Prokurorluqda ev qalmaqalı

İlham Əliyevin imzaladığı inkişaf proqramına əməl edilməməsi prokurorları hərəkətə gətirib

 İlham Əliyevin 2008-2013-ci illər üçün imzaladığı inkişaf proqramında prokurorluq orqanlarında çalışanların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ayrıca bənd var. Bu bənd Respublika Prokurorluğunda qalmaqala səbəb olub. Bu barədə redaksiyamıza məlumat verən prokurorluq işçisi deyir ki, Ilham Əliyevin imzaladığı proqramın sözügedən bəndinə görə 2011-ci ilə kimi prokurorluq orqanlarının mənzil şəraiti ilə bağlı məsələ həllini tapmalıydı: “Bu baxımdan proqram imzalanan kimi prokurorluq işçiləri üçün ev tikmək məqsədilə Zığ qəsəbəsi yaxınlığında torpaq sahəsi yaradıldı. Və tikinti kooperativi yaradıldı. Həmin kooperativin rəhbəri Respublika Prokurorluğunun mətbuat katibi Eldar Sultanov təyin olundu. Hətta prokurorluqda çalışan 60-70 nəfərdən hər kvadratmetrə görə 470 manat pul da yığıldı. 2011-ci il başa çatmaq üzrədir. Lakin hələ binanın təməli belə, qoyulmayıb. Hər dəfə bu məsələ gündəmə gələndə ”bu gün-sabaha” salırlar. Özü də söhbət binanın tikilməsindən yox, təməlin qoyulmasından gedir. Təsəvvür edin, hələ təməlin nə zaman qoyulacağı bəlli deyil”.

Məlumatı verən şəxsin sözlərinə görə, bu vəziyyət prokurorluq orqanlarında ciddi narazılığa səbəb olub. Pul ödəyən şəxslər vəzifələrini itirmək qorxusu ilə üz-üzə qaldıqlarından məsələni ictimailəşdirə bilməsələr də, baş prokuror Zakir Qaralovdan izahat tələb etmək niyyətindədirlər.

Narazılıq təkcə bununla bitmir. Prokurorluq işçiləri hesab edir ki, dövlət proqramı olduğu üçün mənzillər onlara pulla satılmalı deyil. “Lakin bu bir yana, bəs axı pul da verilibsə, niyə bina inşa edilmir. Hesab edirik ki, Zakir müəllim bütün bunlara aydınlıq gətirməlidir”, – deyə bizi bilgiləndirən şəxs vurğulayıb.

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button