Prokurorluq: Tikinti ilə bağlı rüşvət alan şəxslər həbs edilib

Yayımlandı: 30 İyun 2022 23:07

İki şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir

Tikinti işlərinin aparılmasına icazə verilməsi məqsədilə rüşvət almış vəzifəli şəxslər həbs edilib.

Bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Bildirilir ki, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Müşviq Vidadi oğlu Qasımovun qanunsuz əməlləri ilə əlaqədar onlara xəbər daxil olub:

“Həmin məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb”.

“Məlum olub ki, Müşviq Qasımov FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Eldar Quliyev və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verib. Bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət alıblar”, – deyə açıqlamada vurğulanır.

Prokurorluq bildirib ki, toplanmış sübutlar əsasında Müşviq Qasımov və Eldar Quliyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaqın davam etdirildiyi bildirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button