziyyətdə avtomobil idarə edib, dostunun ölümünə səbəb olan avtoqəza törətməkdə ittiham olunan blogerin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Fevralın 29-da hakim Samir Əliyevin sədrliyilə bu iş üzrə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Daha sonra məhkəmə prosesində çıxışlar mərhələsi başlayıb.

Öncə çıxış edən prokuror Nicat Şakirlinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il azadlıqdan məhrum edilməsini və hökmdə onun məhkəmə zalında həbs olunmasını istəyib.

Nicat Şakirli. Foto: Meydan TV

Prokurordan sonra çıxış üçün blogerin vəkilinə söz verilsə də, o, çıxışa hazır olmadığını bildirib və vaxt istəyib.

Növbəti məhkəmə iclasında vəkil çıxış edəcək, ardınca bloger özü son sözünü deyəcək və bundan sonra hökm oxunacaq.

Hadisə 2023-cü il avqustun 15-də gecə saatlarında baş verib. İttihama görə, hadisə zamanı Nicat Şakirli sərxoş olub, “Porsche” markalı avtomobili yüksək sürətlə idarə edib. Nəticədə onun idarə etdiyi avtomobil yük maşınına çırpılıb.

Qəza zamanı Nicat Şakirlinin yanında olan dostu Ruslan Məmmədov hadisə yerində həyatını itirib, özü isə ağır xəsarət alıb. Bloger xəstəxanaya çatdırılıb, lakin onun qolu amputasiya olunub.

29 yaşlı Nicat Şakirli məhkəmədə ifadə verərkən bildirib ki, qəzaya görə özünü günahkar bilir. Lakin hadisə vaxtı spirtli içkinin təsiri altında olmadığını deyir.

Bloger hadisə barədə bunları danışıb:

“Nərimanov”da oturub domino oynayırdıq. Bir az sonra sıxıldıq, durduq maşınla gəzməyə. Evə gedib paltarımı dəyişmək istəyirdim. Ruslan dedi ki, pulqabım öz maşınımda qalıb, məni qaytar, götürüm. Hadisədən 1-2 saat əvvələ qədər hər şeyi xatırlayıram. Amma sonradan nə olduğunu videoya baxıb bilmişəm. İçkili olmamışam. Mən içmək istəsəydim belə, Ruslan qoymazdı. Mən bir gün əvvəl içmişdim. Mənə qaranlıqdır ki, məndən necə nümunə götürülüb, onu da bilmirəm. Bunları danışmaq çox ağırdır. Çünki qardaş kimi əziz olan bir adamı itirmişəm. O, ailəmizin bir üzvü idi. Günahkaram…”.

Nicat Şakirli əlavə edib ki, 2015-ci ildə də travma alıb, bununla əlaqədar da yaddaşında problem var.

“Nikosayağı” Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozma – ölümə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Nicat Şakirli həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Qəza nəticəsində ölən 1996-cı il təvəllüdlü Ruslan Məmmədov Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun oğludur. Zərərçəkmiş tərəf blogerdən şikayətçi olmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button