Prokurorluq Əvəz Zeynallıya qarşı yeni ittihamların nədən ibarət olduğunu açıqladı

Yayımlandı: 22 Sentyabr 2022 12:47

“Xural TV”nin rəhbəri digər şəxslərlə əlbir olmaqda təqsirləndirilir

Baş Prokurorluq “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallıya yeni ittiham verilməsini təsdiqləyib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Əvəz Zeynallı bu dəfə “Səda TV” internet kanalının həbsdə olan rəhbəri Elnur Şükürovla əlbirlikdə ittiham olunur.

Elnur Şükürov Əvəz Zeynallıdan üç gün sonra – sentyabrın 13-də həbs olunub. O, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 hektar torpaq sahəsi və 168 kvadrat metr tikilini özəlləşdirməyə lazım olan icazə sənədini almaq üçün “Səda TV” kanalı vasitəsilə icra hakimiyyətinin həmin sənədi verən əməkdaşına qanunsuz təsir göstərməkdə ittiham olunur. İddia olunur ki, bundan ötrü o, daşınmaz əmlakın alqı-satqısında vasitəçi olan (makler) Salman Nəsrullayevdən 50 min manat pul alıb.

“İstintaqla Elnur Şükürovun bu əməli Əvəz Zeynalovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə əsaslı şübhələr müəyyən edilib”, – prokurorluğun məlumatında bildirilir.

Əvəz Zeynallı başqa bir məsələdə də Elnur Şükürov və onun Teymur Rəhimov adlı tanışıyla əlbirlikdə təqsirləndirilir. İttihama əsasən, onlar Sumqayıtda boş torpaq sahəsini Nəzakət Cəfərovanın xeyrinə özəlləşdirib, orada mağaza tikilməsi üçün şəhər icra hakimiyyətindən icazə almaq məqsədilə “Xural TV”nin təsir imkanlarından istifadə ediblər. Onlar həmin ərazidə mənzilin təyinatının dəyişdirilib qeyri-yaşayış sahəsinə keçirilməsinə və tikiləcək mağazanın layihəsilə lazım olan sənədləri almağa nail olublar. Bunun müqabilində əmlak sahibindən 11 min manat pul aldıqları iddia olunur.

Prokurorluğun məlumatında deyilir ki, Əvəz Zeynallı həmçinin Sabunçu qəsəbəsində Telman Vəliyevin mağaza tikməsinə icazə almaqdan ötrü Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşına zəng edib. O, tikinti aparmaq istəyən Telman Vəliyevi öz qohumu kimi təqdim edib. Son nəticədə icazə sənədi alınıb.

Telman Vəliyevin də Elnur Şükürovun tanışı olduğu, bundan ötrü ondan 7 min manat pul alınaraq, “Xural TV”nin təsir imkanlarından istifadə edildiyi iddia olunur.

Foto: Azertac

Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilmişdi. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib. Elnur Şükürova da eyni maddə ilə ittiham verilib. Sumqayıt epizodu ilə əlaqədar Teymur Rəhimov da həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində axtarış elan olunub.

Əvəz Zeynallıya sentyabrın 10-da həbs edilərkən verilən rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlı idi. O, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

Əvəz Zeynallının işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button